Azərbaycan Prezidenti İlham Əliyev öz missiyasında çox dəqiqdir, təfərrüatlardan yaxşı xəbərdardır və ölkəsini hansı istiqamətdə aparmaq istədiyini bilir.
VETENİM-AZERBAYCANDIR.AZ
Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixter deyib.
"Bu, irəliləyiş əldə etməyimiz və imzalanmış sazişlərin prinsiplərinə riayət edə bilməyimiz üçün bizim, yəni kənd təsərrüfatı nazirlərinin işini asanlaşdırır. Bu, Azərbaycana ikinci səfərimdir. Sonuncu dəfə burada 26 il əvvəl olmuşam və demək istəyirəm ki, Azərbaycanın adından başqa hər şey dəyişib", - deyə o bildirib.
Səfərin yekunlarından danışan nazir qeyd edib ki, İsraillə Azərbaycan arasında 2023-2025-ci illər ərzində kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə imzalanmış yol xəritəsinin hər iki tərəfin qarşılıqlı marağına əsaslanır.
Avi Dixter qeyd edib ki, Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində təcrübə aparmaq üçün birgə işçi qrup təsis edəcək.
"Sizin münbid torpağınız var və sizdə payızlıq buğdanı becərmək əlverişlidir. Bu, yazlıq buğdadan qat-qat yaxşıdır. Suvarılan və suvarılmayan buğda arasında fərq var. Məsələn, suvarılmayan buğda bir hektardan 2 min ton məhsul verirsə, suvarılma zamanı bu göstərici bir hektardan 7-8 min tona çata bilər. Az suvarma və ən yaxşı toxumlarla buna necə nail olmaq olar? Bu, ən yaxşı məhsul əldə olunanadək tətbiq edilməli metodların kombinasiyasıdır", - deyə nazir aydınlıq gətirib.
Dixter bildirib ki, İsrail şirkətləri işçi qrupun yaradılmasını gözləyir və bu qrupun təcrübələrinin yekunlarına əsasən birgə müəssisələr yaratmaq mümkün olacaq.
"Bu, hökumətlərarası layihə olmayacaq, hökumətlərarası strategiya olacaq. İşçi qrup ilk növbədə uyğun torpaq sahələri üçün toxumları müəyyən edəcək. İrriqasiya problemlərinin həll yolları müəyyən ediləcək. İki il ərzində müəyyən anlaşma əldə etməliyik. Zənnimcə, İsrailin kənd təsərrüfatında tətbiq olunan bir çox metodlar Azərbaycanın kənd təsərrüfatı sistemi üçün də uyğun olacaq", - deyə o qeyd edib.
Nazirin fikrincə, buğda becərilməsi ilə yanaşı, İsrail və Azərbaycan gələcəkdə kənd təsərrüfatının digər istiqamətləri üzrə, məsələn, meyvə yetişdirilməsi üzrə də əməkdaşlıq edə biləcəklər.
"Biz İsraildə "meyvə divarı" (fruiting wall) sistemini tətbiq edirik. Bu sistem 50 faiz daha çox məhsul əldə etməyə və daha keyfiyyətli meyvələr əldə etməyə imkan verir", - deyə o, əlavə edib.
Buğda istehsalının artırılması üzrə əməkdaşlığın təfərrüatlarından danışan nazir bildirib ki, işçi qrup kiçik torpaq sahəsində təcrübə aparacaq.
"İsrail əhalisi də Azərbaycandakı kimi 10 milyon nəfərdir, lakin İsrailin ərazisi Azərbaycan ərazisinin 25 faizi qədərdir. İsraildə ən problemli məsələlərdən biri budur ki, biz buğda ehtiyacının yalnız 10 faizini daxili istehsal hesabına qarşılayırıq, 90 faizi isə idxal etməli oluruq. Bizim "nou-hau" biliklərimiz, yaxşı toxumlarımız var, toxumu torpaqdan asılı olaraq yeniləməyimizə ehtiyac yoxdur. Buğda məhsulunun artırılması məsələsini Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovla Roma şəhərində bir neçə ay bundan əvvəl müzakirə etmişik, bu barədə Özbəkistanda danışmışıq. Azərbaycana hazırki səfərim zamanı irəliləyiş əldə etmək məqsədilə niyyət məktubu imzaladıq. Prezident İlham Əliyevlə görüşümüz oldu. Sizin üstünlüklərinizdən istifadə etməyi, onları öz üstünlüklərimizlə birləşdirərək kənd təsərrüfatı məhsullarını daha da yaxşılaşdırmağı səbirsizliklə gözləyirik. Həmçinin burada kənd təsərrüfatı ilə məşğul olan bir neçə şirkətin rəhbəri ilə də görüşdük. Biz kiçik torpaq sahəsində təcrübə ilə başlamaq istəyirik. Eyni yerlərdə bəzi sahələrdə məhsuldarlıq aşağı, digərlərində yüksək olur. Bu qismən suvarılmama ilə, qismən də digər səbəblərlə - toxumlar, torpaq və ya digər problemlərlə bağlıdır. Biz təcrübə aparması üçün qrup təsis etmək istəyirik və bunun üçün öz tədqiqatçılarımızı dəvət edəcəyik", - o deyib.
Avi Dixter qeyd edib ki, İsrail ərazisinin yarısı quraqlıq və ya yarıquraqlıq sahələrin payına düşür, bu səbəbdən tamamilə səhra ərazilərində meyvə-tərəvəz yetişdirilməsini təmin etmək məqsədilə tədqiqatlar aparılır.
"İsrailin səhra ərazilərində meyvə ağacları, tərəvəzlər, zeytun ağacları, üzüm tənəklikləri olan sahələr var. Biz bu sahədə bilik və təcrübəmizi Azərbaycana ötürməyə çalışırıq. Bu cür ərazilərə adaptasiya olmuş toxumlarımızı gətirib burada - Azərbaycanda necə məhsul artımına nail ola biləcəyimizə baxmaq istəyirik. Həmçinin buğda yetişdirilən əraziləri genişləndirməyi planlaşdırırıq. Azərbaycan tərəfi təcrübələr apardıqdan sonra buğda sahələrini genişləndirmək istəyir. Hazırda söhbət 200 min hektar ərazidən gedir və bu olduqca çoxdur. Lazım gələrsə biz bu sahələri genişləndirə bilərik. İnanıram ki, onilliklər sonra Azərbaycanda tamamilə fərqli buğda sahələri olacaq. Əlbəttə, biz məhsulu iki ölkə arasında sırf işgüzar aspektdən böləcəyik. Bu dövlət layihəsi deyil, biznes layihəsi olacaq", - deyə o, əlavə edib.
Nazirin sözlərinə görə, məsələ hazırki sahələrdən əldə olunan məhsulu necə artırmaqdan ibarətdir.
"İsrail və Azərbaycan digər ölkələrdən buğda idxalının həcmini azalda bilər. Biz hazırlanmış sahələrdə birgə müəssisə olaraq fəaliyyət göstərəcəyik. Azərbaycan İsrailin "nou-hau" biliklərindən yararlanaraq buğda məhsuldarlığını artırmağa qərar verərsə, buğda sahələrinin ərazisini 200 min hektardan çox genişləndirə bilər. Azərbaycan buğda ixracatçısına çevrilsə buna təəccüblənmərəm, lakin ilk növbədə daxili tələbatı qarşılamaq üçün kifayət qədər buğda təmin etmək lazımdır", - deyə o,qeyd edib.
A.Dixter bildirib ki, israilli nümayəndə heyəti Şamaxı rayonundakı "Şirvan Agro" heyvandarlıq obyektində olub.
"Bu, İsrail şirkəti ilə birgə həyata keçirilən əla layihədir. Yerli sahibkarlar bu layihənin icrasına vəsait yatırırlar. Bu obyekt İsraildəki bənzər ən böyük kənd təsərrüfatı obyektindən böyükdür və Cənubi Qafqazda bü cür obyektlərin ən böyüyü olacaq. Layihənin icrasının 2024-cü ilin aprel ayında başa çatacağı gözlənilir. Obyektin tikintisi demək olar ki, başa çatıb. Bu ölkənizin kənd təsərrüfatı sektorunda əsaslı dəyişikliklərə səbəb olacaq. Obyekt 2400 baş iribuynuzlu heyvan üçün nəzərdə tutulub", - deyə o, vurğulayıb.
Su resurslarının idarə edilməsi
Avi Dixter qeyd edib ki, İsrail son onilliklər ərzində su təchizatı sahəsində bir sıra səhvlərə yol verib və Azərbaycana bu səhvləri təkrarlamamağı tövsiyə edib.
"Bu boşuna vaxt itkisi, pul itkisidir. İsraildə su çatışmazlığı yaşandıqda insanları suyu boşuna israf etməməyə çağıran reklam çarxları ortaya çıxdı. Bu çarxlara baxmaq ağır idi. Biz İsrailin şimalında Qaliley dənizindən ölkənin cənubunda quraqlıq ərazilərin olduğu Negevə qədər tunel qazdıq. Bu tunel vasitəsilə şirin su əldə edirdik. İllər keçdikcə anladıq ki, bu cür davam edə bilməz. On il tərəddüddən sonra şor suyu şirinləşdirici mərkəzlər inşa etməyə başladıq. On ildən az müddətdə istifadə olunan şirin suyun üçdə ikisi şirinləşdirici mərkəzlərdən daxil olurdu. Öyrəndik ki, su itkisinin iqlimlə əlaqəsi yoxdur, bu insanlarla əlaqəlidir. İnsanlarınız nə qədər çoxdursa, bir o qədər çox su istifadə edirsiniz. Su emalı mərkəzləri tikməyə başladıq. İsrailin kənd təsərrüfatında irriqasiyanın 55 faizi dövr edən sudur. Beləliklə, bu iki problemi həll etməyə kömək edir: birincisi, kənd təsərrüfatını şirin su ilə müqayisədə daha ucuz su ilə təmin edir, ikincisi isə suyu Aralıq dənizi vadisinə axıtmaq lazım gəlmir. İşlənmiş suyu axıtmaq üçün onu Barselona Xartiyasına uyğun olaraq çox yüksək səviyyədə emal etmək lazımdır. Bu çox böyük vəsait tələb edir", - deyə nazir aydınlıq gətirib.
Azərbaycanda suyun emal olunmadığını qeyd edən nazir bildirib ki, ölkədə suyun şirinləşdirilməsi və emalı üçün infrastruktur inşa olunmalıdır.
A.Dixter həmçinin, "Azərsu" ASC ilə İsrailin su təchizatı üzrə milli operatoru olan "Mekorot Water Company" ilə Azərbaycanda dəniz suyunun şirinləşdirilməsi layihəsi çərçivəsində texniki konsultasiya xidmətlərinin göstərilməsi üzrə imzalanmış sazişi xatırladıb.
Nazir son olaraq İsraillə Azərbaycanın kənd təsərrüfatı sahəsində birgə səyləri ilə bağlı nikbinliyini ifadə edib.
"Sazişlər kağız üzərində yazılır, lakin tərəfdaşlıq əməldə olur. Biz kağız üzərində öz rolumuzu yerinə yetirdik və indi planlaşdırılanları həyata keçirməliyik. Biz öz məqsədlərimizə nail olacağıq və bu hər iki ölkənin maraqlarına xidmət edəcək", - Avi Dixter deyib.