Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ulu əcdadlarımızın bizə müqəddəs yadigarı

Ulu əcdadlarımızın bizə müqəddəs yadigarı
18-03-2024, 09:40 277 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Novruz bayramı ulularımızdan bizə yadigar qalan, xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur. Təbiət bayramı – Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə ifadə edən Novruz bayramı Azərbaycanda hər il möhtəşəm şəkildə qeyd edilir. Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərliyinin hələ birinci dövründə milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmış, hətta keçmiş imperiyanın sərt rejimi dövründə belə Novruz bayramının yüksək səviyyədə keçirilməsinə nail olmuşdu. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da xalqımız Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlayıb. Müstəqilliyini əldə etdikdən 30 ilə yaxın bir müddətdə xalqımızın ümdə bir arzusu var idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi. 1998-ci il martın 20-də məcburi köçkünlər üçün keçirilən Novruz şənliyində Ulu Öndər Heydər Əliyev də bu haqda qeyd etmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasəti ilə xalqımızın arzusunu və Ulu Öndərin vəsiyyətini reallaşdırdı. Artıq dördüncü ildir ki, Novruz bayramı işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda qeyd olunur. “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!” deyən, möhtərəm Prezidentimiz İlham Əliyev həm də 30 illik bir həsrətə son qoydu, müdrik Azərbaycan xalqının arzularını, istəklərini reallaşdırdı, həyata keçirdi. Məhz, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərlə müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Bu il də Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir. İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. Əmin olmağa dəyər ki, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik. Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Aparılan uğurlu dövlət siyasəti nəticəsində artıq Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqıları məlumatlıdırlar. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri təqdirəlayiqdir. Mehriban xanım Əliyevanın 2004-cü il avqustun 13-dən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Həmçinin 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sayəsində xalqmızın milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanıdılması üçün həyata keçirilən bu işlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab edilməlidir. Milli bayramımız olan Novruz bayramının həm də özünə xas xüsusiyyətləri, öz fəlsəfəsi var. Xalqımız Novruz bayramına qədər böyük ruh yüksəkliyi ilə dörd bayram çərşənbəsini qeyd edir. İlk çərşənbə Su çərşənbəsi, ikinci çərşənbə Od çərşənbəsi, üçüncü çərşənbə Yel çərşənbəsi, dördüncü çərşənbə isə ilaxır çərşənbəsi – Torpaq çərşənbəsi adlanır. Saflıq, təmizlik, həmrəylik, barışıq bayramı olan Novruz bayramında həm də təbiət oyanır, ağaclar çiçəkləyir, baharın müjdəsini xəbər verən bənövşə, nərgiz, novruz gülü açır, yazın ətri duyulur, küsülülər barışır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Novruz bayramı həm də Azərbaycanın zəngin tarixini, folklorunu, qədim adət - ənənələrini özündə əks etdirən bir milli bayramdır. Artıq biz Novruz bayramını qalib xalq olaraq qeyd edirik, bu isə misli görünməmiş xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən qazanılmış Zəfərdə həyatını düşünmədən Vətənə qurban verən və bizə bu xoşbəxtliyi yaşadan igidlərimizə Allahdan bir daha rəhmət, qazilərimizə şəfa arzulayıram.


Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI