VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan dünya arenasında ön sıralarda olmağa davam edir və getdikcə Avropa üçün daha cəlbedici tərəfdaşa çevrilir. Prezident İlham Əliyevin 13-14 mart tarixlərində Almaniyaya işgüzar səfəri Azərbaycanın son illərdə Avropa üçün əhəmiyyətinin necə artdığının daha bir nümunəsidir.
VETENİM-AZERBAYCANDIR.AZ AZƏRTAC-a istinadən bildirir ki, səfər çərçivəsində aparıcı alman şirkətlərinin nümayəndələri ilə planlaşdırılmış görüşlər, həmçinin Almaniya Prezidenti Frank Valter Ştaynmayer və Almaniyanın federal kansleri Olaf Şoltsla görüşlər Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişafına daha da təkan verəcək.
Azərbaycanla Almaniya arasında hüquqi və müqavilə bazası yetərincə genişdir. Hazırda 77 sənəd imzalanıb, 7 sənədin layihəsi isə baxışdan keçirilməkdədir.
Bu əməkdaşlıq həqiqətən Azərbaycanın Avropa İttifaqı (Aİ) üzvləri ilə münasibətləri arasında ən uğurlu olanlardandır. İki ölkə arasında iqtisadi əməkdaşlıq son 30 il ərzində yüksək nəticələrə gətirib çıxarıb. Azərbaycanda 200-dən artıq alman şirkəti qeydiyyatdan keçib ki, bunların təqribən 170-i Azərbaycan-Almaniya Ticarət Palatasının üzvüdür. Bu şirkətlər energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, tikinti, bank işi, sığorta, ticarət və servis kimi sahələrdə fəaliyyət göstərirlər.
mAlmaniya arasında əmtəə dövriyyəsi 2022-ci ildə 1,25 milyard dollar təşkil edib ki, bunun 591,3 milyon dolları Azərbaycan ixracının, 663,5 milyon dolları isə idxalının payına düşür. Son il ərzində Almaniya Azərbaycanın xarici ticarətində 8-ci, Azərbaycana ixrac edən ölkələr arasında isə 4-cü yer tutub.
Almaniyaya Azərbaycan neftinin tədarükü ümumi ticarət həcmində əsas dayaq nöqtələrindən biridir. Beləliklə, ötən il Almaniyaya neft ixracının həcmi 881,4 milyon ton, dəyəri isə 563,7 milyon dollar təşkil edib. Eyni zamanda 2022-ci ildə Almaniya Azərbaycan neftinin 10 əsas idxalçıları siyahısına daxil olub.
İki ölkə arasında energetika sahəsində əməkdaşlıq yüksək sürətlə inkişaf edir. Hələ 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın qaz treyderi Uniper SE qaz tədarükü üzrə uzunmüddətli müqavilə bağlayıblar.
Azərbaycan qazını Avropaya nəql edən Cənub Qaz Dəhlizi işə salındıqdan etibarən Uniper bazardakı əsas alıcılardan biridir. Bu, şirkətin qaz satınalması üzrə 2045-ci ilədək davam edəcək uzunmüddətli layihəsidir. Bugünədək Uniper-ə tədarük olunan Azərbaycan qazının həcmi 3,1 milyard kubmetrdir. Ötən il SOCAR Almaniyaya 1,7 milyon xam neft ixrac edib.
Bundan başqa, 2016-cı ildə SOCAR və Uniper Azərbaycanda enerji səmərəliliyi üzrə layihələrin hazırlanması məqsədilə birgə müəssisə yaradıblar. İlk layihə Sumqayıtda "Azərkimya" istehsal birliyinin kimya zavodunda buxar və elektrik enerjisi istehsalı kompleksinin təkmilləşdirilməsi və istismarından ibarət idi. Layihənin 2023-cü ilin yayınadək tamamlanacağı gözlənilir. Zavodda istehsal olunan elektrik enerjisi SOCAR müəssisəsinə, daha sonra isə Azərbaycanın elektrik şəbəkəsinə tədarük olunacaq.
Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpası prosesinə gəlincə, alman şirkətlərinin xüsusən Almaniyanın ənənəvi olaraq çox güclü olduğu bərpa olunan enerji mənbələri, maşınqayırma, avtomobil sənayesi, kimya sənayesi və elektronika sektorlarında iştirakı üçün böyük potensial mövcuddur. Bərpa olunan enerji mənbələri ilə uzlaşan "ağıllı" şəhər və kəndlər konsepsiyası da Almaniya üçün maraq təşkil edən sahələrdən biridir.
İki ölkə arasında turist axını son illər ərzində əhəmiyyətli dərəcədə artıb. 2022-ci ildə Azərbaycana səfər edən almanların sayı təqribən üç dəfə artaraq 14 426 nəfər olub. Eyni zamanda ötən il Almaniyaya səfər edən azərbaycanlıların sayı 21 791 nəfər olub ki, bu da 2021-ci illə müqayisədə 4 dəfə çoxdur.
Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya strateji tərəfdaşlığının hərtərəfli və irəliləyən inkişafının parlaq nümunəsi olmaqla iki ölkə arasında münasibətlərdə yeni səhifə açır.
Bu səfər Azərbaycanın özünün iqtisadi və geostrateji üstünlüklərindən səmərəli şəkildə istifadə edərək Cənubi Qafqazda əməkdaşlıq üçün getdikcə daha çox tərəfdaş cəlb edən aparıcı ölkəyə çevrildiyindən xəbər verir.
VETENİM-AZERBAYCANDIR.AZ