Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xəzərin qiymətli “MİRAS”ı...

Xəzərin qiymətli “MİRAS”ı...
10-07-2023, 12:23 135 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

 
Hər bir insan öz həyat hekayəsinin qəhrəmanıdır. Rolunu, obrazını şəxşən özü təyin edərək... Ruhunun rəngini özü çizərək... Bəli, ruhunun rəngini! Rəngi hər kəsmi görür?! Təbii ki, xeyr! Tanrının lütfü həm də öz həyat xəttini seçənlərin bir alın yazısıdır. İstedad, əzm, yaratmaq, yol açmaq, məqsəd qurmaq... Bunlar əlbət ki, Tanrı lütfüdür. İnsanın ö lütfü görüb qəbul etmək xüsusiyyəti isə bəsirət gözünün açıq olmasıdır. 
Rəngdən əbəs yerə söhbət açmadım. Ruhun rəngindən isə xüsusən... Çünki, həmsöhbətim mahiyyət etibarilə öncə rəngdən, sonra isə həyat mahiyyətindən ibarətdir. Həm də elə bir həyatdan ki...
Tanıyaq:
Nigar Helmi Abbasbəyli Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESCO nəzdnində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü (IAA/AIAP),  "Miras" qrupunun yaradıcısı və kreativ direktorudur.  
Bakı şəhərində anadan olub. 1992-ci ildə Mədəniyyət və Incəsənət kollecin, 1998-ci ildə  Xəzər Universitetinin Beynəlxalq jurnalistika və inglis dili filologiya və tərcuməçiliyi fakültəsini, 2007-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 
3 övlad anası olan Nigar xanım Mirzə Nəsrulla Əmirbəyovun nəticəsidir. Bu barədə bir qədər sonra...
Rəssamlıq karyerasına 2012-ci ildən başlamışdır. 2021-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Nigar Helminin son silsilə əsərləri Qarabağ mövzusuna həsr olunub. "Gövhər Ağa məscidi", "Bülbül evinin xarabalıqları", "Pənahəli xan sarayının xarabalıqları" və "Varəzgün məbədi" kimi məşhur əsərlərindən bəziləri Assosiasiya des Artistes Contemporains de Turquie à Paris və "ART EXPO NEW YORK" tərəfindən təşkil olunmuş "Art3f Monaco Beynəlxalq Müasir İncəsənət Sərgisi" kimi bir sıra incəsənət nümayiş və sərgilərinin diqqətini çəkib. 
Nigar Helmi öz sənətkarlığını yaradıcı təşəbbüskarlığı ilə birləşdirmək üçün öz çoxdankı arzusunu həyata keçirərək orijinal "Miras" brendini yaratmışdır. 
Sərgiləri Azərbaycanımızı tanıtmaq naminə dünyanın ən mötəbər səhnələrində əcnəbi yaradıcı  insanların diqqətini çəkmişdir. 
2021 / 29 June — 05 July — Solo exhibition "The Heritage of Motherland", Baku, Azerbaijan;
2021 / 27–29 August — Salon International d’art Contemporain Art3f Monaco;
2021 / 22–24 October — Carrousel du Louvre Paris;
2022 / 9–22 May — Solo exhibition "Karabakh Heritage " Atatürk Cultural Center, Istanbul ;
New York Art Expo — 29/03-3/04-2023 ;
GSO Ankara - Qarabağ Mirası — 19-20/04-2023 və s.
Beləliklə, Nigar xanım Helminin ruhuna söz gəzişməsi edək.
-Nigar xanım, xoş gördük sizi.
-Xoş gününüz olsun. Gözəl, zərif dəvətiniz üçün təşəkkür edirəm. 
-Nigar xanım, öncə onu qeyd edim ki, biz Azərbaycan xalqı olaraq öz milli koloritimizlə fərqlənən, bununla yanaşı məhz bu keyfiyyəti hər kəsə yansıtmağa çalışan insanlarıq. Hər bir şeyin ən yaxşısı olmağa, eyni zamanda   qarşı tərəfdən də məhz bu qiyməti almağa və  bizim üçün ən dəyərli mükafat, yəni onların alqışını almağa çalışırıq. Məhz siz də bu qəbildən olan insanlardansınız. Dünya çapında bir sıra mötəbər səhnələrdə öz yaradıcılığınızla, öz xüsusi motiv kəsb edən sərgilərinizlə Azərbaycan imzasını yüksəkliklərə qaldırmısınız. Və Azəarbaycan dedikdə artıq mədəniyyət, incəsənət, qəhrəmanlıq, mübarizlik, şücaət kimi xüsusiyyətlər əxz olunur. Məhz əcnəbi vətəndaşlar da bizdən məhz bu enerjini alır. Nigar xanım, bu xüsusiyyətlər əbəs yerə yaranmır. Biz Xəzər kimi dilbər guşəmiz olan o nazlı gözəldən alırıq bu enerjini. İlham pərimizdir...
- Təşəkkür edirəm, Fəxriyyə xanım. Bəli, öncə onu qeyd edim  ki, siz Xəzərdən başladınız. Xəzər hər bir azərbaycanlı üçün nədirsə, mənim üçün də odur. Ruhumdur, vətənimin bir parçasıdır. Ruhumun qidalandığı yerdir, ilham qaynağımdır. Mənim evimdə studiyam elə yerləşir ki, bir divarı tamamilə şəffafdır və tamailə dənizi bütöv görərək, ona baxaraq bəzən səhərə qədər işlərimi kətan üzərində yağlı rəsmlərimi ərsəyə gətirirəm. Və onu da qeyd edim ki, Qarabağla bağlı yaratdığım əsərlərin ilk şahidi məhz Xəzər dənizidir. Mən səhərə qədər Bayatı-Şirazı dinləyərək “Qarabağın mirası” sərgisini çox qısa müddətdə hazırlayıb  ərsəyə gətirdim.
Bilirsiniz ki, insanlarda başqa bir xüsusiyyət var. Bəzən eşidib, amma dinləyə bilmirlər. Amma dəniz səni həm eşidir, həm də dinləyir.Ona görə Xəzərin mahiyyəti mənim üçün özəldir, ruhumun qidalandığı yerdir.  
-Dəniz dalğaların içərisində gizlidir, dəniz səssiz deyil, dəniz səssizliyi ilə, dalğalarının dili ilə bizə çox söz deyir. O hər zaman hərəkətdədir. Dənizçini fırtınalar peşəkar edir. Məhz bu fırtınalar bizi cilalyır, istədiyimiz insan halına gətirir, özümüzü tanımağa rəvac verir. Nigar xanım, bəs siz bu fırtınaların fövqündə özünüzü qalibiyyətin hansı mərhələsində hiss edirsiniz?
-Gözəl və dərin sualdır. Şəxsən mən hələ özümü bir insan olaraq hələ qalib hesab etmirəm. Çünki bu yolun hələ tam başlanğıcındayam. Və səmimi etiraf edim ki, tamamilə qalib olmaq istəmirəm. Hesab edirəm ki, tamamən qalibiyyət üzərimdə işləməyin, maariflənməyimin  dayanmasıdır. Amma mən yaşadıqca daha çox maariflənmək, daha çox öz üzərimdə işləmək, daha çox ruhumun qidalanmasını istəyirəm. Məhz buna görədir ki, hər zaman dayanmadan öz üzərimdə işləyirəm və yolun hələ bayaq qeyd etdiyim kimi, çox əvvəlindəyəm. İnşallah bir gün siz dediyiniz o zirvəyə yəqin ki, gələrəm. 
-Bəli, yeri gəlmişkən, belə bir ifadə var, deyirlər ki, uğur çatdığın yer, məkan deyil, ona doğru getdiyin yoldur.Nigar xanım, elə ondan başlayaq. Siz “Miras” brendinin təsisçisi, yaradıcı direktorusunuz. Və bu bildiyim qədərilə əbəs yerə yaranmayıb. Məhz burada yaratmış olduğunuz zinət əşyalarının hər birinin xüsusi, özəl motivləri vardır.
-Öncə ondan başlayım ki, sual yarana bilər ki, bir rəssamın birdən-birə zinət əşyaları ilə məşğul olmasına səbəb nədir. Bunun kiçik bir tarixçəsi var. Mənim bacım 15 ildən çoxdur ki, vətəndən uzaqda, xaricdə yaşayır. İkinci qarabağ müharibəsi zamanında bir gün mənə zəng etdi ki, mən burda hədiyyə axtarırdım. Və burda çox məhşur bir marka mağazasına daxil oldum və bu dükanda bir qab gördüm. Gördüm ki, qabın üzərindəkilər Təbriz motivləridir. Maraqlanıb almaq istəyəndə məlumat üçün deyiblər ki, bu qab üzdəniraq qonşularımıza məxsusdur. Bacım bunu böyük ürək yanğısı ilə danışanda hər ikimiz pis olduq. Lakin mən özüm özümə bir qərar verdim. Təkcə pis olmaq azdır. Bu yöndə işlər görmək lazımdır. Və çox qısa müddətdə mən həmən “Miras” adlı bu markanı yaratmağı onu da bütün dünya ictimaiyyətinə təqdim etmək qərarına gəldim. 
Deməli, bu markanın və bu məhsulların özəllikləri nədir? Öncə onu qeyd edim ki, bilirik ki, Şuşa bizim tarixi mədəniyyət mərkəzimizdir, incimizdir. Hətta Ulu Öndərimizin belə bir ifadəsi var ki, Şuşa kimdədir Qarabağ da ondadır. Elə bu səbəbdəndir ki, hazırladığım kolleksiyanın bir nümunəsində, sırğada Xarı bülübül və onun aşağısında sallanan zəncirlər var.Zəncirlər bizim Şuşanın alınmasında xüsusi təyinatlılarımızın Cıdır düzünə qalxması, o zamanlar inanılmaz hava şərtlərinə baxmayaraq şücaət göstərərək Şuşanı bizə qaytaran cəsur oğullarımıza həsr olunub. Beləliklə bu zəncirlər o qəhrəman oğullarımız,  bu qaşlar isə onların ayağının altındakı sıldırım qayaların daşlarıdır. 
-Sizin bu kolleksiyanıza nəzər yetirəndə Xarı bülbül ilə güllənin interpritasiyasını görmək çox maraqlı gəldi. Artıq bunun izahını mən özümdə əxz eytdim. Dünyanın heç bir yerində yetişməyən Xarı bübülə biz böyük mübarizə ilə, məhz bu güllələrlə qovuşduq. Məhz bu motiv və tandem gördüm ki, digər nüminələrdə də öz əksini tapıb. Güllə və gül... Çox təsirlidir. Və bu da bir qadın üzərində daşınacaq qiymətli bir zinət əşyası əsgər yetişdirən bir Azərbaycan qadını, bir Azərbaycan anasına bu yaraşar. 
-Fəxriyyə xanım, bir zinət əşyasında mən lalələrə də xüsusi yer ayırmişam. Niyə məhz lalələr..? Cünki tariximizdə belə bir qeyd var ki, o zamanlar Sultan Sülüeyman qanuni bütün elçilərinə lalə soğanları verir və tapşırır ki, getdiyiniz bütün torpaqlarda bizim mədəniyyətimizi orda təmsil edin və yayın. Ona görə də məhz lalələr motivi Türkiyə cumhiriyyətinin bir mədəniyyət rəmzi olaraq qeyd olunur. Mən də hazırladığım boyunbağında qardaş Türkiyənin bizi dəstəkləməsinin bariz nümunəsi və dostluq rəmzi olaraq hazırlamışam. 
-Nigar xanım, zəncirləri də fəqli yansıtmısınız. Və yəqin ki, bunun da xüsusi mənası vardır.
-Bəli, bəzi zinət əşyalarında istifadə olunan zəncir elementi bizim bir xalq olaraq 30 illik ağrı-acımızdır. Amma nəhayət ki, biz bu zəncirlərdən qurtulduq. Kolleksiyanın məhz “Miras” adlanması birbaşa Qarabağ tarixini dünyaya tanıtmaq və bunun satışdan çox mənəvi dəyərini qiymətləndirməkdir. Bütün bunların dünya standartlarına uyğun hazırlanması, həm bir Azərbaycan brendinin də o sıralarda olmasına xidmət edir.
-Çox maraqlı və  gözəl ideyadır. Və düşünürəm ki, hətta təklif edirəm ki, bizim bəy əfəndilər öz xanımlarına məhz  bu motivdə olan zinət əşyalarını hədiyyə etsinlər. Bu çox böyük mənəvi dəyərdir.
-Mən “Qarabaq” kolleksiyasından da geniş danışmaq istəyirəm. Bu kolleksiyada Şuşada dahi bəstəkarımız Ü. Hacıbəylinin dağıdılmış ev muzeyinn təsviri, X.Natavanın ev muzeyinin dağıntıları və s.  Bu kolleksiyanı dünyanı gəzdirməyin bir mesajı var. Bu yaxınlarda Türkiyənin Ankara şəhərində  Cumhur Başkanlığında keçirilən sərgi Azərbaycan Mədəniyyət Nazirliyi , Türkiyə Cumhuriyyət Mədəniyyət Nazirliyi, Türkiyə Cumhuriyyəti Cumhur başkanı, Xarici Siyasət və Təhlükəsizlik Komissiyasının üzvü, professor Aygün Attarın xüsusi dəstəyi ilə baş tutdu. O cümlədən TADİF (Türkiyə Azərbaycan Dayanışma İş birliyi Vakfı)   neçə illər öncə Ulu Öndər Heydər Əliyev və İhsan Doğramacı tərəfindən yaradılan, bu  gün də uğurla fəaliyyətini davam etdirən bu qurumun dəvəti ilə təşkil olunan sərgi öz mahyyəti ilə yadda qaldı. 20 əsər orda nümayiş olundu. Hər zaman məndən bu əsərlərin dünyanı gəzdirmənin səbəbini soruşanda, bunun çox sadə bir səbəbi olduğunu deyirəm. Mən bir rəssam olaraq Vətənimə yalnız öz əməlimlə belə xidmət edə bilərəm...Niyə..? Çünki, bilirsiniz ki, bizim 926 kitabxanamız, 4 milyona yaxın kitablarımız, 22 muzeyimiz,  4 teatrımız, 85 musiqi məktəbimiz ləğv edilib. Bu bir millətin başqa bir millətin mirasının  məqsədyönlü silinməsidir. Bu nəinki bir Azərbaycana qarşı, bu bir insanlığa qarşı da böyük bir barbarlıqdır. Və biz buna susmamalıyıq. Məhz bu səbəbdəndir ki, bu sərgi ilə dünyanı  gəzirəm. Və inanın ki, keçən il Türk Atatürk Mərkəzində İstanbulda 2 həftə boyunca “Qarabağın mirası” sərgiləndi. Açılışdan başqa özüm də orda hər gün olurdum. Və orda xaricilərə deyəndə ki, 67 məscidimizdən 65-i dağıdılıb, inanın ki, mən onların ağladığını görürdüm. Bilirsiniz ki, mədəniyyətə qarşı Avropa insanı çox həssasdır. II Dünya müharibəsi zamanı Renesans dövrünün əsərləri dağıdılmasın deyə onu İtaliyada göz bəbəyi kimi qoruyurdular. Niyə..? Çünki onlar çox yaxşı anlayırdılar ki, Ulu Öndər demiş bir xalqı yaşadan onun dili və mədəniyyətidir. 
-Bəli,haqlısınız.Nigar xanım burda  elə mənim diqqətimi o cümlədən sizin “Miras” kolleksiyanızın qablaşmasının məhz ipəkdən hazırlanması, üzərində ürəyi xallı göyərçinin olması çəkdi. Bu dünyaya mədəni bir mesajdır. 
-Bəli, göyərçin bir barışıq rəmzidir. Azərbaycan xalqı da hər zaman sülh və barışıq istəyir. Ölkə prezidentimiz, Ali Baş Komandan İlham Əliyev də hər zaman bütün dünyaya biz sülh və barış istəyirik deyir. Göyərçinin ürəyinin xalı isə biz bunu sırf ürəyimlə edirik anlamına gəlir. 
-Çox özünəməxsus, kreativ, maraqlı və dolğun yanaşmalarınız var.
- Təşəkkür edirəm. Bu yaxınlarda Amerikada New York Art Expoda yenə də Qarabağ rəsmlərini götürdüm. Bəzən mənə deyirlər ki, niyə siz sərgidə təsvir, gül çiçək kimi əsərlərinizi aparmırsınız. Kim anlayacaq o dağıdılmış məscidləri. Mən həmən cavab verirəm. Mənim üçün ən önəmlisi odur ki, qoy mən Azərbaycana olan tarixinə, mədəniyyətinə olan barbarlığı göstərim, onlar özləri görüb anlasınlar. 
-Bəli, əlbəttə,   əgər biz gül ilə gülləni bir yerdə təsvir etmək zərurəti görürüksə, demək ki, xalq olaraq keşməkeşliklər yaşayırıq. Bu detal əslində çox şeyi ehtiva edir. Nigar xanım sizin “Qadın rayihəsi” sərginizn də özünəməxsusluğu var. 
-Bəli, Şərq coğrafiyasında məhz Azərbaycanda ilk dəfə qadına səsvermə hüququ verilib. Mən də bu millətin qızıyam. Və sözsüz ki, Azərbaycan qadınının zərafətini, gücünü, dahiliyini istədim fırça ilə kətan üzərinə köçürüm. Və bunu sırf Qadınlar gününə özəl etdim. Amma qeyd edim ki, mənim üçün “Qarabağ” kolleksiyası xüsusi önəm daşıyır. Nə zaman bizim böyüklərimiz, aidiyyatı qurumlar uyğun bilsələr mən onu Qarabağda, istər Şuşada, istərsə də Qarabağın  başqa şəhərinə mən tamamən təmənnasız hədiyyə edəcəm. Ona görə də bu nümunələr satılmlr.
-Nigar xanım, mən sizi müşahidə edirəm. İstər tərzininz, istər mövqeyiniz mənə bir daha önu sübut edir ki, bu əbəs yerə deyil. Çünki siz məhşur tarixi şəxsiyyət Mirzə Nəsurulla bəy Əmirbəyovun nəslinin davamçısısınız. Hələ o zamanlar Bektaşilər və yeniçərlər Naxçıvana gələndə məhz sizin babanız onları qarşılayıb, öz mülkündə onları yerləşdirib. Eyni zamanda həmin mülk qızlar üçün məktəb istifadəsinə verilib. Naxçıvanda ilk karvansaraylar da məhz sizin babanız Mirzə Nəsrulla bəy Əmirbəyova aiddir. İstərdim ki, Xəzərin qoynunda Mirzə Nəsrulla bəy Əmirbəyov ruhunu yad edək.
- Mən açıqlama vermədən öncə qeyd etmək istərdim ki, Ankara sərgisi zamanı sərgidə iştirak edən Azərbaycandan getmiş filologiya üzrə fəlsəfə doktoru, araşdırmaçı-publisist, əziz dostumuz Şərəf Cəlilli orda məndən mənim kökümü  soruşanda Mirzə Nəsrulla Əmirbəyov imzası eşidən kimi həmən belə bir ifadə işlətdi: ”Sənin ulu babanın xəncərindən, sonrakı Mirzə Nəsrullanın qələmindən və sənin fırçandan süzülüb gələn Azərbaycan tarixi, mədəniyyəti yaşamalıdır”. Və mən bu sözlərdən çox duyğulandım. Bəli, məhz Mirzə Nəsrullah Əmirbəyov Naxçıvan Milli Şurasınn Müdafiə Komitəsinin sədri olub. Və fəaliyyəti dövründə istər Azərbaycan tarixinə, istər mədəniyyətinə, istərsə də təhsilinə inanılmaz töhfələr verib, xüsusi, müstəsna xidmətləri olub. Orada Puşkinski küçəsində öz maddiyyatı ilə Qızlar Məktəbini tikdirib. Bilirsiniz ki, 1918-ci ildə daşnaksütyun Naxçıvanda soyqırıma başlayıb.Mən bunu 90-cı illərdə nənəmin xatirələrindən eşitmişəm. Nənəm bütün bunları ağlayaraq danışırdı. O zaman törədilən vəhşiliklıri ürəkyanğısı ilə deyirdi. Mirzə Nəsrulla 8 nəfər öz xəbərçisini Kazım Qara Bəkirə göndərir və deyir ki, gəlin bizə köməyə. O zamanlar Kazım Qara Bəkir Naxçıvana gələndə babam Mirzə Nəsrulla türk əsgərinə hörmət olaraq  250 m qırmızı xalı yerə sərdirir və onları elə qarşılayır. Zəfərdən sonra da əsgər keçidi keçirilir, ona da öz evindən ipək xalçasının götürüb tribunanın qarşısına sərir. Beləliklə, Kazım Qara Bəkirlə paradı qəbul edir. Ən çətin məqamlarda Naxçıvanski qardaşlarına etibar edir. Bizim böyük mütəfəkkirlərimiz H. Cavid , M. C. Məmmədquluzadə və bir çoxları  ilə böyük dostluğu olur. Maarifçilik yönündə öz vəsaiti ilə onlara böyük köməkliklər göstərir. Belə... Nə deyim? Mən də öz növbəmdə belə deyək ki, onun ideyasının davamçısıyam. Əlbəttə ki, bununla da qürur duyuram. Azərbaycan mədəniyyətinin bir parçası olmaq mənim üçün bir şərəfdir. İndi tamamən həyatımı buna həsr etmişəm. 
-Nigar xanım, artıq söhbətimizi yekunlaşdırırıq. Amma “ardı var..” deyirik. Bu söhbət əsnasında biz bu gün bir Nigar Helminin həyat fəlsəfəsi ilə tanış olduq. Onun bu gününü dinlədik.  Lakin sizə kiçik bir zərf təqdim edəcəm. Bu zərfdə kiçik Nigarın, yəni keçmişdən bu günə bir mesaj, yəni bir sualı var. Buyurun bu zərfi... Bu günki Nigar Helmi kiçik bir qızcığaz Nigar Helmiyə nə cavab verərdi, maraqlıdır. Deyim ki, sualı tam olaraq oxuyub bizə cavab  deməyə də bilərsiniz. 
Zərfdəki sualı oxuyur və kövrəlir. 
-Burda ruhun indi nəyə titrəyir? Sualı verir balaca Nigar. Belə cavab verim sizə. Mənim ruhum hər zaman titrəyir. Hərdən məndən soruşurlar ki, sənin ilham qaynağın nədir. Mən bunu Ankarada da dedim. Bizim qazilərimizn gücündən, şəhidlərimizin ruhundan və analarımızın göz yaşlarından alıram bu ilhamı. Durmadan fəaliyyətə davam... Ölkəmə bu Xəzər dənizinin bir damlası qədər xeyir verməyə calışmaq. Bu qədər..
- Nigar xanım, sizi tanımaq və tanıtmaq ölkəmiz adına görəcəyimiz xidmətlər içərisindədir. Sizin fövqünüzdə bir azərbaycanlı necə ola bilər və olmalıdır deyə ərz etdik. Sizə yazıb, çəkib, yaradıb bizim qəlbimizi titrətməyi arzu edirik ki, bu da sizdə yaxşı alınır.  Var olasınız. Uğurlar.
                                                                
    
 Fəxriyyə Lilpar İsayeva 
 
Tele-jurnalist
 

 


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI