Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.
DİM-dən bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda azda təşkil olunacaq.
İmtahan saat 11:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda 70 imtahan binası, 1 262 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 70 ümumi imtahan rəhbəri, 211 imtahan rəhbəri, 1 557 nəzarətçi-müəllim, 188 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi ayrılıb.
Bugünkü imtahanlarda ümumilikdə 16 786 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11 466 nəfər I ixtisas qrupu, 5 320 nəfər isə IV ixtisas qrupu üzrə sənəd verənlərdir. Abituriyentlərdən 15 535 (I qrup – 10 960, IV qrup – 4 575) nəfər Azərbaycan, 1 251 (I qrup – 506 IV qrup – 745) nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 8 655 (I qrup – 7 346, IV qrup – 1 309) nəfəri oğlan, 8 131 (I qrup – 4 120 IV qrup – 4 011) nəfəri isə qızdır.
14 393 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2 167 nəfər əvvəlki illərin məzunudur. 45 nəfər ali təhsil müəssisələrinin, 181 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 47 abituriyent xarici ölkələrin vətəndaşıdır. İmtahanda 5 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edir. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla 23 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
"Vətənim-Azərbaycandır.az".