“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
“
Vətənim-Azərbaycandır.az” xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyuna təmkinli başladıq. Rəqibin son matçlarda bu sistemdən istifadə etdiyini bilirdik. Bütün komandalar ikinci zonada pressinq tətbiq edir, təhlükəli əks-hücumlar qurur. Biz də təmkinli başlamağa qərar verdik. Daha çox topa nəzarət edərək, rəqibin dinamikasını aşağı salmağa çalışdıq. İkinci hissədə daha açıq və baxımlı futbol getdi. Yaxşı qol imkanlarımız oldu, yararlana bimədik. Fasilədən sonra oynamaq həmişə çətindir. İstər-istəməz oyun ritmindən düşürsən. Bu baxımdan bugünkü oyuna görə çox narahat idim. Rəqibin də aldadıcı görüntüsü var. Bəlkə kimsə düşünə bilər ki, “Səbail”lə qarşılaşırsan, rahat olacaq. Əksinə, çempionatın ən vacib oyunu kimi, ən çətin rəqibə qarşı çıxış edəcəyimiz kimi hazırlaşırdıq. Çox vacib 3 xal qazandıq”.
Sadıqov gürcüstanlı hücumçu Davit Volkovun başqa klublardan təklif almasına da toxunub: “Başlıq kimi gördüm, amma xəbərin içini oxumadım. Hər bir futbolçuya komandaların təklifi, istəyi kimi xəbərlər oxuyuruq. Futbolun içində olan şeylərdir. Bizdə hər hansı məlumat yoxdur, Volkovun özündən də eşitməmişik. Hər bir futbolçumuz kimi, Volkov da bizim üçün dəyərlidir. Əvvəl də düşünürdüm ki, onun üçün ən yaxşı mövqe hücumdur. Hücumçu üçün yaxşı keyfiyyətləri var. Oyundan-oyuna, mövsüm getdikcə ön xətt oyunçusu kimi daha da inkişaf elədi. Artıq nominal hücumçuya çevrilib. Hətta mənə də suallar verilir ki, nominal hücumçun yoxdur, niyə almırsan? Volkova inanırdım, bu gün də etimadımızı doğruldub. Düşünürəm ki, “Zirə”də bundan da yaxşı işlər görə bilər. Yetər ki, bu tempdə, bu istəklə peşəkar şəkildə işinə davam eləsin. Volkov bizdə xoşbəxtdir. Ağıllı-kamallı insandır, bilir ki, oyunu bu komandada nə dərəcədə yaxşı alınır. Hücum xəttində onun keyfiyyətlərindən istifadə edirik. Hər bir futbolçu daha yaxşı, çempionatda oynaya bilər”.
O, 26 yaşlı forvardla yeni müqavilə barədə danışmadıqlarını vurğulayıb: “Bir neçə futbolçunun müqaviləsi mövsümün sonunda bitir. Gedişata baxacağıq, hansısa futbolçu ilə yeni sözləşmə imzalamaq istəsək, qarşılıqlı şəkildə razılıq əldə edilsə, komandada saxlayacağıq. Özüm də bu proseslərin tez olduğunu düşünürəm. Yalnız qarşıdakı oyuna köklənməliyik. Fikrimizi qəti şəkildə bu tip məsələlərlə dağıtmamalıyıq. Hər şeyin öz vaxtı var”.
Sadıqovun sözlərinə görə, komandası bəzi dəqiqələrdə onun istədiyi oyunu göstərir: “Amma bəzən oyun nizam-intizamından qopuruq. Bəzən psixoloji cəhətdən qorxu gəlir, futbolçularda öz güclərinə şübhə yaranır, bəzən isə rahatlıq gəlir. Ən vacibi komandanı mental şəkildə hazırlamaqdır. Futbolçularıma güvənirəm. Tapşırıqlarımı yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Potensialları var, komandamız yaxşı futbolçulardan qurulub. Düzdür, heyətimiz kasaddır. Məsələn, hücumçularımız yorulanda sistemi dəyişməyə məcbur oluruq, müdafiəçi buraxırıq. Qışda bu yöndə işlər görmək, alınsa heyətimizi daha da genişləndirmək istəyirik. Çünki mənim xüsusilə xoşladığım sistemlərdən biri 4-2-3-1-dir. Bu sxemlə meydana çıxanda isə, demək olar ki, ehtiyatda heç kim qalmır ki, əvəzetmədən hücumu gücləndirək. Filipe Paxtmanın zədələnməsi də planlarımızı alt-üst elədi. Bu yöndə işlər görməliyik. Nə dərəcədə effektli olub-olmayacağını zaman göstərəcək”.