VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan klassik vokal məktəbinin banisi, Xalq artisti Bülbülün anım günüdür. Sənətkarın vəfatından 63 il ötür.
Murtuza Məşədi Rza oğlu Məmmədov 1897-ci il iyunun 22-də Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə doğulub.
1907-ci ildə Bülbül Şuşa mollaxanasında təhsil almağa başlayıb. 1909-cu ildə o, Gəncəyə köçüb. Gəncədəki fəaliyyəti ilə gənc xanəndə şöhrətə qovuşub. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət ediblər.
Bülbül peşəkar səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb. 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" ("İbn Salam"), "Əsli və Kərəm" ("Kərəm"), Z.Hacıbəyovun "Aşıq Qərib" ("Qərib") operasında rol alıb. O, Üzeyir Hacıbəylinin "Koroğlu" operasında baş rolun ilk və ən yaxşı ifaçısı hesab olunur.
Bülbül 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını bitirərək, Vətənə geri dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.
1932-ci ildə Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılıb. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlayıb.
Bülbül 1938-ci ildə "SSRİ Xalq artisti" adına layiq görülüb, 1940-cı ildə professor seçilib, 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olub.
O 1961-ci ilin bu günü, yəni sentyabrın 26-da Bakıda vəfat edib. Sənətkar Birinci Fəxri xiyabanda dəfn olunub.
Müğənninin Vətənində - Şuşada bürünc büstü quraşdırılıb.
1992-ci ildə Şuşanın işğalından sonra büst (Natəvan və Üzeyir Hacıbəyovun büstləri ilə birlikdə) Gürcüstan ərazisinə çıxarılıb. Sonralar hər üç sənətkarın büstü Azərbaycan tərəfindən alınıb. Uzun illər Bakıda İncəsənət Muzeyində saxlanılıb və Şuşa 2020-ci ildə azad olunduqdan sonra Prezident İlham Əliyev Şuşaya ilk səfəri zamanı Bülbülün, Natəvanın və Üzeyir Hacıbəyovun büstlərinin yenidən Şuşada açılışını edib.
1976-cı ildən Bakıda Bülbülün xatirə ev-muzeyi fəaliyyət göstərir. 1992-ci ilə qədər Şuşada yerləşən ev-muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı idi. 2021-ci il avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.
2012-ci ildə Bülbülün yaşadığı evin yaxınlığındakı Bülbül prospektində tuncdan hazırlanan abidəsi ucaldılıb.
Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan Bülbül özündən sonra zəngin bir irs qoyub gedib və mənsub olduğu xalqın qəlbində əbədiyaşarlıq qazanıb.