18-19 noyabr 2022-ci il tarixlərində Hindistanın paytaxtı Yeni Dehli şəhərində terrorizmin maliyyələşdirilməsinə qarşı (No Money for Terror, NMFT) mübarizəyə dair 3-cü beynəlxalq nazirlər konfransı keçirilir. Konfransda 70 ölkədən 450-dən çox nümayəndənin iştirak edir. Konfransda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Konfransda Hindistanın baş naziri Narendra Modi açılış edərək bildirib ki, terrorizmə dəstək verən ölkələrə qarşı sanksiyalar qoyulmalıdır.
Konfrans zamanı Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistanın XİN başçısı Subramaniyam Cayşankarla görüşərək qısa danışıqlar aparıb.
A.Qriqoryan habelə Hindistanın baş naziri Narendra Modinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Acit Doval və Hindistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Samant Kumar Qoellə də görüşüb.
Tarixi boyu terrora tuş gələn və günahsız vətəndaşları teraktlarda həlak olan Hindistanın terroru dövlət siyasətinə çevirmiş Ermənistanla strateji tərəfdaş, hətta müttəfiq olması çağdaş geosiyasətin ən qəribə, paradoksal və eybəcər hadisələrindən biri sayılmalıdır.
Rəsmi Dehli deyəsən unudub ki, 1985-ci ilin iyunun 23-də "Air İndia" aviaşirkətinin AI182 saylı Monreal-London-Dehli aviareysi ilə uçan "Boeing 747" laynerinin İrlandiya sahillərinin yaxınlığında partlayaraq Atlantik Okeanına düşməsi nəticəsində 329 nəfər həlak olmuşdu.
1993-cü ilin martın 12-də Mumbay şəhərinin müxtəlif yerlərində 13 partladıcı qurğunun işə salınması nəticəsində 257 nəfər həlak olmuşdu.
Elə həmin şəhərdə 2006-cı ilin iyulun 11-də "Khar Roud", "Bandra", "Coqeşvari", "Mahim", "Borivli", "Matunqa" və "Mira Roud" dəmiryol stansiyalarında sərnişin qatarlarının vaqonlarına qoyulmuş partladıcı qurğuların işə salınması nəticəsində 209 nəfər həlak olmuş, 721 nəfər yaralanmışdı.
Ümumiyyətlə isə, Hindistanda müxtəlif zamanlarda, fərqli məkanlarda və çeşidli terror qruplaşmaları tərəfindən gerçəkləşdirilmiş teraktlarda son 42 ildə təqribən 21456 (!) nəfər həlak olub.
21456 nəfər...
Məntiqlə rəsmi Dehli terrorizmin istənilən formasındakı təzahürlərinə, radikalizm və ekstremizmə, ələlxüsus da dini, etnik və ya irqi zəmindəki təqiblərə, repressiyalara, rasizmə qarşı çıxmalıdır.
Lakin tam əksini görürük.
Baş nazir Narendra Damodardas Modinin sədr olduğu, iqtidardakı "Bharatiya Canata Parti" (BCP) illərdir ölkədəki milli və dini azlıqlara qarşı amansız ayrı-seçkilik siyasəti yürüdür.
Əsas hədəf müsəlmanlardır.
İş o yerə çatıb ki, Cəmmu və Kəşmir ştatındakı müsəlmanlara ümumiyyətlə, vətəndaşlıq verilmir. Ölkədəki müsəlman ailələrində dünyaya gəlmiş uşaqlara müsəlman adlarının verilir, amma bu adların rəsmi qeydiyyata alınmasında qeyri-rəsmi sədlər, maneələr var.
Müsəlmanları inadla, hakimiyyətin dəstəklədiyi qətiyyətlə Hindistanda "ikinci dərəcəli insan"lara çevirmək istəyirlər
Modi hakimiyyəti ölkədəki müsəlmanlara irqçi və şovinist münasibət bəsləyirsə, əhalisinin əksəriyyəti müsəlman olan ölkələrlə ya illateral soyuq münasibətlər qurur, ya da Azərbaycanın qismində az qala düşmənçiliklə məşğul olur.
Azərbaycan ərazilərinin 20 faizini 30 il işğalda saxlamış, on minlərlə azərbaycanlını qətlə yetirmiş, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün düşməsinə səbəb olmuş Ermənistan indi də aqressiv siyasətindən, müharibə ritorikasından əl çəkmir.
44 günlük İkinci Qarabağ Müharibəsində ordusu darmadağın ediləndən sonra kapitulyasiya məcburiyyətində qalan Ermənistana daim siyasi, iqtisadi, mənəvi və hərbi dəstək verən ölkələr arasında Hindistan əlahiddə yer tutur.
Ermənistan Hindistandan 250 milyon dollarlıq silah və hərbi texnika almağa hazırlaşır. Onların əksəriyyəti müdafiə yox, hücum silahlarıdır.
Regionda digər dövlət və millətlərə qarşı terror həyata keçirən, terror təşkilatları yaradan, onları birbaşa maliyyə dəstəyi təmin etmiş və hələ də etməkdə davam edən, terrorizmi dövlət siyasətinə çevirmiş Ermənistanın "terrorizmə qarşı mübarizəyə" dair konfransda iştirakı dünya ictimaiyyətinə və beynəlxalq qanunlara hörmətsizlik, paradoksdur.
Terrordan daim əziyyət çəkən Hindistanın isə son 120 ildə sürəkli terrorla məşğul olmuş erməni qruplaşmalarının "varis"i sayılan Ermənistanı dəstəkləməsi siyasi riyakarlıqdır.
Təbii, Dehlinin mövqeyi primitivdir: "Əgər Hindistanla çox gərgin münasibətləri olan Pakistanın Azərbaycanla qardaşlıq münasibətləri varsa, biz də Azərbaycanla elan edilməmiş müharibə vəziyyətindəki Ermənistanla qardaş olmalıyıq".
Dehli bilir ki, 19-cu əsrin sonralarında yaranmağa başlayan, 20-ci əsrin ortalarında sayları sürətlə artan erməni terror təşkilatları Avropa, Asiya və Amerika ölkələrində, hətta Avstraliyada və Yeni Zelandiyada indiyədək 217 terror aktı törədiblər.
1885-ci ildə "Armenakan", 1887-ci ildə "Hnçak", 1890-cı ildə "Daşnakstyun", 1975-ci ildə Beyrutda "Erməni gizli azadlıq ordusu" və "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" (ASALA), 1988-ci ildə Moskvada "Erməni birliyi", 1991-ci ildə Fransada "Erməni Azadlıq Hərəkatı", 2001-ci ildə "Apostol" kimi təşkilatlar yaradılmış, "Erməni məsələsi"nin ("Hay Dat") "həlli" uğrunda insanlar hədəfə alınmışdı.
Rəsmi Dehli onu da bilir ki, ABŞ-da 1982-ci il avqust ayında nəşr olunan ABŞ Dövlət Departamentinin aylıq bülletenində də "erməni terrorizmi" termini rəsmən istifadə edilib. Azərbaycana qarşı işğalçı müharibədə erməni diasporu və xüsusi təhlükəsizlik xidməti orqanlarının maliyyəsi və təchizatı ilə Livan, Suriya, İran, Rusiya, Ukrayna, Yunanıstan, Bolqarıstan, Fransa və ABŞ-da yaşayan 6000-dən çox erməni fəal iştirak edib.
Xatırladaq ki, Ermənistan həmçinin işğal dövründə də işğal edilmiş ərazilərdə erməni terror təşkilatlarının fəaliyyət göstərməsini təmin edib, qanunsuz terrorçu dəstələr yaradıb, onların gizli və çirkli pullarla maliyyələşdirilməsini həyata keçirib. 2020-ci ilin sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxış edən Prezident İlham Əliyev bütün dünyaya Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinə müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb etdiyini və onları Azərbaycana qarşı istifadə etdiyini bəyan edib, eləcə də erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə mövcudluğu ilə bağlı etibarlı məlumatların olduğunu bildirib. Dövlətimizin başçısı Ermənistanın terrorçuluğa sponsorluq edən ölkə olduğunu və Ermənistan tərəfindən Azərbaycana qarşı 30-dan artıq terror aktı törədildiyini diqqətə çatdırıb.
44 günlük İkinci Qarabağ Müharibəsində isə Ermənistan qoşunlarını tərkibində ölkəmizə qarşı Fransa, Suriya, Livan, Tunis, Yunanıstan və s. ölkələrin vətəndaşları olan ermnəilər, əcnəbi muzdlu terrorçular aktiv iştirak ediblər.
Terrorizmin maliyyələşdirilməsinə qarşı (No Money for Terror, NMFT) mübarizəyə dair 3-cü beynəlxalq nazirlər konfransı bu gün başa çatır.
Məntiqlə konfransda müzakirələr və diskussiyalar zamanı əsas mövzu terror siyasəti həyata keçirən Ermənistana dəstək verən, Azərbaycan ərazisində, rusiyalı sülhməramlıların müvəqqəti nəzarət etdikləri məkanlarda məskunlaşaraq vətəndaşlarımıza qarşı sürəkli terror hücumları törədən qruplaşmaları və dəstələri formalaşdıraraq idarə edən İrəvana silah və hərbi texnika satan Hindistanın siyasəti də təhlil olunmalıydı.
Terrorçuya silah satmaq terrorçunu dəstəkləmək deyil?
Elçin Alıoğlu
VETENİM-AZƏRBAYCANDIR.AZ