Azərbaycanın tarixi çox qədimdir. Tikilən qalalar, salınan şəhərlər, kəndlər və digər yaşayış məskənləri keçmişimizin şahidləridir. Dəfələrlə düşmən tapdağına məruz qalan bu obalar əsrlər keçsə də, öz qüdrətini itirməmişdir. Hətta dağılmış ocaqlarımız belə düşmənlərə gözdağı olmuşdur.
Şimal bölgəsində bu cür onlarca yaşayış məskəni var və onlardan biri də Siyəzən rayonunun Sədan kəndidir. Dağlar arasında üzü dənizə sarı “məskunlaşmış” Sədanın təbiəti, bərəkətli torpaqları, keçmişdən süzülən hər daşı böyük maraq doğurur. İnsanlarının qəlb yumşaqlığı, mehriban çöhrələri, sədaqətli olmaları və əzmkarlıqları adamı valeh edir.
Sədan kəndinin sahəsi 5559 hektardır. Kəndin iqtisadiyyatını, nə qədər qəribə də olsa, neft sənayesi təşkil edir. Bununla belə əhali heyvandarlıq, əkinçilik və meyvə-tərəvəzlə də məşğul olur. Rayon mərkəzindən 8 kilometrlik məsafədə və dəniz səviyyəsindən 800 metr hündürlükdə yerləşən kəndin maraqlı tarixi var. Əhalisi əsasən azsaylı xalqlardan olan tatlardan ibarətdir. Ərəb mənşəli söz olan Sədan tərcümədə “sirr saxlayan”, fars dilində isə “ulduz” mənasını verir. İslamın başlanğıcında kəndin indiki əhalisinin ulu kökü ərəb ellərindən Fransaya köç edir. Onlar Fransada yerləşən kiçik şəhərdə - Sadanda məskunlaşırlar və həmin şəhər indiyəcən durur. Bir əsr burada yaşayandan sonra Azərbaycana pənah gətirirlər. İndiki ərazidə yurd salan əhali yeni obalarının adını da elə Sədan qoyur.
Əsrlər boyu burada yaşayan sədanlılar əkinçilik və maldarlıqla məşğul olurlar. Deyilənə görə, onların mal-qarasının sayı bilinməzmiş. Əkdikləri meyvə-tərəvəzi Xəzər dənizinin şimal hissəsindən keçən karvan yoluna çıxarar, ticarət edərlərmiş. Azərbaycan cümhuriyyət elan edildikdən sonra ətraf ərazilərlə sıx əlaqə yaradan sədanlılar bazara xeyli miqdarda kənd təsərrüfatı məhsulları çıxarırmış. 1919-cu ildə yenicə qurulan dövlətimizdə kənd təsərrüfatını inkişaf etdirmək üçün Sədana 5 min başa yaxın mal-qara göndərilir. Həmin ağır zamanda ermənilər dəfələrlə kəndə hücum etsələr də, hamısı yerli camaat tərəfindən dəf edilir. Sonuncu dəfə kəndə gələn erməniləri əsir götürən sədanlılar onları bir şərtlə geri qaytarır - bir daha bu kəndin həndəvərinə belə yaxınlaşmayacaqlar.
Sədan kənd camaatının əsas gəliri neftdəndir. Burada çoxlu neft quyuları var. İlk dəfə 1938-ci ildə burada qazılan quyular indi də istismardadır. Amma bu o demək deyil ki, Sədan başdan-ayağa mədən ərazisidir. Elə deyil. Kəndin dağlarında nadir bitkilər - meşə çayı, kəklikotu, yemişan, qatırquyruğu və yüzlərlə digər yabanı ot və bitkilər yetişir. Buranın sarı gülü ölkədə adnan deyilir. Ondan müxtəlif dərmanlar hazırlanır.
Kəndin mətbəxi də çox maraqlıdır. Burada plovun onlarca növü var. Xəmir xörəklərinin tamı isə əvəzedilməzdir. Azərbaycanda keçirilən milli kulinariya müsabiqələrində Sədan yeməkləri həmişə qalib olur. Kulinariya kitablarında da kəndin onlarca yeməyinin adı çəkilir.
Kəndin ərazisində tarixi mədəniyyət abidələri bu gün də qorunur. “Dinbağ” qalası, “Qara Dundur” istehkamı, “Qırx qız” qalası kəndin qədim tarixinin daş nümunələridir. “Qırx qız” qalasına baxanda daşlaşan qızları açıq-aydın sezmək mümkündür. Rəvayətə görə, müharibəyə gedən nişanlılarını qırx qız sıra ilə düzülüb gözləyəcəklərinə söz veriblər. Onların heç biri geri qayıtmır. Qırx qız da elə oradaca daşa dönür.
Kəndin tarixi abidələrindən biri də “Daş stəkan”dır. Arxeoloqlar onun yaşının çox qədim olduğunu bildirirlər. Həmçinin kəndin ərazisində yaşı 300 ildən artıq olan palıd ağacı da var. Rəvayətə görə, bir neçə il kəndə yağış yağmır. Camaat susuzluqdan çox əziyyət çəkir. Bir gün əhali canavar sürüsünün kəndə yaxınlaşdığını görür. Hərə öz evinə çəkilir. Canavarlar həmin palıd ağacının yerində dayanır. Bir qədər sonra sürü çəkilib gedir. Səhəri ora yaxınlaşan kəndlilər palıd ağacının pöhrəsini görürlər. Təəccüblənən camaat ağacın yanından su sızdığını görür. Və həmin ağac bu gün də sədanlılar tərəfindən qorunur, ziyarət edilir.
Sədanın gəncləri öz mərdlikləri ilə seçilirlər. 44 günlük Vətən müharibəsi başlayan kimi 11 sədanlı gənc könüllü olaraq cəbhəyə yollanmış, sinəsi medalla geri dönmüşlər. Kənd camaatı arasında hörmət sahibi olan bu gənclər hazırda müxtəlif sahələrdə çalışırlar. Sədanlılar yığışaraq onların bir neçəsinə toy da ediblər.
Sədanın torpağı çox bərəkətlidir. Buranın meyvə-tərəvəzi dadı-tamı, keyfiyyəti ilə seçilir. Kəndə gəzməyə gələn qonağa hərə evindən bir pay verər. Sədanlıların ürək genişliyi onların yaşam tərzinə də təsir edib. Kənddə biri çətinə düşərsə, ağsaqqallar bir yerə yığışar, onun dərdini öyrənərlər. Sonra hamının köməyi ilə problemi həll edirlər.
Sədanlılar kitab oxumağı sevirlər. İnternetin tüğyan etdiyi bir dövrdə kənd camaatı kitaba üstünlük verir. Kənd sakini İsmayıl Muradzadə bizimlə söhbətində bildirdi ki, camaatımız kənd kitabxanasının fəal üzvləridir: “Bəzən istədikləri kitabı almaq üçün rayon mərkəzinə yollanırlar. Burada hərənin evində öz kitabxanası var. Hansı kitabı istəsən, orada tapa bilərsən. Pandemiya dövründə kənd kitabxanasında kitab qalmamışdı”.
Bu gün dağlar qoynunda məskən salan Sədana gələn hər kəs burada müasir həyat şəraiti ilə üzləşir. Kəndin problemləri elə sədanlıların özləri tərəfindən həll edilir. Təkcə onu deyək ki, son on ildə kənddə bir dənə də olsun nikah pozulması halı baş verməyib.
"
Vətənim-Azərbaycandır.az".