Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiya XİN Paşinyanın ölkəyə gətirdiyi Avropa missiyaçılarını rəsmən hədələdi...

Rusiya XİN Paşinyanın ölkəyə gətirdiyi Avropa missiyaçılarını rəsmən hədələdi...
31-01-2023, 12:06 177 dəfə baxılıb

 
VETENİM-AZERBAYCANDIR.AZ


Elşad Həsənov: "Bunun özü artıq KTMT-nin timsalında Rusiyanı aşağılamaq deməkdir"
Kremlin bütün xəbərdarlıqlarına baxmayaraq, Avropa İttifaqı missiyasının Ermənistana gəlişini təmin edən İrəvana şimal qonşumuzun qəzəbi artır. Bunu missiya ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatı da təsdiq edir.
Bəyanatda bir sıra məqamlar yer alıb: "Avropa İttifaqı (Aİ) Şurası Ermənistanda iki il müddətinə Aİ-nin yeni mülki missiyasının yaradılması barədə qərar qəbul edib. Aİ-nin iştirakının konkret parametrləri yaxın vaxtlarda müəyyən olunacaq. Lakin artıq görünür ki, o, ötən ilin oktyabrından dekabrınadək Ermənistanda fəaliyyət göstərən Aİ müşahidəçi mexanizmindən daha miqyaslı olacaq". Bəyanatda Rusiyanın məsələ ilə bağlı prinsipial mövqeyi barədə qeyd olunub: "Cənubi Qafqazda regiondan kənar amilin möhkəmləndirilməsinə münasibətdə Rusiyanın prinsipial mövqeyi dəyişməyib. Aİ "ekspert"lərinin Ermənistan-Azərbaycan sərhədi ərazisində baş verən hadisələrə nəzarət etməsinə "əlavə dəyər" verməyə ehtiyac görmürük".
Ümumilikdə, Bəyanatda iki məqam xüsusilə diqqəti cəlb edir. Birincisi, qeyd edilir ki, Avroittifaq missiyasının yerlərdəki fəaliyyətinə yerindəcə onların hərəkətlərinə uyğun reaksiya veriləcək. Yəni onların fəaliyyətləri Rusiya tərəfini qane etməsə sərt tədbirlər görüləcək. İkincisi, qeyd edilir ki, Ermənistanın KTMT-nin potensialından istifadədə azacıq marağı qalıbsa, biz onu göndərə bilərik. Bu, əslində o deməkdir ki, Aİ missiyasını qovun, ondan sonra KTMT missiya göndərsin.
"XİN-in sərt bəyanatı o deməkdir ki, Ermənistan qarşıdurma poliqonuna çevrilə bilər və bunun nəticəsi ölkə üçün ağır olacaq"
Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun fikrincə, bütün bunlar Ermənistanla Rusiya arasında qarşıdurmanı daha da gücləndirə bilər: "Məlum olduğu kimi, Ermənistandakı mövcud hakimiyyət Soros Fondunun yetirmələridir. Paşinyan hakimiyyətə gələndən müxtəlif formada Qərbə meyillənmək kursunu götürüb. Düzdür, ilk dövrlər Paşinyan bunu sürətlə həyata keçirə bilmədi. Ona görə ki, Ermənistanın Rusiyadan asılılığı çox böyükdür. Bu asılılıq səbəbindən Rusiyanın Paşinyana təsir rıçaqları qalmaqdadır. Ancaq son dövrlər Ermənistanda anti-Rusiya fəaliyyəti, təbliğat kampaniyası daha da güclənib. Hətta deyərdim ki, keyfiyyət baxımından yeni bir mərhələyə daxil olub. Vəziyyət o dərəcədə kəskinləşməyə doğru gedir ki, ölkədəki 102-ci hərbi baza qarşısında mitinqlərin keçirilməsi davamlı hal alıb. Putinə qarşı ictimai rəy davamlı olaraq qızışdırılır və bunun arxasında bilavasitə Paşinyan hakimiyyəti dayanır. Ötən ilin noyabrında İrəvanda keçirilən KTMT sammitində Paşinyan yekun sənədə imza atmadı. Həmçinin, qurumun hərbi təlimlərində iştirakdan imtina etdi. Bu isə münasibətlərin ən yüksək səviyyədə pisləşməsi demək idi. Daha sonra Ararat Mirzoyan Moskvada nəzərdə tutulan üçtərəfli görüşdə iştirak etməkdən imtina etdi. Həmçinin, Fransanın himayəsi ilə açıq şəkildə pozuculuq mövqeyindən çıxış etdi. Bütün bunlarla paralel, Ermənistan Avropa İttifaqının müşahidə missiyasını birtərəfli şəkildə dəvət etdi. Bunun özü artıq KTMT-nin timsalında Rusiyanı aşağılamaq deməkdir. Bəlli məsələdir ki, Rusiya buna dözməyəcək. Çünki Aİ missiyasının tərkibi hərbçi və kəşfiyyatçılardan ibarətdir. Bu isə Qərbin yavaş-yavaş Ermənistanda hərbi baxımdan təzahürü anlamına gəlir. Rusiya XİN-in məlum kəskin bəyanatı həm də bununla bağlıdır. Qərb uzun müddətdir ki, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir. Ukrayna müharibəsində Rusiyanın böyük resurs itkiləri Qərbə Ermənistanda daha çox fəallıq göstərməyə stimul verir. Bəlli məsələdir ki, Rusiya bütün bunlardan qıcıqlanır. Nəzərə alsaq ki, Ermənistanın Rusiyadan asılılığı böyükdür, o zaman Qərbin qısa bir müddətdə orada güclənəcəyi real deyil. Rusiya XİN-in sərt bəyanatı o deməkdir ki, Ermənistan qarşıdurma poliqonuna çevrilə bilər. Bunun nəticəsi də ölkə üçün ağır olacaq".


 
VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI