Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Vətənpərvərlik içdən gələn sevgidir

Vətənpərvərlik içdən gələn sevgidir
31-01-2021, 21:00 1 116 dəfə baxılıb

Yüz illərdir ki, şeirlər yazılır, qələm susmur, duyğular səhifələrdən dolub-daşır, gözlər bulağa dönür, göz yaşları axır, sətir-sətir qəm, kədər, ələm yüklənir misralara. Sonra bir-bir eşq, sevgi, xoşbəxtlik, səadət düzülür ard-ardınca, amma yenə könüllərindəki boşluğu doldura bilmir şairlər. “Onlar özləri üçün bir sevgi, məhəbbət evi qurmaq istəyirlər, elə bir ev ki, burada musiqilər susmur, divarlar mahnılardan hörülür və tavanlar da rəqs edir ...” (Rumi.) Nəsibə İsrafilqızı da belədir, nə qədər yazsa da, dolmur ürəyindəki boşluq. Onun üçün tar-kaman, muğamatdır, nar giləsi, nar dənəsi, Qarabağın zənguləsidir, başı qarlı Ağrı dağdır... sevgi. Sevgi onun üçün - Azərbaycandır!..İsmayılova Nəsibə İsrafil qızı 1972-ci ilin dekabrında Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində anadan olub, ixtisasca filoloqdur. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan Nəsibə İsrafilqızı “Gözüm qaldı Ağrı dağda”, “Könlümün səsi”, “Abbasqulu bəy Şadlinski”, “Mən də o kənddənəm”, “Övlad”, “Mən xoşbəxtəm”, “Bir qucaq gül” və s. kitablarının müəllifi, “Vedibasar” qəzetinin redaktoru, “Sevgi” jurnalının təsisçisi və baş redaktorudur.Şair-publisist Nəsibə İsrafilqızının yaradıcılıq yolu doğulub-böyüdüyü, uzun illərdən bəri ayrı düşdüyü Vedibasardan başlayır... Şeirə, sənətə kiçik yaşlarından meyil salıb, elə bu yaşlarında da böyük mətbuatda ilk addımlarını atıb. İlk yazısı “Azərbaycan pioneri” qəzetinin 6 dekabr 1985-ci il tarixli nömrəsində çap olunub. Elə o vaxtdan da böyük mətbuata aparan yolda qarşısında yanan yaşıl işığı sönməyə qoymadı Nəsibə...Onun forma və məzmunu bir-birini yüksək səviyyədə tamamlayan şeir nümunələrində xalqının tarixi, yaşam tərzi, azadlıq mücadiləsi, qəhrəmanlığı sözlə cızılmış kiçik-kiçik tablolarda o qədər aydın görünür ki... “Azərbaycanım”, “Mən də o kənddənəm, o kənddən, qardaş”, “Gecələr yadıma kəndimiz düşür”, “Vedili, yoxsa ki, Qarabağlısan?”, “Anaların anası”, “Minnətdaram, müəllim!”, “Anama”... bu və digər şeirlərində gerçəkliklər, yaradıcılıq axtarışlarının yeni tapıntıları, metodları, şairin ürəyindən, ruhundan, qopan yeni səslə təqdim olunur. 2007-ci ildə onun axtarışlarının, tapıntılarının məhsulu olan “Abbasqulu bəy Şadlinski” kitabı işıq üzü gördü. “Abbasqulu bəy Şadlinski” tarixi - mənzum romanı mənəvi dəyərlərinə görə ən böyük yaradıcılıq işi idi və onun ədəbi aləmdə tanınmasında böyük rol oynadı. Qüdrətli qələm sahibləri əsər haqqında fikir söyləyib, onu müxtəlif aspektlərdən dəyərləndirdi.
Nəsibə İsrafilqızı nə yazırsa sevgi ilə yazır, duyub yazır. Yaxşı bilir ki, dövrlə, zamanla səsləşən poeziya yaratmaq üçün şair layiqli övlad məhəbbəti, fədai əzmi, mətanəti ilə vətənin - Azərbaycanın xidmətində durmağı, xalqın, ata yurdun tarixini yaşatmağı bacarmalıdır, əks-təqdirdə sənət də, ədəbiyyat da zamanın sərt sınaqlarına tab gətirə bilməz. Məhz bu baxımdan da onun yaradıcılığında əsas mövzu ana Vətən - Azərbaycan, xalqının taleyidir:
Unudulub babaların bizlər üçün tökdüyü qan,
Unudulub diri-diri yandırılan
Neçə min can.
Biz beləyik-unutqanıq,
Bu günahı kimə yazaq?
Gəlin yaxın bir düşünək,
Yazılanı necə pozaq?!.
O, barışmır dünyanın haqsızlıqları ilə, hayqırır, işğala məruz qalmış ərazilərdə yerlə-yeksan edilmiş kəndləri, xarabazara çevrilmiş şəhərləri, mədəniyyət ocaqlarını, uçurulmuş abidələri, öldürülmüş körpələri, sinəsi dağlı anaların naləsini heç zaman unutmamağa səsləyir. Ayrılıq, həsrət, Vətəndə vətənsizlik dərdini, qaçqın, köçkün taleyini yaşayan bu nisgilli qələm sahibi Vətənin, xalqın mənliyini, ləyaqətini öz mənliyi, dərdini şəxsi dərdi sayır. Qələmdaşları ilə bir sırada Vətən uğrunda savaşın önündə gedən vətəndaş şairdir Nəsibə xanım:
Ayağa qalx, Vətən oğlu, ayağa qalx, qoç Koroğlu,
Torpağını, bayrağını qorumalı türkün oğlu.
Mən qələmlə, sən qılıncla qorumalı bu Vətəni,
Qovmalıyıq yurdumuzdan nankor çıxan o gədəni.
1942-ci ildə Tbilisidə Zaqafqaziya xalqlarının antifaşist mitinqindəki çıxışında: “Qoy keçilməz Qafqaz dağlarının dibi görünməyən dərələri işğalçılar üçün məzarıstan olsun” - deyən Səməd Vurğun Böyük Vətən müharibəsinin ilk günündə yazırdı:
Bilsin ana torpaq, eşitsin vətən,
Müsəlləh əsgərəm mən də bu gündən,
Bu gün bir süngüdür əlimdə qələm.
Nəsibə İsrafilqızı da qələmini müharibənin ilk günündən süngüyə çevirdi, müsəlləh əsgər oldu, qələmi susmadı, Vətən sevdası ilə döyünən nəğmə dolu ürəyi hər çırpındıqca bir qəhrəmanlıq nəğməsinə həyat verdi.
44 günlük müharibə Vətən məfhumuna da yeni, daha ciddi və dolğun bir məzmun aşıladı, döyüşçülərimizin vətənpərvərlik duyğuları gücləndi. Azərbaycan əsgərinin düşüncəsindən süzülüb gələn bu idi: “Vətənini qorumaq - bəşəriyyətin nəcib arzularını qorumaq deməkdir”. Kim nə deyir-desin, döyüşçü nə qədər əzmli, güclü olsa da sənət əsərlərinə, xüsusən də yeni sözə, şeirə böyük ehtiyac duyur, onu özünün qiymətli mənəvi qidası, ikinci silahı kimi qəbul edir. Nəsibənin şeirləri, bu şeirlərə yazılan mahnılar da arxa və ön cəbhədə ruh yüksəkliyini artırır, qəhrəmanlıq duyğularını coşdururdu.
Şeirlərinin güclü ideya motivi olan Vətən və vətənpərvərlik mövzusu müharibə dövründə daha da güclənir, Vətən və xalq şairin gözləri önündə indiyədək görünməmiş yeni bir qüvvətlə canlanırdı. Vətənə, xalqa məhəbbət, düşmənə nifrət hissi qabarıq görünən, qüvvətli hiss və hərarətlə yazılan bu şeirlərdən musiqi axıb süzülürdü. Həmin dövrdə respublikanın tanınmış musiqi ifaçılarının səsləndirdiyi bu mahnılar radio dalğalarının, mavi ekranların bəzəyi oldu: “Türk oğlu”, “Azərbaycanım”, “Qarabağ Azərbaycandır”, “Şanlı ordum zəfər çaldı”, “Odlar yurdum”, “Ordum var” və s. dillərdə əzbər oldu. Onu da deyək ki, “Ordum var” mahnısı İsrailin mədəniyyət işçisi Senya Salman tərəfindən Azərbaycan və yəhudi dillərində öz ölkəsində səsləndirilib. Bu da özlüyündə xalqlar arasında dostluq münasibətlərinə ən gözəl nümunədir.
Nəsibə xanımın fəaliyyət dairəsi genişdir. İşinin çoxluğuna, vaxtının azlığına baxmayaraq, mahnılarından ibarət disk hazırlamağa üstünlük verir. Bu iş ilk dəfə SSRİ Xalq artisti Lütfiyar İmanovla başlayıb. Müğənni 2007-ci ildə şairin sözlərinə yazılmış “Mən bahara vurulmuşam”, “Çiçək mənəm”, “Barışacaqsan”, “Minnətdaram müəllim” mahnılarını diskə yazdırıb və ictimaiyyətə təqdim edib. Ötən il isə Xalq artisti Gülyanaq Məmmədova ilə birgə hazırladığı “Azərbaycan” adlı disk işıq üzü görüb. Onun ən uğurlu mahnılarından biri də “Nar giləsi, nar dənəsi, Azərbaycan təntənəsi”dir. Şeirin motivləri əsasında hazırlanan videoçarx 2015-ci ildə Birinci Avropa oyunlarının açılış mərasimində nümayiş etdirilmişdir. Onu da qeyd edim ki, “Nər oğlum” adlı poeması əsasında bəstəkar Məmməd Cəfərof tərəfindən kantata yazılmışdır. 2014-cü ildə Nəsibə İsrafilqızının Nizami Cəfərovla birgə müəllifi olduğu “Mirəfsəl Təbib və ya bir şairin poetikası” adlı kitabı nəşr olunub və maraqla qarşılanıb. 2018-ci ildə çap olunan ölkə başçısına həsr etdiyi “Sonetlər çələngi” adlı miniatür kitabçaya müəllifin vətənpərvərlik ruhunda yazılmış şeirləri daxil edilmişdir.
Nəsibə İsrafilqızı həm də fəal ictimaiyyətçi, xeyriyyəçidir. Tez-tez şəhid ailələrinə baş çəkir, qazilərlə görüşür, onların problemlərinin həllinə köməklik göstərir. Sahibkar Qadınlar İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup ziyalı xanımla Gəncə şəhərində olmuş, müharibədən əziyyət çəkənlərə yardımlar edilmişdir. “El gücü” Beynəlxalq Humanitar Assosiasiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri kimi tez-tez müxtəlif mövzularda tədbirlər təşkil edir. Hazırda igid general, şəhid Milli Qəhrəman Polad Həşimova həsr etdiyi poema üzərində işləyən Nəsibə İsrafilqızı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən vətənpərvərlik mövzusunda yazdığı şeir, məqalə və mahnılara görə “Milli Ordu-100” və “AVMİB-25” medalı, türk mədəniyyətinə və Azərbaycan Ədəbiyyatına etdiyi xidmətlərə görə çağdaş Azərbaycan Kültür Dərnəyi tərəfindən xüsusi mükafatla təltif olunub.
Arzuları çoxdur: “Mən taleyimdə həm qaçqınlıq, həm də köçkünlük həyatı yaşamış bir azərbaycanlıyam. Artıq köçkün olmadığım üçün çox sevinirəm. Gün o gün olsun ki, daha qaçqın da olmayım” - deyir:
Əcəl gəlib alsa əgər üstümü,
Görməsəniz göyə qalxan tüstümü,
Nə ad verin, nə də qoyun büstümü,
Vedimə qaytarın, qaytarın məni.
Milyonların arzusudur. Arzuların gerçək olması isə Tanrının əlindədir, uzağı yaxın edən Tanrının. Bir də ki, Şuşadan, Laçından, Kəlbəcərdən Vediyə nə qaldı ki?!.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI