Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Subsidiyaların həcmini artırmaqla çəltikçiliyi daha gəlirli sahəyə çevirmək olar”

“Subsidiyaların həcmini artırmaqla çəltikçiliyi daha gəlirli sahəyə çevirmək olar”
4-08-2023, 09:22 131 dəfə baxılıb

VETENIM-AZERBAYCANDIR.AZ

Deputat: “Hökumət ölkənin düyü idxalından azad edilməsi istiqamətində yeni addımlar düşünməlidir”

Son aylar dünyada düyü böhranı yaşanır. İyulun 20-dən Hindistanın “Basmatı” istisna olmaqla, qabığı təmizlənmiş düyü ixracını qadağan etməsi bütün dünyada təşvişə səbəb olub. Xüsusilə Avropada yaşayan asiyalılar kütləvi şəkildə marketlərə hücum çəkərək mümkün qədər çox düyü almaqla insanlar arasında təşvişə səbəb olurlar. Eyni mənzərənin yaşandığı ABŞ-də, Texas da daxil olmaqla, bəzi ştatlarda düyü satışına adambaşı 5 kq məhdudiyyət tətbiq edilib.

Azərbaycanda isə düyü ən çox istehlak olunan ərzaqlar siyahısındadır. Dövlət Gömrük Komitəsinin məlumatından görünür ki, 2023-cü ilin ilk 6 ayında Azərbaycana 36 430.50 ton düyü idxal edilib. Dövlət Statistika Komitəsinin ərzaq məhsullarının istehsalı ilə bağlı ilbəil yaydığı məlumatlardan da görünür ki, son 6 ildə Azərbaycanda düyü istehsalı azalıb. Məsələn, 2015-ci ildə 15,9 min ton təmizlənmiş düyü istehsal edilib, 2021-ci ildə isə bu rəqəm 10 min tona enib. Yəni 36,7 faiz azalma olub.

Bizdə bölgələrdə çəltikçiliklə bağl  problemlərin olduğu da deyilir. Mütəxəssislərin sözlərinə görə, bölgələrə uyğun yüksək məhsuldar, quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlı sortların az olması, eləcə də xarici ölkələrdən gətirilən sortlara üstünlük verilməsi məhsuldarlığın artmasına mane olur. Düyü ilə bağlı yaranan qlobal böhranı və bütün bu amilləri nəzərə alsaq, bölgələrdə nə kimi işlər görülməlidir?

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, iyul ayı dünyada düyü böhranı ilə yadda qalır, Hindistanın ağ düyü ixracına qadağanın tətbiq etməsi  dünya bazarında qiymətlərin artmasına təsir edib: “Çünki Hindistan dünya bazarına əsas düyü ixrac edən ölkələrdəndir. Azərbaycan düyü olan tələbatı əsasən idxal hesabına ödəyir. Belə ki, cari ilin 6 ayında Azərbaycan 36,5 min ton düyü idxal edib. Azərbaycanda düyünün daxili istehsalı 10 min tona qədərdir. Bununla yanaşı, düyü istehsalı azalmağa doğru gedir. Amma vaxt var idi ki, ölkəmizdə çəltikçilik inkişaf etmişdi və əhalinin düyüyə olan tələbatı istehsal hesabına ödənilirdi. Bu gün isə ölkə əhalisi artır, çəltikçilik geniş inkişaf etmir və əhalinin rasionunda əsas yer düyü qidaları tutduğundan dünyada bu məhsulla bağlı böhranlı vəziyyətin yaranması bizi narahat etməyə bilməz.

Təbii ki, ilk növbədə istehlakımızı idxaldan asılılığının azalmasına doğru addımlar atılmalıdır. Düzdür, çəltikçiliyin inkişaf etdirilməsi dövlətin diqqətindədir. Belə ki, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” icra olunur. Bu proqrama əsasən, kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltik istehsalının inkişaf etdirilməsi, əhalinin bu məhsula tələbatının ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi üçün dövlət dəstəyinin göstərilməsi həyata keçirilir. Amma çəltikçilik daha çox zəhmət tələb edən sahə olduğundan fermerlər daha az əməkli və gəlirli sahələrə üstünlük verirlər. Bu da həmin sahədə məşğul olanların sayının azalmasına gətirib çıxarır.

Düyü strateji məhsul olduğundan çəltikçiliyin inkişafı ilə bağlı daha mühüm addımların atılmasını vacib hesab edirəm. Məsələn, bu sahəyə verilən subsidiyaların həcmini artırmaqla əlavə dəstək verilərək dövlətin dəstəyi ilə çəltikçiliyi daha gəlirli sahəyə çevirmək mümkündür. Belə olan halda çəltikçilik sahələrinin həcmi sürətlə artar və dünya bazarında düyü ilə bağlı baş verən dalğalanmaların  daxili bazarımıza az təsiri olar".

Deputat əlavə edib ki, düyü idxal etdiyimiz əsas qidalardan olduğuna görə bu məhsulun istehsalı sabit mənbə üzərində, əsasən Pakistanın üzərində fokuslanıb: “Pakistanla Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələri gündən-günə möhkəmlənir. Azərbaycan Pakistandan idxal olunan düyünü gömrük rüsumlarından azad edib. Bu da daxili bazarımızı müəyyən müddətə sabit saxlamağımıza imkan verir. Amma qeyd etmək istəyirəm ki, hökumət daxili bazarda düyünü  idxaldan azad edilməsi istiqamətində yeni addımlar düşünməli və çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görməli olduğunu düşünürəm”.

VETENIM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI