Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Beynəlxalq Qadınlar günü İsveçdə qeyd olundu

Beynəlxalq Qadınlar günü İsveçdə qeyd olundu
10-03-2021, 19:41 1 495 dəfə baxılıb

Beynəlxalq Qadınlar günü İsveçdə qeyd olundu

Martın 7-də İsveç Azərbaycanlılarının Koordinasiya Şurası və İsveç-Azərbaycan Kültür dərnəyi ODLAR YURDU birlikdə 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ”Qadın – dünyanın ən qiymətli varlığı” adlı isveç dilində tədbir keçirdi.

Tədbirdə İsveç Parlamentinin millət vəkili, Yonşöpinq (Jönköping) bölgəsi Sosial Demokrat Partiyası Qadınlar Təşkilatının sədr müavini Diana Laitinen Carlsson “Qadın hüquqları o zaman və indi” və Yönşöpinq (Jönköping) şəhər bölgəsinin şura üzvü, Sosial Demokrat Partiyası Qadınlar Təşkilatının idarə heyətinin üzvü İradə Əliyeva Söderberg “Bir mühacir qadın kimi hüquqları üçün mübarizə” mövzularında çıxış etdilər.

Sonra tədbirdə İsveç-Azərbaycan Kültür dərnəyi ODLAR YURDU-nun sədri, İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının sədr müavini Sevinc Nemətova (Bakılı) ”Azərbaycan qadını ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağıdır” mövzusunda isveçcə çıxış etdi və sonra qadınların bayramını ürəkdən təbrik etdi.

Zoom proqramında olan məsafədən video tədbirdə iştirakçılar bu məsələlərə toxunub, onları müzakirə etdilər və çətinliklərin həlli yollarını birlikdə tapmağa çalışdılar:
Qadınlar – çətinliklər, insan haqları, ailə və uşaq problemləri, təhsil, maariflənmə, bərabərlik, imkanlar, azadlıq, gender bərabərliyi, səsvermə hüquqları, sülh, kişilərlə bərabər əmək haqqı, asılılıqdan azad olmaları, məişət zorakılığı, şiddət, cəmiyyətdə yeri, rolu, vəziyyəti, mövqeyi, hüquqları, nüfuzu və ona münasibət”.

Tədbirə Bakı şəhəri 132–134 saylı məktəbin 8-ci sinif şagirdi Zöhrə Nemətzadə qoşulub, dünyanın ən gözəl və çalışqan qadınlarına doğma Vətənimiz Azərbaycandan salamlar yetirdi. ”Siz bəşəriyyətin keçmişi, bu günü və gələcəyisiniz! Buna görə hər tərifə layiqsiniz! Təşəkkür edirəm, əziz xanımlar! Bayramınız münasibətilə sizi təbrik edirəm!” deyərək tədbirdə iştirak edən qadınları sevindirdi.

Sonra tədbirdə isveçli qonaqlar: Karin Widerberg, Carina Hanell, Marie Pantzar və Anette Höglund çıxış edərək, qadın hüquqlarının müdafiəsi və genişləndirilməsi, qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizlik, qadın həmrəyliyinin simvolu, qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümü barədə olan müzakirələrdə iştirak etdilər.

Birthe Avfander, Batilda Grönborg, Lillemor və İfrah Kirih qadınlar – qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı, aztəminatlı, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün qadınlar, qadının işləmək arzusu oldugu halda, ailəsi və yaxud əri tərəfindən məhdudiyyət qoyulması, qadının aldığı təhsilə uygun iş yerinin olmaması, ümumi mənəvi dəyərlərə, normalar sisteminə və qadın mənafeləri rəmzinə malik olan müxtəlif sosial, demoqrafik, etnik və milli qadın qruplarının birgə fəaliyyət istiqaməti haqqında sorğu-sualda iştirak etdilər.

İsveç Azərbaycanlılarının Koordinasiya Şurası İdarə Heyətinin fəal üzvləri Raziyə Kazımova, Rəşadə Moen, Ramizə Fərəcova və İnci Murtuzayeva qadınlarımızın nailiyyətləri, dərin zəkaları və tükənməz daxili potensialları, fitri istedadlı və yaradıcılıq imkanlı olmaları haqda danışıb vurğuladılar ki, qadınların güclənməsi bəşəriyyətin güclənməsidir, qadınlar elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa qadirdirlər, qadınlar milli dövlət quruculuğu proseslərinin fəal iştirakçılarına çevrilmiş, ölkələrin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişlər və qadınların gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsində böyük rolları var.

Azərbaycanlı həmvətənlər: Reyhan Əliyeva, Mahirə Muxtarova, Ruhiyyə İsayeva, Ülviyyə Nəcəfova və Heyran Xəlifi Bonab də bu tədbirdə fəal iştirak etdilər, mühazirəçilərə maraqlı suallar verdilər, bir çox məsələlərə də aydınlıq gətirməyə çalışdılar.

Sonda “Vətənim-Azərbaycandır.az” saytının təsisçisi və baş redaktoru Kamran Orucov 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə qadınları təbrik etdi, ”Qadın – dünyanın ən qiymətli varlığı” adlı bu tədbirə dəvət olunduğu üçün təşəkkür etdi və Azərbaycanımızı Vətəndən çox uzaqlarda – İsveçdə yüksək səviyyədə tanıtdıqları üçün tədbiri keçirən təşkilatların üzvləri olan qadınlara diaspora fəaliyyətlərində daha böyük uğurlar arzuladı.

Təşkilatçılar İradə Əliyeva Söderberg və Sevinc Nemətova (Bakılı) sonda 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunmus ”Qadın – dünyanın ən qiymətli varlığı” adlı məsafədən video tədbirdə fəal iştiraklarına görə hamıya tək-tək təşəkkür etdilər və dünyanın ən gözəl, zərif, qiymətli varlıqları və həyatın mənası, bəzəyi və əbədi gözəlliyi olan qadınları ürəkdən təbrik etdilər.

8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunmus ”Qadın – dünyanın ən qiymətli varlığı” adlı tədbir maraqlı, maarifləndirici və məhsuldar keçdi.


Vetenim-Azerbaycandir.az

Sabir Ismayılov

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI