Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sərgi ilə bağlı məlumat verdi.
Paytaxt Bakı Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi edir. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. 1998-ci ildə yaradılan proqrama Azərbaycan 2002-ci ildə qoşulub və birliyin fəal üzvlərindəndir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.
SPECA-nın yaradılmasının 25 illiyi münasibəti ilə təşkil olunan sərgi Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilir. Bakı Ekspo Mərkəzinin 4 min kvadrat metrlik sahəsini əhatə edən sərgidə ancaq SPECA ölkələrinin stendləri yer alır. Həmin stendlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsulları nümunələri nümayiş olunur. Bütün stendlər Azərbaycan tərəfindən vahid dizayn formatında quraşdırılıb.
Prezident İlham Əliyev “Azərxalça” ASC tərəfindən hazırlanan "Bizi birləşdirən dəyər" instalyasiyasının üzərindəki ağ örtüyünü götürməklə sərginin rəsmi açılışını etdi. Bu instalyasiya SPECA ölkələrinin əməkdaşlıq əlaqələrini əks etdirir.
Sərginin Azərbaycan Milli Stendinin mərkəzində “Made in Azerbaijan” markası ilə istehsal olunan məhsullar nümayiş etdirilir. Burada Azərbaycanın 33 şirkətinin istehsal etdiyi spirtli içkilər, meyvə şirələri, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, qurudulmuş meyvələr, süd məhsulları, kosmetik vasitə çeşidləri və “ABAD”çı sənətkarların hazırladıqları əl işləri təqdim olunur.
Dövlətimizin başçısı Azərbaycan Milli Stendi ilə tanış oldu.
Milli Stend iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf və innovasiyalar, nəqliyyat infrastrukturu və tranzit, energetika, müdafiə sənayesi, turizm, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı kimi istiqamətləri əhatə edir.
Müdafiə Sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, sərgidə nazirliyin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. olmaqla 88 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilir. Əvvəlki sərgilərdən fərqli olaraq bu sərgidə ilk dəfə yeni yaradılan “AH-12,7” iri çaplı pulemyot da təqdim olunur.
Sərginin İqtisadi inkişaf blokunda ölkəmizin zəngin iqtisadi resursları, dayanıqlı və inklüziv inkişaf modeli, rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər, iqtisadi-ticari əlaqələrə dair məlumatlar əksini tapıb. Blokda, həmçinin davamlı makroiqtisadi sabitliyi şərtləndirən amillərlə yanaşı, ölkə iqtisadiyyatına cəlb edilən investisiyalar, dövlətin dəstək mexanizmləri və reallaşdırılan dövlət proqramları barədə məlumat verilir. Qeyd olunur ki, son 20 il ərzində ölkəmizdə ümumi daxili məhsul istehsalı (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, yəni, ÜDM-in real həcmi 4 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri isə 2002-ci ildə olduğu 0.9 milyard dollardan 20 dəfədən çox artaraq 18.01 milyard dollara yüksəlib. Stenddə ölkəmizin iqtisadi inkişaf göstəricilərindən bəhs edən videoçarx da nümayiş olunur.
Sənaye blokunda isə ölkədə aparılan uğurlu sənayeləşmə siyasəti nəticəsində əldə olunan nailiyyətlər, zəngin xammal resursları, sənaye istehsalının rəqabət qabiliyyətinin yüksəldilməsi, sənayenin inkişaf istiqamətləri, eləcə də sənaye parkları və məhəllələri, qeyri-neft sənayesinin dinamik inkişafı barədə məlumatlar əks olunub. Diqqətə çatdırılır ki, 2002-2023-cü illərdə ölkədə 4 min 95 sənaye müəssisəsi yaradılıb. 2002-ci ildə sənayedə istehsal həcmi 1.6 milyard dollar olduğu halda, 2022-ci ildə bu rəqəm 10.4 milyard dollara çatıb.
Sərgidə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər, ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiya, dayanıqlı inkişafının təmin olunması, ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edilir. 2021-2023-cü illər ərzində 10 min kvadratkilometrdən çox ərazidə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən 7 milyard dollar vəsait ayrılıb.
Bu sərgidə Ümummilli Lider Heydər Əliyevə həsr edilən xüsusi stend də nümayiş olunur. Burada Ulu Öndərin 100 illiyinə həsr olunmuş videoçarx, Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən 11 kitabın nüsxəsi və markalar təqdim edilir. Bundan başqa, stenddə “AzerGold” QSC tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istehsal edilən “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkə də nümayiş olunur.
Dövlətimizin başçısı SPECA-nın digər üzv dövlətlərinin -Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın və Özbəkistanın stendləri ilə tanış oldu. Stendlərdə üzv ölkələrdə istehsal olunan məhsullar nümayiş etdirilir.
Qeyd edək ki, sərginin məqsədi iştirakçı ölkələrin iqtisadi potensialını nümayiş etdirmək, birlikdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını müzakirə etmək və üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndirməkdir.
Mərkəzi Asiya ölkələri və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik vahid tarixi-mədəni və coğrafi regiondur. Son dövrlər dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasında iqtisadi əməkdaşlığın ikitərəfli formatda inkişafını təşviq edir. Eyni zamanda, bu regionun beynəlxalq arenada artmaqda olan nüfuzu ölkələrimizin sıx əməkdaşlığını labüd edir. Bu baxımdan SPECA çərçivəsində fəaliyyət çoxtərəfli əməkdaşlığın inkişafı üçün münbit zəmin yaradır.
Sərgidə İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Triptix” üçlü xalça kompozisiyası təqdim olunur. Burada həmçinin “44” kolleksiyası da nümayiş olunur. Bu xovlu xalça kolleksiyası “Qasımuşağı” adlı Qarabağ xalçasının nadir kompozisiyasından ilhamlanaraq məhdud sayda- 44 ədəd toxunub.
Sərginin açıq sahəsində iştirakçı ölkələr tərəfindən nəqliyyat vasitələri, həmçinin sənaye, kənd təsərrüfatı, müdafiə sənayesi, energetika və digər sahələrə aid avadanlıqlar və ağır texnikalar nümayiş olunur.
Sərginin sonunda sahibkarlar üçün biznes forumun keçirilməsi nəzərdə tutulur.
13:38Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib.
“Report” xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.