Şəhid Allahverdiyev Vüsal Tahir oğlunun xatirə lövhəsinin açılışı.
31.05.2022-ci il tarixdə şəhid Allahverdiyev Vüsal Tahir oğlunun xatirə lövhəsinin açılışı ilə bağlı tədbir keçirildi. Bununla əlaqədar Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə əvvəlcə Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında Şəhidin məzarına ziyarət olundu və gül dəstələri qoyuldu. Sumqayıt şəhərinin axundu Hacı Rauf Şəhidin ruhuna dualar oxudu.
Şəhidlər Xiyabanına ziyarət etdikdən sonra Şəhidin yaşadığı Sumqayıt şəhəri 9-cu mkr, 42-ci binada Şəhidin xatirə lövhəsinin açılışı oldu. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, İcra Hakimiyyətinin məsul işçiləri, Şəhidin döyüş yoldaşları, Sumqayıt şəhərinin axundu Hacı Rauf, şəhidin ailə üzvləri və yaxınları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximixin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin- Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyümüz birmənali olaraq təsdiq edildi. Ölkəmizdəki Xalq-İqtidar-Ordu birliyi, sözün əsl mənasında, "dəmir yumruğa" çevrildi. Cənab Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi.
Sonra çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd etdi ki, 30 ilə yaxın həsrətində olduğumuz düşmən tapdağı altında olan torpaqlarımız
şəhidlərimizin qanı və canı bahasına 44 gün ərzində işğaldan azad olundu. O cümlədən Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə. işğaldan azad olunaraq öz əsl sahiblərinə qaytarıldı. Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar. Şəhidin atası Tahir Allahverdiyev şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirdi. Sonda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.
Allahverdiyev Vüsal Tahir oğlu 16 avqust 1988-ci ildə
Qubadlı şəhərində anadan olub. 2006-cı ildə Qubadlı Şəhər 2 saylı tam orta məktəbini bitirərək Azərbaycan Kooperasiya universitetinin maliyyə və kredit fakültəsinə daxil olmuş və həmin universiteti bitirmişdir. 2010-2011-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2012-2015-ci illərdə "UNİBANK" Kommersiya Bankında İstehlak krediti üzrə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Daha sonra Kontakt Home mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi çalışmışdır. 2020-ci ildən Kapital Bankda "Birkart Bank olmayan Kredit Təşkilatı" MMC-nin 20 saylı filialının müdiri vəzifəsində işləmişdir. Sonra həmin vəzifədən öz ərizəsi ilə işdən çıxmışdır.
14 iyul 2020-ci ildə - Tovuz hadisələrində general-mayor Polad Həşimov şəhid olduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət etmiş və qeydiyyata alınmışdır. 01 oktyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə getmiş, Cəbrayıl istiqamətində həmlə bölüyünün tərkibində döyüşlərdə olmuşdur.
4 günlük mühasirədə qaldıqları vaxt böyük şücaət göstərərək, yaralı şəhidlərimizi döyüş mövqeyindən çıxartmağa müvəffəq olmuşdur. Sonuncu dəfə yaralı komandirini döyüş mövqeyindən çıxararkən, komandiri
ağır yaralı olduğu üçün Vüsala onu buraxib getməyini desə də, Vüsal bildirib ki, "ya ikimiz bir yerdə şəhid olacağıq, ya da burdan çıxacağıq".
Həmin döyüşdən sağ-salamat çıxaraq komandiri hərbi hospitala çatdırsalar da, komandir şəhid olur. Füzulinin Seyidəhmədli kəndi istiqamətində döyüşlərdə İştirak edən Vüsal Allahverdiyev sonra Xocavənddə döyüşmüşdür.
Döyüş yoldaşları Vüsalın onları döyüşə necə ruhlandırması barədə qürurla danışıb deyirlər ki, Vüsal hər zaman deyirdi: "Bir işin sonu şəhid olmaqdırsa, o işdən niyə qorxmalıyıq!".
Vüsalın son döyüşü 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində olmuşdur. Hücum zamanı üzbəüz döyüşdə partlayış-qəlpə yarası ilə şəhidlik zirvəsinə ucalan Vüsal Allahverdiyev Sumqayıt şəhər "Şəhidlər xiyabanı"nda dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncami ilə Allahverdiyev Vüsal Tahir oğlu ölümündən sonra "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncami ilə "Döyüşdə fərqlənməyə görə”", 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalları təltif edilmişdir.
Subay idi. Allah rəhmət eləsin!
"Vətənim Azərbaycandır.az"