Qubadlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə 2021-ci il 14 oktyabr tarixində Sumqayıt şəhər Şəhidlər Xiyabanında, 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Mustafayev Rüfət Zöhrab oğlunun Anım günü tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidimizin yaxınları, cümə məscidinin axundu hacı Rauf, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu. Eyni zamanda vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdir. Belə ki, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Digər çıxışlarda vurğulandı ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.
Şəhidimizin atası Zöhrab Mustafayev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Sonda Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq sarayında ehsan süfrəsi verildi.
Qeyd edək ki, rayonun Dondarlı kənd sakini (əslən Aşağı Xocamsaxlı kəndindəndir) Mustafayev Rüfət Zöhrab oğlu 12 mart 1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur.
2013-cü ildə Sumqayıt şəhərində yerləşən 18 saylı tam orta məktəbini bitirərək Azərbaycan Texniki Universitetinə qəbul olmuş, 2017-ci il tarixdə universiteti bitirmişdir. 2019-cu ilin oktyabr ayının 23-də həqiqi hərbi xidmətə çağrılmış, Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi döyüşlərində fəal iştirak etmiş, cəsarəti və cəsurluğu ilə seçilmişdir.
9 oktyabr 2020-ci il tarixdə Suqovuşan və Talış kəndləri uğrunda gedən qızğın və üzbəüz döyüşdə qəhrəmancasına şəhid olmuş və Sumqayıt şəhər “Şəhidlər xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Mustafayev Rüfət Zöhrab oğlu ölümündən sonra “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Subay idi.
Allah rəhmət eləsin!