Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İlham Əliyev Azərbaycan Müəllimlərinin XVI Qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb

İlham Əliyev Azərbaycan Müəllimlərinin XVI Qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb
15-12-2023, 11:32 186 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ



Prezident İlham Əliyev Azərbaycan Müəllimlərinin XVI Qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Bununla bağlı 

VETENİM-AZERBAYCANDIR.AZ məlumat yayıb. 

Müraciətdə deyilir:
“Azərbaycan Müəllimlərinin XVI Qurultayının öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, ölkəmizin təhsil işçilərinə ən xoş arzularımı yetirir, hamınıza cansağlığı və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.
Bu qurultay “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi və ümummilli liderin 100 illik yubileyinə həsr olunması ilə əlamətdardır. Ulu öndər genişmiqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşmış və misilsiz qayğı göstərmişdir. Təhsil ocaqlarımız yüksəliş mərhələlərini məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaşamışdır. Milli təhsildə zamanın çağırışlarına müvafiq, gələcək perspektivlər yönündə atılan uğurlu addımlar həmin dövrdə ardıcıl surətdə gerçəkləşdirilmiş dövlət siyasətinin nəticəsidir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından bəri keçən müddətdə təhsilin bütün pillə və səviyyələrində innovativ təşəbbüslərin tətbiqi genişləndirilmişdir. Təhsil sistemində idarəetmənin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə, universitetlərimizin beynəlxalq reytinq cədvəllərində irəliləməsinə, təhsilin elmlə inteqrasiyasının dərinləşdirilməsinə daim xüsusi diqqət yetirilir. Kadr ehtiyatının səriştəlilik baxımından gücləndirilməsi, müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Azərbaycan təhsil sisteminin mütərəqqi beynəlxalq meyarlara əsaslanması rəqabətqabiliyyətli insan kapitalının hazırlanması prosesinə töhfəsini verməkdədir. İstedadlı gənclərimizin xarici ölkələrin tanınmış ali təhsil müəssisələrində təhsil almalarına dövlətimiz hər bir lazımi dəstəyi təmin edir.
Vətən müharibəsindəki parlaq qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilən məktəblər artıq fəaliyyətdədir. Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları oxuyurlar. Yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır.
Ötən dövrün dolğun təhlilini apararaq təhsil sahəsində strateji məqsədlərə nail olmaq və “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş hədəflərə çatmaq əzmi ilə ali məclisinizin ətraflı müzakirələr şəraitində mühüm qərarlar qəbul edəcəyinə və ölkənin intellektual potensialını təhsildə dayanıqlı inkişaf naminə sıx birləşdirəcəyinə əminəm.
İnanıram ki, xalqımıza Zəfər sevinci yaşadan igid və qəhrəman övladlarımızın formalaşması naminə müstəsna əmək sərf etmiş fədakar müəllimlərimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyümələri üçün var qüvvə ilə çalışacaqlar”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI