Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

TUT AĞACI

TUT AĞACI
7-12-2021, 11:51 385 dəfə baxılıb

Hər il yayın gəlişini səbirsizliklə gözləyirdim.Yox,çox sevdiyim məktəb tətil olacaq deyə deyil...Onu görəcəm deyə...
Ailəmiz çox geniş idi.Hər zaman səsli-küylü,get-gəlli olurduq.Mən evdə hamıdan kiçik olduğum üçün,əlimi agdan qaraya vurmur necə deyərlər"Yağ yeyib yaxada gəzirdim"Mənə  çatana qədər anam və beş bacım olduğu üçün əslində heç mənə ehtiyac da yox idi.Anam,hər səhər tezdən durar həyətimizdəki böyük,qoca,əzəmətli tut ağacının altında süfrə açardı.Bu hadisə yalnız soyuqlarda yəni noyabr-aprel arası dəyişərdi.Süfrəmiz həmişə zəngin olardı.Atam rayonun sayılıb-seçilən kişilərindən biri idi.Adı-sanı ətraf rayonlaracan yayılmışdı.Əliaçıq,mərd,dürüst insan idi.O qədər mülayim,xoştəbiətli insan idi ki,bizim bütün səs-küyümüzə,dava-dalaşımıza üzündə təbəssümlə baxardı.Saleh kişinin hələ hündürdən səsini eşidən olmamışdı..onu o qədər çox sevərdim ki...Bəzən deyirlər ki,uşaq anasını birbaşa,atasını isə anasına olan məhəbbətinə görə sevərmiş.Bəli atam anamı çox sevərdi.Diliylə söyləməsə də,baxışlarından anama olan sevgini görmək mümkün idi..Anam da sevilməyəcək kimi deyildi ki..Hündür,şax qaməti,hər iki tərəfdən hörüb belinə atdığı saçları,sanki günəş dəyməyibmiş kimi olan ağ bənizi,iri ala gözləri,sıx kiprikləri,gözləriylə mütənasib olub kaman yayı kimi dartılmış qaşlarına baxan anamı yeddi övladı olan qadına yox,bizim bacımıza oxşadırdı.Uşaq vaxtı mənə elə gələrdi ki,atamla anamın arasında bizim bilmədiyimiz bir dil var.Çünkü atamın nə istədiyini necə istədiyini səssizcə bilər,atam anamın baxışındanmı,sözündənmi deyim nə etmek olduğunu anlayardı..Böyük bacım Qərənfillə aramda on yaş fərq vardı.Tarix fakültəsində təhsil alırdı.Günəş,Mələk,Cəmil,Əminə,Leyla, və əlbəttə evin sonbeşiyi mən,Gülnar.Uşaqlığım beləcə qayğısız keçib gedirdi.Şer demeyi,mahnı oxumağı çox sevirdim. Və əlbəttə ki,yelləncəklər..Atamın tut ağacının budağından asdığı yelləncək mənim ən sevimli əyləncəm idi.Sanki yelləndikcə özümü daha azad,daha qüssəsiz hiss edirdim.Yelləncək mənim uşaqlıq xatirəmdən bu dövrə gətirdiyim və indi də yelləncək görəndə o uşaqlıq sevinci ilə yelləndiyim ən dəyərli xatirəmdir.Hələ kiçik yaşlarımdan o qədər şer əzbərləmişdim ki,görən heyrətə gəlirdi.Bir dəfə ikinci sinifdə oxuyanda əlimdə oynatdığım muncuğu burnumun qabağında oynadırdım necə oldusa bilmədim muncuq burnuma girmişdi.Mən çıxarmağa cəhd etdikcə muncuq inadla gəlib düz yuxarıda durdu.Mən bir yandan ağlayıb aləmi bir-birinə vurur,bir yandan ayağımı yerə vura-vura heç kimi yaxına biraxmırdım.Atam həkim gətirməyə məcbur oldu.Lakin həkimi görüb daha bərk çığırmağa başladım.Anam,qızlar heç kim məni sakitləşdirə bilmirdi.
Birdən atam dedi ki,"Həkim əmisi,Gülnar bilirsiniz nə gözəl şerlər bilir?O sizə şer desin,siz muncuğu çıxarın.Mən bunu eşidən kimi,dayandım.Həkim də mənim saçımı tumarlayıb,"Yaxşı,qız şeir desin mənə"Yazıq həkim Xoruzdan,buzdan şer gözləyirdi.Mən burnumu qoluma silib,üzümü həkimə tutdum:
Ey daşlaşan,torpaqlaşan,ana yurdum,
Bu günümdən dünənimə,uzaqlaşan,ana yurdum,
Küləkləşən,dumanlaşan,ruhunla sən....
Həkim təəccüblə mənə baxırdı.Mən şeri bir nəfəsə dedim,qutardım.Həkim də burnumdan çıxardığı muncuğu yerə atıb mənə əl çaldı"Ay,sağ ol səni.Sən nə yaxşı qızsanmış.Amma bir də muncuqu burnuna soxma"
Beləcə qayğısız uşaqlıq illərim bir-birini əvəz edirdi.Hər yay tətilində Bakıda yaşayan bibimgil də bizə gələrdi.Əzəmətli çinarın altında yığışıb, deyib-gülərdik.Lakin artıq yeddinci sinifdə oxuyanda tut agacının altındakı o böyük,gözəl ailəmin yığılması mənim üçün daha bir başqa məna daşımağa başlayırdı..Tut ağacı isə buna səssiz şahid idi.Dayimin böyük oğlu Oktay məndən bir yaş böyük idi.Arıq,çəlimsiz nənəmin deyimi ilə"yun çubuğuna"oxşayan oğlan idi.Biz uşaqlar stolun bir başına yığılıb yeməkdən sonra o vaxtlar dəbdə olan"xan-vəzir","ad-familiya",Loto oynayardıq.Oktay gizlincə mənə kömək edərdi.Onun bu "jesti"məni həddən artıq məmnun edirdi..İlk qığılcımlar ürəyimizə beləcə tut ağacını kölgəsində düşmüşdü..Bəlkə də,ailəmizin hər zaman bir yerdə olması da mənə tut ağacını bu qədər sevdirmişdi.Atamlı,anamlı illərimin ən böyük,dilsiz şahidi...
Beləcə illər illəri qovdu,mənim nişanım da Tut ağacının altında oldu.Dayim oğlu Oktayın üzüyünün barmağıma taxılmasına şahid oldu..və daha nələrə,nələrə...Acılı-şirinli çox illərimizə..
Hər il olduğu kimi,bu il də yay tətilinin bir həftəsini atamgildə keçirmək üçün rayona yollandıq.Doğulub böyüdüyüm evə həmişə sevinclə gedirəm.Çünkü mənim həyatımın başladığı,ən vacib xatirələrimin mənbəyi ora idi.Və tut ağacı..Dilsiz lakin ailəmizin bir üzvü kimi..Onun kölgəsində oturub keçmişi atamlı günləri,anamın açdığı süfrələri xatırlamaq mənim üçün çox gözəl idi..
Maşından enib həyət qapısını açdım.Oktay maşını içəri sürsün deyə.Uşaqları yol yorub yatışmışdılar.Mən isə maşına minməyib evə tərəf yönəldim.Uzaqdan məni görən gəlinimiz üzünü evə tutub:_Ay Cəmil,Gülnar gəldi deyə səsləndi.Mən evə yaxınlaşanda ele bil məni tok vurdu.Ayaqlarım yerə yapışdı.Bir an bəlkə səhv görürəm dedim.Gəlinimiz yaxınlaşıb üzümdən öpəndə mən"Gullu,tut agacı....qurudu?"
_Yox ay qız,Cəmilə dedim kəsdi.Yarpaqlarını süpürüb təmizləmək olmur..Baltaladı dibindən...
Güllünün sonra nə dediyini eşidmirdim artıq.Mən əyilib əlimlə tut ağacının kötüyünü sığallamağa başladım.Sanki indi ikinci dəfə atamı itirdim..elə bil indi məhz yetim qaldım.O balta tut ağacına deyil mənim uşağlığıma,xatirələrimə vurulmuşdu..Gözümdən süzülən yaşı heç kim görmədən silib ətrafa baxdım,həyətimiz ilk dəfə mənə soyuq,yad,uzaq göründü...Tut ağacı özü ilə ailəmizin xoşbəxtliyini də aparmışdı elə bil...
Çinarə Seyran 
Vətənim-Azərbaycandır.az

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI