Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır

Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
29-10-2024, 18:05 38 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

​​​​
Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərindən biri çoxtərəfliliyə və beynəlxalq əməkdaşlığa dəstək verməkdir. Prezident İlham Əliyev Kazan şəhərində XVI BRICS Sammitindəki çıxışında bunu bir daha bəyan etdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.
Çoxtərəflilik prinsipi ölkələrin ortaq məqsədlər uğrunda birgə səylər göstərərək qlobal problemləri həll etmək üçün vahid bir çərçivədə fəaliyyət göstərməsi deməkdir. Azərbaycan bu prinsipə güclü sadiqliyini nümayiş etdirmiş və son illərdə Qoşulmama Hərəkatında dördillik sədrliyi zamanı beynəlxalq münasibətlərdə çoxtərəfliliyin güclənməsinə yönələn siyasət yürütmüşdür. Qoşulmama Hərəkatında sədrliyi zamanı Azərbaycan qlobal problemlərin həllində beynəlxalq əməkdaşlığı təşviq etmiş və özünün institutlaşma prosesini gücləndirmişdir. Azərbaycan BRICS kimi çoxtərəfli platformalarla əlaqələrini inkişaf etdirərək həm Qlobal Cənub, həm də Qlobal Şimal ölkələri arasında körpü rolu oynamağa çalışır və öz xarici siyasət strategiyasını bu prinsip üzərində qurur.
Azərbaycanın strateji yerləşməsi və inkişaf etmiş infrastruktur layihələri onu Avrasiya regionunun ən mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşərək regional yükdaşımaların keçdiyi əsas arteriyalara çevrilmişdir. Ölkə iqtisadiyyatının davamlı artımını təmin etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə bu dəhlizlərin ötürücülük imkanlarını artırmağa yönələn böyük sərmayələr yatırılır. Azərbaycan regional və beynəlxalq ticarət əlaqələrinin inkişafına imkan yaradan bu kimi loqistika layihələri ilə həm də dünya miqyasında təsirini artırır.
Azərbaycanın növbəti ayda ev sahibliyi edəcəyi COP29 konfransı ölkənin qlobal iqlim dəyişikliyi məsələsində oynadığı fəal rolu əks etdirir. Konfransda təxminən 200 ölkənin nümayəndəsi iştirak edəcək. Prezident Əliyevin Kazan Sammitindəki çıxışında qeyd etdiyi kimi, Azərbaycan Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik. Azərbaycanın beynəlxalq hüququn aliliyi, qarşılıqlı hörmət və dövlətlər arasında müdaxiləsizlik prinsiplərinə bağlılığı, iqlim sahəsində beynəlxalq əməkdaşlıqda ölkənin fəal iştirakını təmin edir.
BRICS Sammitində Azərbaycan və Ermənistan liderlərinin görüşü regionda sülhün bərqərar olunmasına yönəlmiş mühüm bir addım idi. Görüşdə ikitərəfli sülh gündəliyi çərçivəsində sülh sazişi, sərhədlərin delimitasiyası və digər önəmli məsələlər müzakirə olunub. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin tezliklə yekunlaşdırılması barədə tapşırıqlar verilib. Bu görüşün məhz BRICS Sammitində keçirilməsi Azərbaycanın çoxtərəfli platformalardan istifadə edərək regional münaqişələrin həllinə töhfə vermək istəyini bir daha göstərir. Azərbaycan Ermənistanla münasibətlərdə sülhün təmin olunmasına və əməkdaşlıq imkanlarının genişləndirilməsinə xüsusi önəm verir.
2006-cı ildə təsis edilmiş və bu gün 9 üzvdən ibarət olan BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə, beynəlxalq nizamın daha ədalətli olmasına töhfə verən bir geosiyasi blokdur. BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təmsil edərək mühüm bir iqtisadi güc mərkəzinə çevrilmişdir. Bu təşkilat, beynəlxalq hüququn qorunması və ərazi bütövlüyü prinsiplərinə sadiqliyini göstərərək dünya siyasətində demokratikləşmə prosesinə töhfə verir. Azərbaycanın BRICS ilə əlaqələr quraraq çoxtərəfli diplomatiyanı gücləndirməsi həm regional, həm də qlobal səviyyədə daha sabit və davamlı bir mühitin formalaşmasına dəstək verir.
Prezident İlham Əliyevin XVI BRICS Sammitindəki çıxışı Azərbaycanın çoxtərəfli əməkdaşlıq prinsiplərinə olan bağlılığını, beynəlxalq arenada möhkəmlənən təsirini, bölgədə sabitlik və sülhün qorunmasına verdiyi töhfələri bir daha ortaya qoydu. Azərbaycanın coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və qlobal iqlim tədbirlərində fəal iştirakı onun həm Qlobal Cənub, həm də Qlobal Şimal arasında körpü rolunu gücləndirir. BRICS və Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalardan istifadə edərək Azərbaycan qlobal problemlərin həllində konstruktiv rol oynamağa, regional və beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə davam edir. Bu çıxış Azərbaycanın böyük siyasətdəki mövqeyini daha da möhkəmləndirərək ölkənin strateji əhəmiyyətini və beynəlxalq səviyyədə təsirini artırır.
Mədaxil Cavadlı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI