Polad Həşimovun şəhid olmasının ildönümüdür
14-07-2024, 13:20
165 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, general-mayor Polad Həşimovun şəhid olmasının ildönümüdür.
O, iyulun 14-ü Azərbaycan-Ermənistan sərhədində, Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Qeyd edək ki, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Qəhrəmanımız burada 28 nömrəli, sonra isə 34 nömrəli məktəblərdə təhsil alıb.
1992-ci ilin dekabrında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsinə qatılıb. Həmçinin 1993-cü ildə baş verən dövlət çevrilişi cəhdin qarşısının alınmasında iştirak edib. Polad Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlar keçirib.
Vətəninə layiqli xidmətə görə Polad Həşimov “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” medalları ilə, “Vətənə xidmətə görə” III dərəcəli orden ilə, 2016-cı ildə Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə “Vətənə xidmətə görə” II dərəcəli orden ilə mükafatlandırılıb. Bundan əlavə, “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal ilə təltif olunub.
Həşimov 2-4 aprel 2016-cı ildə Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə 1-ci Ordu Korpusunun Qərargah rəisi olub. Ağır döyüş zamanı yaralanıb. Hal-hazırda həmin istiqamətdəki postlardan biri “Polad postu” adlanır.
25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib, daha sonra o, 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.
2020-ci il iyulun 12-si Tovuz rayonu istiqamətində düşmən, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub. 14 iyul tarixində döyüşlər zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də beş hərbi qulluqçumuz qəhrəmancasına şəhid olublar.
Onun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. 15 iyul tarixində isə II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.
General-mayora ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.
Bakıda, Sumqayıtda və Qəbələdə küçələrə Polad Həşimovun adı verilib. Bundan əlavə, paytaxtımızda və Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adını daşıyan parklar salınıb.
Hörmətlə anırıq.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<