Dünya mətbuatı VIII Qlobal Bakı Forumundan materiallar dərc etməkdə davam edir.
“
Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Gürcüstanın aparıcı “gaxa.ge”, “24news.ge”, “interpress.ge”, “qruzinform.ge” portalları və “1tv.ge” televiziya kanalı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi nitqlə bağlı materiallar yerləşdiriblər. “gaxa.ge” portalı Azərbaycan Prezidentinin çıxışının tam mətnini yayıb. Digər portallar isə dövlətimizin başçısının fikirlərindən xəbərlər hazırlayıblar.
Rumıniyanın qabaqcıl “News24hours” xəbər portalı Prezident İlham Əliyevin Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirləri yayıb. Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı təklifə hələ də cavab verməməsi, eləcə də Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı konstruktiv təklifi barədə dövlətimizin başçısının səsləndirdiyi fikirlər xəbər və video formatda oxucuların diqqətinə çatdırılıb. Məqalələrdə COVID-19 pandemiyası, Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlərdən də bəhs edilib, forumun aparıcı beynəlxalq təsisatlardan birinə çevrildiyi vurğulanıb.
Yaponiyanın “ajmedia.jp” saytı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən növbəti Qlobal Bakı Forumu barədə geniş məlumat yayıb.
“Bakı növbəti dəfə siyasi mərkəz rolunda - Dünya liderləri Bakı Qlobal Forumuna müraciət edir” adlı məqalədə Qlobal Bakı Forumunun tarixi, üzvləri və burada müzakirə edilən məsələlərin qlobal əhəmiyyəti barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, bu forum qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçılarını, nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. 2013-cü ildən bu günədək sayca 7 Qlobal Bakı Forumu və 42 Yüksək Səviyyəli Toplantı keçirilib.
Məqalədə VIII Qlobal Bakı Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışına da geniş yer verilib. Dövlətimizin başçısının öz çıxışında Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizədə dünyaya təqdim etdiyi pozitiv nümunə modeli, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması, Azərbaycanın BMT qətnamələrini özünün icra etməsi və digər önəmli məsələlərə toxunduğu qeyd edilib.
Foruma dünya liderlərinin böyük diqqət və maraq göstərməsi də yazıda əksini tapıb. Vurğulanıb ki, foruma dünya ölkələri və beynəlxalq təşkilatlar səviyyəsində olan geniş maraq Azərbaycanın dünyada artan nüfuzunun, Prezident İlham Əliyevin yaratdığı yeni reallıqların və siyasi gücünün göstəricisidir.
Məqalədə foruma 40 ölkədən təxminən 300 iştirakçının qatıldığı və onun öz işini noyabrın 6-dək davam etdirəcəyi barədə məlumat da əksini tapıb.