Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 1 iyunda keçirilmiş 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Azərbaycanda enerji sahəsinin müstəqillik dövründə keçdiyi inkişaf yoluna, cari vəziyyətə və gələcək perspektivlərə dair fikir və mülahizələrini tədbir iştirakçıları ilə bölüşdü. O diqqətə çatdırdı ki, Azərbaycanın enerji strategiyasının, o cümlədən “Əsrin müqaviləsi”nin həyata keçirilməsində, ilk növbədə, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərləri mühüm rol oynamışdır. Daha sonra isə “Şahdəniz” qaz yatağının işlənməsi nəticəsində Azərbaycanın enerji sektorunda neftlə bərabər qaz istehsalı və ixracı da mühüm yer tutmuşdur. Qaz ixracında 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum boru kəməri xüsusən ilkin mərhələdə vacib rol oynayıb. Hazırda isə Azərbaycanın təşəbbüsü ilə yaradılmış 3500 km-lik Cənub Qaz Dəhlizi bu sahədə ölkəmizin rolunu əhəmiyyətli dərəcədə artırmış, onu mühüm qaz ixracatçısına çevirmişdir.
Bu fikirləri "Vətənim-Azərbaycandır.az" AZƏRTAC-a istinadən açıqlamasında Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.
Bu il Cənub Qaz Dəhlizi vasitəsilə ixrac olunacaq qazın həcminin 24 milyard kubmetrə çatacağının gözlənildiyini qeyd edən A.Əliyev deyib ki, bununla belə, xüsusilə Avropada Azərbaycan qazına tələbat artmaqdadır. “Lakin qaz sektoru spesifik sahədir, bir ay və ya bir neçə ay ərzində qaz istehsalını kəskin şəkildə artırmaq mümkün deyil. Bunu həyata keçirmək üçün danışıqlar aparmaq, müqavilələr imzalamaq və müvafiq işlər görmək, o cümlədən Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətini genişləndirmək lazımdır. Ona görə də potensial tərəfdaşlar arasında sıx əlaqələndirmə, yaxın əməkdaşlıq və dialoq tələb olunur. Bakı Enerji Həftəsi bu məsələlər barədə fikir mübadiləsi aparmaq baxımından əlverişli platformadır. Çünki burada maraqlı hökumət və dövlətlərin rəsmiləri, ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edir”, - deyən parlament sədrinin müavini əlavə edib ki, Azərbaycan iri enerji şirkətləri və müxtəlif ölkələr ilə bu sahədə uzunmüddətli, etibarlı və səmərəli əməkdaşlıq və tərəfdaşlıq təcrübəsinə malikdir.
Adil Əliyev xatırladıb ki, ABŞ və Böyük Britaniya Azərbaycanın yürütdüyü enerji siyasətini daim dəstəkləyib. Britaniyanın BP şirkəti Azərbaycan üçün strateji tərəfdaş və aparıcı investordur. Eləcə də Avropa İttifaqı ölkələri və Avropa Komissiyası Azərbaycanla enerji sahəsində yaxından və məhsuldar tərəfdaşlıq qurublar. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak ediblər. Xüsusilə qeyd edilməlidir ki, enerji sahəsindəki uğurlu tərəfdaşlıq Azərbaycanın Türkiyə və Gürcüstanla münasibətlərini yüksək səviyyəyə qaldırıb. Beləliklə, yürüdülən enerji siyasəti Azərbaycanın xarici siyasətinə və beynəlxalq münasibətlərinin də uğurlu inkişafına ciddi töhfə verib.
Milli Məclis sədrinin müavini deyib ki, Azərbaycan enerji sahəsində əldə etdiyi uğurlarla kifayətlənmir, yeni perspektivləri inkişaf etdirmək əzmi və iradəsi göstərir. Dördüncü Sənaye İnqilabının gətirdiyi yenilik, fürsət və imkanlardan enerji sektorunda bəhrələnmək Azərbaycanın iqtisadi prioritetləri sırasındadır. Bu baxımdan, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi əhəmiyyət verir və bu istiqamətdə xarici tərəfdaşlarla artıq böyük layihələrə start verilib. “ACWA Power” və “Masdar” kimi enerji şirkətləri Azərbaycanda günəş və külək enerjisi stansiyaları inşa edirlər. BP Şirkəti ilə işğaldan azad edilmiş Cəbrayıl rayonunda bərpaolunan enerji layihəsinin həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır. Eləcə də Xəzər dənizinin Azərbaycan sektorunun nəhəng bərpaolunan enerji potensialının və işğaldan azad edilmiş digər ərazilərin, o cümlədən Kəlbəcər və Laçın rayonlarının bərpaolunan enerji potensialının reallaşdırılması nəzərdə tutulur. Bu layihələr Azərbaycan iqtisadiyyatının enerjiyə artan tələbatını qarşılamaqla yanaşı, xaricə elektrik enerjisi ixracının həcmini də əhəmiyyətli surətdə artırmağa imkan verəcək.
Çıxışında Prezident İlham Əliyev qeyd etdi ki, Zəngəzur təkcə nəqliyyat dəhlizi deyil, həm də enerji dəhlizi kimi çıxış edə bilər. Enerji sektorunun şaxələndirilməsi nəticə etibarilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verəcək.
Beləliklə, Prezident İlham Əliyevin çıxışı zamanı verdiyi bəyanatlar və onların praktik təzahürləri, görülən işlər və onların ilkin nəticələri Azərbaycanın enerji sektorunun inkişafında yeni mərhələyə qədəm qoyduğu qənaətinə gəlməyə əsas verir.