Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Mingəçevir Dövlət Universitetinin müasir dünya təhsil sisteminə inteqrasiyası:  yeni plan və   perspektivlər  

Mingəçevir Dövlət Universitetinin müasir dünya təhsil sisteminə inteqrasiyası:  yeni plan və   perspektivlər  
14-03-2023, 23:27 320 dəfə baxılıb

Şərq və Qərbin qovşağında yerləşən Azərbaycan öz tarixi inkişafı boyunca hər zaman qabaqcıl elm və təhsil ocaqlarından biri kimi şöhrət tapmışdır. Hələ orta çağdan istər humanitar istərsə də dəqiq elmlər sahəsində ciddi uğurlara imza atan ölkəmiz Şərqdə müasir təhsilin də təməlini qoyan ilk dövlətlər sırasında olmuşdur. Təməli Azərbaycan Dövlət Universiteti (hazırda Bakı Dövlət Universiteti) ilə qoyulan ali təhsil ocağı Sovetlər İttifaqı dövründə də SSRİ çərçivəsində ən qabaqcıl ali təhsil müəssisələri sırasında idi. Bunun başlıca səbəblərindən biri Ümummilli lider Heydər Əliyevin 1969-cu ildən 1982-ci ilədək Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilərək Azərbaycan SSR-ə rəhbərlik etməsi ilə bağlı olmuşdur. Azərbaycanın ictimai-siyasi, mədəni həyatının inkişafında böyük nailiyyətlər əldə edən Ümummilli lider Azərbaycanda təhsilin inkişafına da xüsusi qayğı ilə yanaşmışdır. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildikdən sonra da Azərbaycan elm və mədəniyyətinin inkişafına xüsusi diqqət ayırmışdır. 
          Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasının prezidenti olaraq  fəaliyyətini davam etdirən Ümummilli lider dövlətin müxtəlif sahələrində olduğu kimi, təhsil sisteminin də inkişafına xüsusi qayğı ilə yanaşmış, Azərbaycan təhsilininın  müasir dünya standartları səviyyəsində inkişafına nail olmuşdur.  
Xüsusən Ali təhsil ocaqlarının dünya təhsil sisteminə inteqrasiyası səbəbi ilə Azərbaycandan bir çox gəncləri Amerika, Avropa, Türkiyə və digər bir çox inkişaf etmiş ölkələrə təhsil almaq üçün istiqamətləndirmiş, bununla da Azərbaycanda müxtəlif sahələrində müasir kadrların yetişməsi üçün şərait yaratmışdır. Bu ənənənin davamçısı olaraq İlham Əliyev də bu gün Azərbaycan ictimai-mədəni və siyasi mühitinin inkişaf etdirilməsi yönündə ciddi işlər görür və ölkəmizdə müasir dünya standartlarına cavab verən gənc kadrlarının yetişməsi üçün xüsusi şərait yaradır. 
90-cı illərdən başladılan bu proses təbii ki, öz bəhrəsini verməkdədir və dövlətin müxtəlif sahələrində olduğu kimi təhsildə də müasirliyin uğurlu inkişafı müşahidə olunur. 
Öncə də qeyd etdiyimiz kimi, bu prosesin ayrılmaz hissəsi inkişaf etmiş dünya universitetlərində təhsil almış kadr siyasəti ilə bağlıdır. 
Belə kadrlardan biri də Mingəçevir Dövlət Universitetindəki fəaliyyəti nəticəsində 2022-ci ildə Beynəlxalq Universitetlər Assosasiyasının (IAU) İdarə Heyətinin üzvü seçilmiş Şahin Bayramovdur. Belə ki, Mingəçevir Dövlət Universiteti Şahin Bayramovun rəhbərliyi ilə yüksək inkişaf etmiş universitetlər sırasına qatılmaq yolunda ölkədaxili universitetlərlə əməkdaşlıq etməklə yanaşı, az müddətdə bir çox ölkələrin universitetləri, təhsil təşkilatları ilə də uğurlu müqavilələr bağlamışdır.  
Qabaqcıl universitetlərin təcrübəsindən və potensialından faydalanmaq və MDU-ya tətbiq etmək məqsədi ilə hazırda Mingəçevir Dövlət Universiteti Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Lənkəran Dövlət Universiteti (LDU) ilə birgə əməkdaşlıq əlaqələri qurmuşdur. Habelə, Türkiyə Universitetləri  (Gazi Üniversitesi, Yıldız Teknik Üniversitesi, Hacı Bayram Veli Üniversitesi, KTO Karatay Üniversitesi, İstanbul Gedik Üniversitesi) eləcə də Almaniyanın Siegen Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (KNUTD), Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universiteti (Abay Universiteti), Ahmet Yesevi Universiteti (AYU) və Qazax Milli Aqrar Tədqiqat Universiteti (KazNARU) ilə də universitetlərarası qarşılıqlı dostluq əlaqələri yaratmağa nail olmuşdur. 
Bu universitetlər arasında tələbə və müəllim mübadiləsi, Erasmus+ və HORİZON2020 proqramlarında birgə iştirak, birgə elmi tədqiqatların aparılması, ortaq elmi konfranslar və yay məktəbləri keçirilməsi istiqamətlərində əməkdaşlıq MDU-nun qarşısında duran başlıca prioritetlərdəndir. 
Mingəçevir Dövlət Universitetinin digər təhsil ocaqları ilə əməkdaşlıq etmək üsullarından biri də sözügedən ali təhsil ocağında keçirilən elmi tədbirlərlə, o cümlədən elmi seminar, konfrans və simpoziumların təşkili ilə bağlıdır. 
Xüsusən son illərdə keçirilən Respublika konfranslarına 4 may 2021-ci il Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “VƏTƏN MÜHARİBƏSİNDƏ QAZANDIĞIMIZ TARİXİ ZƏFƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİDİR” mövzusunda elmi-nəzəri konfransı, habelə, 4-5 may 2022-ci il tarixində MDU-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “HEYDƏR ƏLİYEV DÜHASI VƏ MÜASİR AZƏRBAYCAN”  adlı konfransları  aid etmək olar. 
 2023-cü il fevral ayının 28–də Mingəçevir Dövlət Universitetinin akt zalında Mingəçevir Dövlət Universiteti və Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının birgə təşkil etdiyi “Heydər Əliyev ili” çərçivəsində Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə həsr olunan “Ümummilli lider: tarix yaradan Heydər Əliyev nümunəsi” mövzusunda birinci elmi-praktik konfrans da bu qəbildəndir.
Universitet respublikadaxili tədbir və konfransların keçirilməsi ilə yanaşı beynəlxalq tədbir və konfransların keçirilməsinə də xüsusi şərait yaradır. 
Universitetin son illərdə  təşkil etdiyi 10-11 dekabr 2021-ci il tarixində  keçirilən  “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər”, 16-17 dekabr 2022-ci ildə keçirilən “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” beynəlxalq konfransları MDU-ya geniş miqyasda müxtəlif ölkələrin Universitetlərindən alimlərin cəlb edilməsi üçün şərait yaratmışdır. 
Eləcə də 24-25 fevral 2023-cü ildə təşkil edilmiş “Hoca Əhməd Yəsəvi” VII beynəlxalq Elmi tədqiqatlar konfransı uğurla təşkil edilmişdir. 
MDU-da keçirilən çoxsaylı tədbirlərin üstün cəhətlərindən biri də Universitetə müxtəlif ölkələrdən gələn elm adamlarının maraq göstərməsi ilə bağlıdır. Bu Universitetin elm və təhsilin birgə inkişafı istiqamətində formalaşmasına şərait yaradır. Universitetin başlıca  strateji hədəfi qloballaşan dünyada Mingəçevir Dövlət Universitetinin digər inkişaf etmiş dünya universitetləri ilə birgə addımlaya bilmək potensialına nail olmaqdır.   
Bu gün 300-dən çox əməkdaşı olan MDU-da 195 professor-müəllim heyəti çalışır. Bundan əlavə, hazırda MDU-da Türkiyənin Qazi Universitetindən 1 dosent fəaliyyət göstərir. 
 Mingəçevir Dövlət  Universitetinin daha da inkişaf etdirilməsi və  müasir tələblərə cavab verən dünya universitetləri ilə yanaşı addımlaması məqsədi ilə artıq MDU-nun yeni standartlara cavab verən kampusunun tikintisinə start verilmişdir. Bütün deyilənlərdən aydın olur ki, gələcəkdə böyük starteji əhəmiyyətə malik Mingəçevir şəhərində həm də ciddi təhsil ocağının formalaşdırılması qarşıda duran vacib prioritetlərdəndir. 
                                                                           
    Filologiya elmləri doktoru, prof. Fərəh Cabbar qızı Cəlil

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI