13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
"Unutmadıq şəhidim" kitabları şəhid Emin Bağırovun, şəhid Elgün Əzizovun, şəhid Şəhriyar Qasımovun və şəhid Alı Həsənlinin ailələrinə təqdim olunub
Vetenim-Azerbaycandir.az
Fevralın 28-i göz yaşıyla cığır çəkən şəhid ailələrinin ziyarətində olub, şəhidlərimiz haqqında yazdığım "Unutmadıq Şəhidim!" kitablarımı təhvil verdim. İlk getdiyim ünvan Binəqədi qəsəbəsində şəhid Emin Bağırovun ailəsi oldu. Şəhid Emin Bağırov 17.07.1990-cı ildə Binəqədi rayonunda anadan olub.Üç qardaş olublar. Ailənin son beşiyi Emin olub. 118 saylı orta məktəbdə oxuyub. Uşaqlıqdan hərbi xidmətə marağı olan Emin 9-cu sinifdən Naxçıvanskidə oxumaq istəsə də atası razı olmayıb. Bəlkə də oğlunu itirmək qorxusunu hələ o zamandan hiss edən ata, elə məhz buna görə Eminin hərbiçi olmasını istəmirmiş. 2014-cü ildə Emin məktəbi bitirib hərbi xidmətə yollanır. Hərbiçi olmaq arzusundan əl çəkməyən igidimiz hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Dəstəyə yazılır. 6 aylıq çətin sınaq müddətini birinciliklə bitirir. Hərbi xidmətinin bitməsinə baxmayaraq evə qayıtmayan igidimiz döyüşlərə tələsir. Dəstənin 19 yaşlı ən gənc əsgəri Aprel döyüşlərinin qurbanı olur. 2016-cı il tarixə qara hərflərlə yazılan Aprel günləri Eminin də həyadını dondurur. Vətən oğlu Vətən uğrunda şəhid olur. Aprelin 6-sı Bakı şəhərində son mənzilə yola salınır. Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə " lll medalla təltif olunur. Şəhidimizin nur üzlü anası bizi qapıda qarşıladı. Atası Eminlə bağlı xatirələrindən danışdı. Qardaşının səmimi rəftarı ilk dəfə gördüyümüz bu ailəni xəyallarımıza həkk etməyə bəs etdi. Söhbətimiz zamanı Emin Bağırova həsr olunan müxtəlif kitablarla da tanış oldum. Hətta şəhidimizin qardaşı kitablardan birini mənə hədiyyə etdi. Ailə ilə sağollaşıb üz tutduq şəhid Baş Leytenant Elgün Əzizovun ailəsinə. Əzizov Elgün Elman oğlu 01.08.1990-cı ildə Şamaxı rayonu Qurdtəpə kəndində anadan olub. Ailədə 5 uşaqdan üçüncüdür Elgün.1996-cı ildə Bakı şəhəri Binəqədi rayonunda yerləşən Qorxmaz Baxşıyev adına 179 sayılı tam orta məktəbdə 1-ci sinifə başlayıb və 2007-ci ildə orta məktəbi bitirib. 2007-ci ildə Müəllimlər Universitetinin Tarix fakültəsinə Şamaxı filialına qəbul olub. 2011-ci ildə ali təhsilini başa vurduqdan sonra Hərbi xidmətə yollanıb. 2012-ci ildə hərbi xidmətini bitirib. 2013-cü ildə ailə həyatı qurub və 3 uşaq atası olub. Ailəsinə və ətrafındakı insanlara qarşı çox diqqətcil insan olub. 2016-cı ilin noyabır ayına qədər müxtəlif işlərdə işləyib,2016-cı ilin noyabır ayında MN təlim tədris mərkəzinə daxil olaraq oranı uğurla başa vurub. 2017-ci il fevralın 14-də Leytenant vəzifəsində xidmətə başlayıb. 2020-ci il fevralın 23-də Baş Leytenant rütbəsinə layiq görülüb. Bu illər ərzində vəzifəsini şərəflə davam etdirən, əsgərinə və Vətəninə bağlı Elgün Əzizov 27.09.2020-ci il tarixində başlamış "İkinci Qarabağ" Vətən müharibəsində iştirak edib. 06.10.2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə öz əsgərini xilas etmək istəyərkən 2 güllə yarası almasına baxmayaraq döyüş meydanını tərk etməyib, qanının son damlasına kimi vuruşaraq qəhrəmancasına şəhid olub. 7 oktyabr xalqın böyük izdihamı ilə Müşviqabad qəsəbəsində dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid Elgün Əzizov " Vətən uğrunda" mədalı ilə təltif olunub. Kitabı şəhidimizin anasına təhvil verib, yolumuzu salırıq şəhid Şəhriyar Qasımovun ailəsinə. Qasımov Şəhriyar Vəzir oğlu 07.11.1995-ci ildə Bərdə rayonu Hüseyinbəyli kəndində anadan olub. 2013-cü ildə Bakı şəhərində məzun olub. Məzun gününün köynəyində "Mən Qarabağı sevirəm" yazdırıb. 2013-cü il tarixində Hərbi xidmətə Tovuza yola düşüb. Xidmət dövründə, xidmətdə fərqləndiyi üçün kiçik çavuş rütbəsi alıb. Daha sonra Tovuz döyüşlərində iştirak üçün könüllü ön cəbhəyə gedib. 2015-ci ildə Azərbaycan Respublikası Yüksək Rabitə və informasiya texnologiyaları nazirliyinin Binəqədi rayonu filialında çalışıb. 2020 ci-il təhsilini artırmaqdan ötrü Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət peşə təhsil mərkəzinə daxil olub. Elə həmin ki il, yəni 2020-ci ildə könüllü olaraq, qismən səfərbərlik elan edilməmişdən öncə, Nərimanov rayonu Hərbi Komissarlığında qeydiyyatdan keçib. 29. 09.2020-ci ildə cəbhəyə yollanıb. Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonu döyüşlərində fəal iştirak edərək, 26.10.2020 il qəhrəmancasına şəhid olub. Evin tək oğludur. Bir bacısı var. Özü dəfələrlə ailə üzvləri və dostları ilə Qarabağ mövzusunun müzakirəsi zamanı döyüşə gedəcəyi və şəhid olmağ istəyinə önəm verdiyini söyləyib. Uşaqlıqdan arzusu Qarabağda şəhid olmağ idi. Bir dəfə məktəbdə, müəllimə soruşur ki, arzunuz nədir. Şəhriyar:"Muəllimə, mən şəhid olmağ isdəyirəm" deyir. Muəllimə niyə böyük zirvələr düşünürsən deyəndə. Şəhriyar: "Ən böyük zirvəni isdəyirəm". Şəhidlikdən boyuk zirvə yoxdur deye cavab verib. Atasi deyir ki ,normal heyatda ağlamağı heç sevməyən, həmişə göz yaşlarını gizlədən Şəhriyar şəhid xəbərlerini eşitdikcə hönkür-hönkür ağlayıb mən də gedməliyəm deyirdi. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şəhid Şəhriyar Qasımov "Vətən uğrunda" medalı ilə təltif olunub. Gözəl ana, gözləri hələ də oğul yolu gözləyən qəmli ana qapının kəndarında dayanıb yolumuzu gözləyir. Elə özü qarşılayıb evə dəvət edir bizi. Otaq şəhidimin şəkilləri ilə üçrəngli bayrağımın ahənginə düşüb elə bil. Şəhidimin adını çəkdikcə anasının yanaqlarını göz yaşları yuyub, ovuclarını isladır. Şəhidimin anası doğma balası kimi bağrına basır bizi. "Bircə oğlum var idi, onsuz yaşaya bilmirəm" dedikcə, mənim qəlbim göynəyir. Çərçivədə yazdığım şeiri səsləndirməyimi istəyir ana. Sözünü yerə salmayıb səsləndirirəm. Yenə də göz yaşları alov kimi yaxır qəlbimi. Söhbətimiz zamanı ana göz yaşlarını saxlaya bilmir. Müharibənin ilk günlərindən könüllü gedən bircə oğlunun qızğın döyüşlərin içində olduğu halda "Cəsur döyüşçü" kimi tanıdılmamasından gileylənir. "Mənim balam mərd olub, heç kəsin ürək etmədiyi qızğın döyüşlərdə sinəsini qabağa verib. Onun igidliklərini döyüş yoldaşları hələ də danışır. Yaralı olduğu halda irəli atılan oğul olub Şəhriyar. Mənim ondan başqa kimim var ki? Məni həyata bağlayan heç nə qalmayıb daha. Bir tək istəyim oğlumu tanısınlar. Necə ki, bu Vətən uğrunda qəhrəmancasına döyüşərək şəhid olub, eləcə də bu Vətənin Milli Qəhrəmanı, Cəsur döyüşçüsü kimi tanınsın. Balam layiq olduğu kimi yad edilsin. Unudulmasın. Mənim tək təsəllim budur ki, balama layiqincə dəyər verilsin, yad edilsin" Göz yaşlarını silə bilmədiyim qadının, göz yaşlarında boğuluram elə bil. Gücüm çatmır rəsmlərə çəvrilən balasını şəkillərdən qoparıb, özünə qaytarmağa. 6 yaşlı oğlum belə anaya yaxınlaşıb dilə gəlir ki "ağlamayın" Divardakı şəkillərə baxıram, bir də ananın göz yaşlarını silməyə çalışan oğluma. Sözlərim boğazımda düyünlənir. Kəlmələrib ürəyimdə yükə çevrilir. Elə bu zaman şəhid Alı Həsənlinin ailəsinə kitabı təhvil verib qayıdan yoldaşım qapıdan girir. Şəhid Alı Həsənli Həsənli Alı Nofəl oğlu 22 İyun 1995-ci ildə Bakı şəhərində anadan olub. 1 sentyabr 2001-ci ildə Bakı şəhəri, Nizami rayonu, Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 1ci sinifinə qəbul olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Geofizika Mühəndisliyi” fakültəsinə qəbul olub. 2016-cı ildə həmin ixtisası bitirib. Həsənli Alı 2016-cı ilin 20 iyul tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanmış, Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə Radiotelefonçu ixtisası üzrə hərbi xidmət keçmişdir. 2017-ci il iyul ayının 4də hərbi xidməti başa vurub. Universitet illərindən və həqiqi hərbi xidməti başa vurduqdan sonra bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. 2018-ci ilin dekabr ayından etibarən SOCAR Təhlükəsizlik idarəsində təhlükəsizlik əməkdaşı kimi çalışıb. 2020-ci ilin 21 Sentyabr tarixində SHXÇDK-nin Bakı şəhəri Nizami rayonu şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələri sıralarına yenidən çağırılmışdır. 27 Sentyabr 2020-ci il tarixində müzəffər Azərbaycan Ordusunun erməni təcavüzkarlarına qarşı başlatdığı “Vətən Müharibəsi”ndə iştirak etmiş, Füzuli və Cəbrayıl rayonlarının azadlığı uğrunda mübarizədə xüsusi rəşadət göstərmişdir. 21 oktyabr 2020-ci il tarixində “Vətən Müharibəsi”ndə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid Alı Həsənli "Vətən uğrunda" medalı ilə təltif olunub. Ailə ilə sağollaşmaq vaxtı çatır. Şəhidimizin anası məni bağrına basıb, kitabı şəhidimizin güşəsinə yerləşdirir. Qapıya qədər bizi ötürüb, nəmli gözləri ilə arxamızca baxır. Esmira Günəş "Unutmadıq şəhidim" layihəsinin rəhbəri