"Azərbaycanla Ermənistan arasında çox vacib sülh məsələsi ABŞ Dövlət Departamentinin bundan sonra da dərindən məşğul olacağı məsələdir".
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
"İnanırıq ki, irəliyə doğru aydın bir yol var. Biz təbii ki, mayın əvvəlində iki ölkənin rəsmilərini qəbul etməkdən məmnun idik. İnanırıq ki, danışıqlar səmərəli olub, Brüsseldə başlayan danışıqların davamı üçün zəmin yaradıb və bu prosesin inkişafına şərait yaradacaq", - ABŞ Dövlət Departamentinin rəsmisi vurğulayıb.
V.Patel onu da söyləyib ki, Bakı və İrəvan mayın 14-də Brüsseldə keçiriləcək görüşdə qoşunların qarşılıqlı olaraq şərti dövlət sərhədindən geri çəkilməsi ilə bağlı razılıq əldə etsələr, "çox yaxşı olardı".
Dövlət Departamentinin açıqlaması və çağırışları rəsmi Vaşinqtonun mövqeyidir. Lakin dünyanın ən mükəmməl kəşfiyyatına malik olan, Cənubi Qafqazdakı proseslər və xüsusilə də mövcud situasiya barədə müfəssəl məlumatlarla dəqiq informasiyalara malik ABŞ-ın belə davranışı ilk baxışdan təəccüb doğurur.
Yəni Birləşmiş Ştatlar Azərbaycan Ordusunun və Dövlət Sərhəd Xidmətinin ermənilərlə şərti dövlət sərhədində niyə mövqelər yaratdığını, postlar inşa etdiyini, müdafiə sistemləri qurduğunu bilmir?
Vaşinqton bəlkə bunun səbəbinin sürəkli, fasiləsiz erməni təxribatları olmasından bixəbərdir?
Erməni snayperi Azərbaycan mövqelərinə atəş açanda bu snayperin Ermənistan hərbçisi, sərhədçisi və ya gömrükçüsü olmasının fərqi varmı?
Təbii ki, yox.
Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında şərti dövlət sərhədindən iriçaplı silahlarla zirehli texnikanın və artilleriya qurğularının geri çəkilməsi barədə razılaşma əldə edilsə belə, bu, heç nəyi dəyişməyəcək.
Azərbaycan həmişə olduğu kimi, imzaladığı sənədlərə və vədlərinə əməl edəcək. Ermənistan da, yenə də həmişə olduğu kimi, imzaladığı sənədin şərtlərini qulaqardına vuracaq, anlaşmanın poacaq və daimi ampluasına sadiq qalaraq silahlı təxribatlarına davam edəcək.
Hadisələrin yaxın və orta perspektivdə məcrasını təxminləmək sadədir və belə olan təqdirdə, Azərbaycan hərbçiləri şərti dövlət sərhədindən ölkənin iç ərazilərinqə doğru geri çəkilərək ermənilərin təxribatlarını davam etdirmələrinə rahat şərait yaratmalıdırlar?
Qərb bizdən bunu istəyir, lakin Bakı təbii ki, bəhs etdiyimiz irreal ssenarini gerçəkləşdirən deyil.
Ermənistan ordusunun Basarkeçər rayonunun Zod (Söyüdlü) qızıl yatağı istiqamətindəki mövqelərindən mayın 10-dan başlayan, müxtəlif saatlarda davam edən, hətta 11 may saat 17:00-dan etibarən D-30 toplarından istifadə ilə həmin ərazidə yerləşən mövqelərimizi atəşə tutması və sərhədin məhz bu istiqamətində vəziyyəti gərginləşdirməsi ilə yadda qalan son sərhəd toqquşması da təsadüfi hadisə deyil.
Ermənistanı siyasi, iqtisadi və geosiyasi baxımdan darmadağın olmaya doğru aparan baş nazir Nikol Paşinyan üçün Zod yatağı müstəsna əhəmiyyət kəsb edir.
Ərazisinin təqribən 75 faizi Azərbaycana, sabiq Sovetlər İttifaqı dönəmində aşkarlanmış 23 filiz damarından sadəcə, 7-i Ermənistan ərazisində olan yataq rəsmi İrəvan üçün failəsiz və stabil gəlir mənbəyidir.
30 il davam etmiş işğal illərində ermənilər bu yatağı bütünlüklə ələ keçirərək Zodun qızıl ehtiyatlarını vəhşicəsinə, istismar edirdilər. Ermənistandakı "GeoProMining" şirkəti isə 2007-ci ildən başlayaraq yataqdakı istismar sahələrini Azərbaycan torpaqlarındakı bölümün də barbarlıqla talanması hesabına artırmışdı.
44 günlük müharibədən sonra Ermənistan yatağın istismarını dayandırmaq və öz sərhədlərini müəyyən etmək əvəzinə sərhədi qanunsuz olaraq 1,5 km önə çəkərək, bütövlükdə Zod yatağını öz ərazisinə daxil etməyə çalışmışdı. Lakin Ordumuz buna imkan verməmiş, sərhədin dəyişdirilməsinin qarşısını almışdı.
Bundan sonra geri çəkilən Ermənistan şirkətə öz ərazisində qızıl istismarını davam etdirməyə şərait yaratsa da, hazırda yatağın istismarı qanunsuz sayılır. Çünki mədən-qazma işləri yatağın Azərbaycana aid hissəsinin alt qatlarında davam etdirilir.
Hazırda "GeoProMining" yataqda hasilat işləri apara bilmir və bu da təbii ki, rəsmi İrəvanı, xüsusilə də baş nazir Nikol Paşinyanı həddən ziyadə qıcıqlandırır.
Yatağı indiyədək istismar etmiş şirkətin səhmlərinin 21,9 faizi Nikol Paşinyanla arvadı Anna Hakopyana məxsus, lakin müxtəlif adlara fərqli ölkələrdə rəsmi qeydiyyata alınmış şirkətlərin mülkiyyətidir.
Zodun quldurcasına qarət edilməsindən əldə edilən vəsait hesabına N.Paşinyan şəxsi varidatını artırmaqla yanaşı, yaratdığı və rəhbərlik etdiyi "Mənim Addımım" siyasi şərəkatının fəaliyyətinin maliyyəsinin əhəmiyyəti hissəsini təmin edirdi.
Beləcə, Zod yatağından əldə edilən pullar Ermənistanın dövlət büdcəsinin mədaxil hissəsinin əhəmiyyətli qismi olmaqla yanaşı (adi fakt: ötən il bu yataq Ermənistan dövlət büdcəsinə 400 milyon dollara yaxın vergi ödəyib. 2022-ci ildə Ermənistan büdcəsinin 4,4 milyard dollar olduğunu nəzərə alsaq (hazırda bu rəqəm 6,4 milyarda çatır), yatağın Ermənistan büdcəsinin təxminən 10 faizini doldurduğunu bəlirləmək çətin deyil), Paşinyan-Akopyan tandeminin sərvətinin artımına xidmət edirdi.
Məhz bu səbəbdən Nikol Paşinyan mayın 14-də Brüsseldə keçiriləcək danışıqlar ərəfəsində Zod yatağında istismarın bərpası üçün bütün vasitələrə əl atmaq, hətta silahlı təxribatlardan yararlanaraq Ermənistan Silahlı Qüvvələrinin yataq ətrafındakı mövqelərini irəli çəkməyə çalışıb.
Azərbaycan əsgəri təxribatlara çox sərt cavab verdiyi üçün ermənilər geri çəkiliblər.
Yaşanan olayların belə iqtisadi məcrası Nikol Paşinyan administrasiyasındakı ciddi problemlərlə yanaşı, Ermənistan rəhbərliyinin ölkənin gələcəyi və xüsusilə də xarici siyasətdəki perspektiv kursu ilə bağlı strategiyanın olmadığını göstərir.
Rəsmi İrəvan qarabağlı ermənilərlə bağlı onillərdən bəri davam edən propaqandanın və siyasətin artıq heç bir nəticə vermədiyini, "Dağlıq Qarabağ" ifadəsinin tarixə qovuşduğunu, hazırda rusiyalı sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə yaşayan ermənilərin yeganə çıxış yolunun Azərbaycan Konstitusiyası çərçivəsində ölkəyə reinteqrasiya olduğunu anlayır.
Nikol Paşinyan administrasiyası onu da bilir ki, qarabağlı ermənilərin Bakıdakı mərkəzi hakimiyyətin mənsubları ilə danışıqlardan savayı çıxış yolu yoxdur, ola da bilməz.
Buna rəğmən, viranəyə çevrilməkdə olan Ermənistan yekun sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesində mümkün qədər çox süni maneələr yaratmaq, radikal bəyanatlar vermək, şərti dövlət sərhədində təxribatlar törətməklə yekun nəticənin əldə olunmamasına can atır.
Nikol Paşinyanın məqsədi ABŞ, Avropa İttifaqı, Fransa, Rusiya Federasiyası və İrandan maksimum güzəştlərlə imtiyazlar əldə etmək, bununla da hakimiyyətinin laxlamış sütunlarını bərpa etməkdir.
2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın heç bir şərtinə əməl etməyərək sənədin faktiki denonsasiyasına can atan Nikol Paşinyan Brüssel danışıqları ərəfəsində təxribatlar və Zod ətrafında süni gərginlik vasitəsilə artıq klişeyə çevrilmiş söz yığınından növbəti dəfə bəhrələnmək niyyətindədir.
Brüssel danışıqlarında o, yenə də "Qarabağ ermənilərin təhlükəsizliyi, bu təhlükəsizliyin təminatı üçün beynəlxalq mexanizmlərin yaradılması və tətbiqi" kimi idiomalardan istifadə edəcək.
Halbuki viranəyə çevrilməkdə olan Ermənistanın xarici siyasəti əsl xarabazardır.
Nikol Paşinyan isə erməni miflərində haqqında bəhs edilən "çiynində bayquş oturmuş məğlub adam" qismində nəyəsə nail olmağa çalışır.
Nəyə - özü də konkret anlamır.
VETENİM-AZERBAYCANDIR.AZ