VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycanın Avropaya qaz tədarükü ildən ilə artmaqdadır. Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalandı və bu memoranduma görə 2027-ci ilə qədər Avropaya göndərilən Azərbaycan qazının həcminin iki dəfə artırılması nəzərdə tutulur.Bu günlərdə Cənub Qaz Dəhlizi sistemində yeni interkonnektorun işə salınması ilə Azərbaycan qazının istehlakçılarının da sayı artdı. Hazırda təbii qazımız səkkiz ölkəyə ixrac edilir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Bu əlamətdar hadisə ilə əlaqədar Serbiyaya səfər edən ölkə başçısı İlham Əliyev Niş şəhərində Serbiya – Bolqarıstan Qaz İnterkonnektorunun açılışı mərasimində iştirak edib.
Azərbaycanın həm Serbiya, həm də Bolqarıstanla əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. İnterkonnektorun fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətləri daha da dərinləşdirəcək və Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcək.
Bolqarıstan Prezidenti Rumen Radev açılış mərasimindəki çıxışında bunu belə dəyərləndirdi:
“Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin, Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir”.
Avropa Komissiyası da Azərbaycanın bu töhfəsini yüksək dəyərləndirir və ölkəmizi etibarlı tərəfdaş adlandırır. Bu il bütövlükdə Avropa məkanına 12 milyard kub metr həcmində təbii qazın ixrac ediləcəyi gözlənilir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin, eləcə də uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizinin fəaliyyəti Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.
Bütövlükdə Azərbaycan tərəfindən irəli sürülmüş və icra edilmiş bütün enerji layihələri Avrasiyanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycanın Avropa ölkələri ilə strateji tərəfdaşlıq prinsiplərinə uyğun şəkildə qurduğu və qarşılıqlı iqtisadi faydaya əsaslanan əlaqələri bütövlükdə Avropa İttifaqının maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlıq üçün etibarlı zəmin yaradır. Gələcəkdə qaz təchizatının coğrafiyasının daha da genişləndirilməsi və Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni bazarlara çıxış əldə olunması planlaşdırılır.
Keçən il Avropa İttifaqı ilə imzalanmış Yaşıl enerjinin ötürülməsi haqqında Anlaşma Memorandumu gələcək əməkdaşlığımızın daha yüksək səviyyəyə qalxacağından xəbər verir. Bu layihənin də uğurla icra edilməsi məqsədilə artıq 10 qiqavat həcmində bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanıb. Enerji istehsalı sənayesində innovativ metodların tətbiqi və bərpa olunan enerji növlərinin istehsalı və ixracı hələ uzun müddət gələcək onilliklər ərzində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın müstəsna rolunu qoruyub saxlayacaq. Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına xidmət edən uzaqgörən siyasətinin təzahürüdür.