Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Könüllülərin komandiri

Könüllülərin komandiri
8-06-2021, 08:57 1 000 dəfə baxılıb


   Vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. Ötən ilin son aylarına təsadüf edən, Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi.    Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.

   Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Bu cür mübariz gənclərimizdən biri də Toğrul Həsənbala oğlu Nağıyev idi.

   Bu gün doğum günü olan şəhidimiz Toğrul Nağıyev 2000-ci il iyunun 8-də Şəki şəhərində anadan olub.  2005-ci ildə Şəki şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. Eyni zamanda həmin il paralel olaraq Şəki şəhər 2 saylı Uşaq Musiqi məktəbini qarmon ixtisası üzrə başa vurub və Şəki Musiqi Kollecinə qəbul olub. 2018-ci ildə kolleci qarmon müəllimi ixtisası üzrə bitirib. 

   2018-ci il iyul ayının 11-də Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlayıb və Füzulidə yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2020-ci ilin yanvarında ordudan tərxis olumub. Həqiqi hərbi xidmətdə olarkən atasını itirmiş Toğrul Nağıyev ailənin tək övladı idi.  Kiçik bir rəqs məktəbi açmışdı. Vətənə sevgisi elə güclü oldu ki, tənha anasını, dostlarını, işini buraxıb könüllü olaraq cəbhəyə getdi.Həm də dəfələrlə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Şəki rayon şöbəsindən geri qaytarılmasına baxmayaraq getdi. Bir insan vətənini ancaq bu qədər sevə bilər.

   Azərbaycan Ordusunun əsgəri olan Toğrul Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Toğrul Nağıyev oktyabrın 13-də Ağdərə istiqamətində şəhid olub. Oktyabr ayının 14-də Şəki şəhərində dəfn olunub.

   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.  Subay idi. Allah rəhmət eləsin.

 

Zaur Müslümov

Şəki şəhər 11 nömrəli tam

 orta məktəbin tarix müəllimi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI