Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, “Rayonun KQB sədri mənə dedi ki, ey türk, axırınız yoxdur...” adlı veriliş Dərəçiçək mahalının Axta rayonunun Təkəli kənd sakini Zahid Həsənovanın həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq illərindən söz açıb, orta məktəbdə ermənilərlə birlikdə oxuduğunu, müxtəlif oyunlar oynadıqlarını xatırladıb: “Bizim məktəbdə həm ermənilər, həm də biz oxuyurduq. Biz çox üstünlük təşkil edirdik. Haradasa 100-150 uşaq azərbaycanlı idisə, 10-15 nəfər erməni idi. Uşaqlığımız çox mülayim, yaxşı keçib. Biz həmişə yarışlarda ermənilərə üstün gəlmişik. Təkəli kəndində 170-ə yaxın evin 20-də ermənilər yaşayırdı. Ermənilər həmin kəndə 1915-1918-ci illərdə Türkiyədən gətirilib məskunlaşdırılmışdılar. Kənddə camaat tayfa ilə tanınırdı. Günümüz bulaqların başında, meşələrdə gül yığmaqla keçərdi”. Z.Həsənov qaçqınlıq illərindən danışıb: “1988-ci ilin fevral ayı idi. Bizim Axta rayonunun Təhlükəsizlik Komitəsinin sədri erməni idi. O, erməni qonşumun doğma əmisi oğlu idi. Bir dəfə dedilər ki, səni sədr çağırır. Getdim qonşumgilin evində oturublar. O mənə dedi ki, ey türk, sizin axırınız yoxdur, çalış uşaqlarını buradan çıxar. Dedim niyə? Dedi ki, bu vəziyyəti görmürsənmi, millətin qabağını ala bilməyəcəyik. Elə səhəri gün bizim kəndə 6 TIR gəldi, əşyalar yükləndi və getdi. Biz iyunun 3-4-də kənddən çıxdıq. Bakıya gəldik, Zabratda məskunlaşdıq. Bizim kəndin camaatı 1949-cü ildə yenə deportasiya olub. Saatlı rayonuna gəliblər. İnsanlar istiyə dözə bilməyib. Camaat görüb ki, yaşamaq mümkün deyil, yenidən Qərbi Azərbaycana, Axta rayonuna qayıdıblar. Gediblər ki, öz kəndləri artıq yoxdur, darmadağın dağıdıblar. İnsanları cəmləşdirib Təkəli kəndinə yığıblar. Babam həmişə söhbət edərdi ki, türkün əsgəri olub. Sarıqaya deyilən yerdə türkün topları düzülübmüş. Erməni o topların qorxusundan müsəlmana zərər verməyib. O deyərdi ki, Nuru başa bizim kənddən keçib. Cavanları dəvət edib ki, gəlin, Azərbaycana köməyə gedək. Onlar Mərdəkana kimi gəliblər, milləti azad ediblər. Geri qayıdanda Nuru paşa deyib ki, çocuqlarım, gəlin bizimlə Türkiyəyə gedək. Sizin burada axırınız yoxdur. Babam deyir, biz isə dedik ki, bəs Vətən, bəs ata, bəs valideyn?! Bu gözəl yeri buraxıb getmək olarmı? Getməyiblər”. Onun sözlərinə görə, doğma yurdu hər gün yuxuda görür, Vətən həsrəti ilə yaşayır: “Mən yenidən o gözəl yerlərə qayıdacağıma əminəm. Üləşik kəndində babalarımın, atamın qəbrini ziyarət edəcəyəm. Oradan doğulduğum Təkəlli kəndinə gedəcəyəm. Bizim buna ümidimiz var. Ona görə ki, bizim İlham Əliyev kimi Prezidentimiz var. Biz ora mütləq qayıdacağıq, yaşayacağıq”. Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.