Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Yeni sülh platforması: Türkiyə Cənubi Qafqazdan Rusiyanı sıxışdırır? - TƏHLİL

Yeni sülh platforması: Türkiyə Cənubi Qafqazdan Rusiyanı sıxışdırır? - TƏHLİL
1-09-2021, 09:50 247 dəfə baxılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanı Azərbaycanla sülh sazişi bağlamağa çağırması Türkiyənin vasitəçi kimi prosesə qoşulmasından xəbər verir.
İndiyədək sülhməramlı əməliyyatlar, danışıqlar, sərhədlərin demarkasiyası və digər məsələlərlə bağlı vasitəçilik missiyasını əsasən Rusiya yerinə yetirib. Bu isə bölgədə İkinci Qarabağ müharibəsindən sonra Rusiyaya geosiyasi üstünlüyü öz xeyrinə təmin etməyə imkan verib. Lakin son günlər Türkiyənin diplomatik fəallığının artması rəsmi Ankaranın bölgənin gələcək düzəninin müəyyənləşməsindən kənarda qalmaq istəmədiyini göstərir.
Qeyd edək ki, “Azərbaycan Ermənistanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağı təklif edir” - deyən Türkiyə Prezidenti Ermənistanda qurulan yeni hökumətin bölgə üçün faydalı olmasını diləyərək bölgədə yeni, konstruktiv yanaşmalara ehtiyac olduğunu bildirib:
“Fikir ayrılıqları olsa da, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət də daxil olmaqla etimad əsasında yaxşı qonşuluq münasibətlərinin inkişafı üçün səmimi səy göstərmək məsuliyyətli bir hərəkət olardı. Yaxın tarix düşmənçilik mənbəyi olmamalıdır. Davamlı sülh və bir yerdə yaşamaq üçün konstruktiv addımlar atılmalıdır. Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik”.
Ərdoğan qeyd edib ki, hazırda sülhü və sabitliyi daimi etməli, iqtisadi inkişaf və regional əməkdaşlıq üçün şərait yaratmalıyıq:
“Azərbaycan da oxşar anlayışla Ermənistanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağı təklif edir. Üçtərəfli Bəyannamədə razılaşdırıldığı kimi bütün bölgəni birləşdirməklə Cənubi Qafqazı dəyişdirən yeni imkanlar formalaşacaq. Bu tarixi fürsətdən yaxşı istifadə etmək istəyən bütün tərəflərlə işləməyə hazırıq. “5 və ya 6” platforma tövsiyəmiz var. Bu platformaya Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan daxildir.
Hətta dedik ki, bura Gürcüstanı da daxil etməliyik. Platforma bu şəkildə qəbul olunsaydı, düşünürəm ki, bölgə daha rahat olardı. Çünki bölgədə dəmir yolu və avtomobil yollarının çəkilməsinə ehtiyac var. Belə bir addım atmaqla bölgədəki problemləri aradan qaldıracağıq. Bunları cənab Putinlə müzakirə edərkən razılaşdıq. Eyni şəkildə İlham Əliyevlə razılaşdıq. Bu arada İranda prezident dəyişikliyi oldu. Bu barədə İranın yeni prezidenti ilə də danışa bilərik”.
Cənab Ərdoğanın bu açıqlaması ilk növbədə, Ermənistanla yanaşı, həm də Rusiyaya və İrana bir sıra ünvanlanmış ciddi mesaj kimi qəbul oluna bilər. Dövlət başçısı Türkiyənin iştirakı olmadan bölgədə sülhün və əməkdaşlıq platformasının mümkün olmadığına işarə edir. Bölgədə yeni geosiyasi konfiqrurasiyanın formalaşmasına səbəb olan İkinci Qarabağ müharibəsinin nəticələrinin meydana çıxmasında Türkiyənin mövqeyi əsas rol oynayıb. Ona görə də Türkiyə postmünaqişə dövründə diplomatik müstəvidə də öz maraqlarının nəzərə alınmasını istəyir. Müharibədən sonra vasitəçi kimi ATƏT-in Minsk qrupunun fəaliyyəti siyasi cəhətdən deaktivasiya olunub. Rusiyanın vasitəçilik missiyası isə indiyə qədər ciddi nəticə verməyib.
Moskvanın iştirakı ilə Ermənistan və Azərbaycan arasında imzalanmış 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar Bəyannamələri tam yerinə yetirilməyib. Sülhməramlı hərbi kontingentin fəaliyyəti də bitərəflik prinsipinin pozulması ilə müşahidə olunur. Rusiya hərbçilərinin gəlişindən sonra nə Qarabağdan Ermənistan qoşunlarının nə də silahlı terror qruplaşmalarının tamamilə çıxarılmasına nail olunmayıb. Azərbaycan Ordusunun mövqeləri Rusiya sülhməramlılarının nəzarət bölgəsində olan ərazilərdən atəşə tutulur. Sərhədlərin demarkasiyası prosesində də Rusiyanın vasitəçiliyi yarımçıq qalıb. Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma isə kağız üzərində qalıb.
Minsk qrupunun fəaliyyətini canlandırmaq səyləri baş tutmadığından ABŞ və Fransa bölgədəki vəziyyətə daha çox Ermənistan hakimiyyətinin vasitəsilə təsir göstərməklə prosesi pozmağa çalışır. Buna baxmayaraq, ABŞ və Fransa bir ilə yaxındır bölgədə itirdiyi geosiyasi üstünlüyü bərpa edə bilmir. Mövcud siyasi konyuktur Türkiyənin dövriyyəyə daxil olmasını şərtləndirir. Ermənistanın Azərbaycanla sülh sazişinin bağlanmasına razılıq verməsi Türkiyə ilə sərhədlərin də açılmasına səbəb olacaq. Ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyanın “Biz Türkiyədən müsbət siqnallar alırıq” - deməsi və ardınca Prezident Ərdoğanın sözügedən açıqlaması yaxın müddətdə Türkiyə-Ermənistan-Azərbaycan formatında yeni sülh platformasının meydana çıxacağını proqnozlaşdırmağa əsas verir.
Hətta Türkiyə ilə Ermənistan arasında qapalı danışıqların getdiyi də istisna olunmur. Bu müzakirələr yalnız ikitərəfli münasibətlər fonunda deyil, Azərbaycanla Ermənistan arasında vasitəçilik formatında da aparıla bilər. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ilk növbədə, Ermənistan və Azərbaycan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınmasına dair razılaşma olmaldır. Ermənistan Azərbaycana və Türkiyəyə ərazi iddiasından imtina etməlidir.
Çünki Ermənistan Türkiyəyə qarşı ərazi iddiası və düşmənçilik siyasətindən əl çəkməsə, sərhədlərin açılması baş tuta bilməz. Mühüm şərtlərdən biri kimi Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası başa çatdırılmalıdır. Buna nail olmaq üçün Ermənistan işğal altında saxladığı Qazax rayonunun yeddi kəndini, Sədərək rayonunun Kərki kəndini Azərbaycana qaytarmalıdır. Eyni zamanda, Kəlbəcər istiqamətində ermənilərin mübahisəli hesab etdiyi yüksəkliklərdən Azərbaycanın postlarının çəkilməsi tələbini İrəvan imtina etməlidir. Artıq Gorus-Qafan rayonunun Qubadlı rayonununa düşən 21 kilometrlik hissəsinin, eləcə də Ayvazlı və Çayzəmi kəndlərinin Azərbaycana ərazisi kimi tanınması ilə Paşinyan hökumətinin razılaşdığına dair məlumatlar var. Azərbaycan hərbçilərinin həmin yolu üç gün bağlı saxlaması da Ermənistana ciddi xəbərdarlıq mesajı idi. Yəni rəsmi İrəvan Zəngəzur dəhlizinin açılması ilə barışmasa, Ermənistanın şimalı ilə cənubunu birləşdirən magistral yol bloklanacaq.
Bu isə Ermənistanı iqtisadi cəhətdən iflic vəziyyətinə sala bilər. Şərqi Zəngəzura nəzarəti ələ keçirən Azərbaycan lazım gələrsə, Zəngəzur dəhlizini öz gücünə aça bilər. Üçüncüsü, əgər Ermənistan 10 noyabr və 11 yanvar bəyannamələri ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməsə, Azərbaycan növbəti mərhələdə Laçın dəhlizini bağlamaq hüququqndan istifadə edəcək. Təbii ki, burada mesajın digər tərəfləri Qarabağa qanunsuz yüklərin keçirilməsini təmin edən İrana və Rusiyaya çatır. Çünki Gorus-Qafan yolu İranı Ermənistanla birləşdirən əsas magistraldır.
Azərbaycan bu yolu bağlamaqla İranın ümumiyyətlə, Ermənistanla əlaqəsini kəsmək iqtidarında olduğunu nümayiş etdirdi. Ona görə də İran bölgədəki yeni siyasi reallıqları nəzərə almalıdır. Çox gümün ki, Prezident Ərdoğan “İranın yeni prezidenti ilə danışmağa hazırıq”- deyərkən məhz “Beşlik və ya altılıq” platfortması çərçivəsində əməkdaşlığı yeni siyasi reallıqlara uyğun qurmağın vacibliyinə toxunur.
Rusiya da Laçın dəhlizi vasitətəsilə silah və hərbçilərin Qarabağa keçməsinə şərait yaradır. Azərbaycan belə hallara son qoyulmasa Laçın dəhlizini də bağlayacağına işarə etdi. Ümumilikdə isə, Ermənstanın xüsusilə ABŞ-ın maraqlarına uyğun siyasi manipulyasiya etməsi Zəngəzur dəhlizinin açılmasında maraqlı olan Rusiya üçün problemlər yaradır.
Bu baxımdan, Azərbaycanın Paşinyan hökumətinə artan son təzyiqləri Moskvanın maraqlarına cavab verir. Türkiyənin təkliflərinin Ermənistanda qəbul olunması Zəngəzur dəhlizinin açılması deməkdir. Rəcəb Tayyib Ərdoğanaın bölgədə dəmir yolu və avtomobil yollarının çəkilməsinin vacibliyi məsələsini Vladimir Putinlə müzakirə edəcəklərini deməsi yaxın perspektivdə Ermənistana qarşı təzyiqlərin artacağından xəbər verir. Türkiyə və Rusiya ortaq mövqedən çıxış edərsə, o zaman sərhədlərin demarkasiyası prosesində Ermənistan geri çəkilməyə məcbur olacaq. Prezident Ərdoğanın açıqlamasını şərh edən erməni türkoloq Varujen Geqamyan yaxın perspektivdə Paşinyan hakimiyyətinin Türkiyənin tələblərini qəbul edəcəyini bildirib.
“"Əgər qeyri-müəyyən diplomatik formulları bir kənara qoysaq, o, əslində Ermənistanla münasibətlərin normallaşması üçün ilkin şərtlərini yenidən yazıb” - deyə Geqamyan özünün “Facebook” səhifəsində qeyd edib.
O, Türkiyə Prezidentinin aşağıdakı ismarıcları verdiyini deyib:
-Münasibətlərin tənzimlənməsi dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanmalıdır, yəni Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır;
-Yaxın keçmişin tarixi bu yolda əngəl olmamalıdır; Birtərəfli ittihamlar əvəzinə gələcəyə yönəlmiş barışdırıcı yanaşmalar olmalıdır. Ermənistan Türkiyəni 20-21-ci əsrlərdə “erməni soyqırımı” və Azərbaycanla birlikdə “cinayətlər” törətməkdə ittiham etməyi dayandırmalıdır;
-Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamalıdır, yəni Qarabağdan imtina etməlidir;
-9 noyabr tarixli üçtərəfli bəyanatın öhdəlikləri yerinə yetirilməlidir, yəni Zəngəzurdan keçən Türk dəhlizi açılmalıdır.
“Bunlar Türkiyənin Ermənistanla əlaqələr qurmaq və Ermənistan-Türkiyə sərhədini açmaq yolunda irəli sürdüyü ön şərtlərdir”, - deyə Geqamyan yazıb.
“De-fakto erməni hakimiyyət orqanlarının Türkiyədən gələn müsbət impulslarla bağlı açıqlamalarını və Ərdoğanın Ermənistanın yeni hökumətinin bölgə üçün müsbət təkan olacaq sülh proqramının həyata keçirilməsinə böyük istəyi haqqında bəyanatını nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, əgər yaxın gələcəkdə Ermənistan-Türkiyə münasibətlərində hər hansı əhəmiyyətli inkişaf olarsa, bu, faktiki olaraq Ermənistan hakimiyyətinin yuxarıda göstərilən ilkin şərtlərlə razılaşdığı anlamına gələcək”, - deyə erməni ekspert qeyd edib

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI