Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Nikah müqaviləsi gələcək sosial təminatın qarantıdır

Nikah müqaviləsi gələcək sosial təminatın qarantıdır
9-09-2022, 16:11 241 dəfə baxılıb

Son illər məhkəmələrdə baxılan mülki mübahisələrin böyük qismi ailə münaqişələrindən qaynaqlanmaqla əmlak xarakterlidir. Belə münaqişələrin əksəriyyəti isə boşanmalar zamanı meydana çıxır. Statistika göstərir ki, Azərbaycanda boşanmaların sayı ilbəil artmaqdadır. Belə olan təqdirdə boşanmadan sonra əmlak bölgüsü və aliment tutulması ilə əlaqədar tərəflər az qala düşmənə çevrilirlər. Azərbaycanın Ailə Məcəlləsində nikaha daxil olanlara bu müqavilənin bağlanması tövsiyə olunur. Təcrübədə isə nikaha daxil olan şəxslərin belə bir müqavilə imzalamasına çox nadir hallarda rast gəlinir. Səbəblərdən biri və demək olar ki, ən başlıcası tərəflərin evlənməzdən öncə boşanma haqqında düşünərək müqavilə tələb etməsinin bədniyyətlilik və utancverici bir hal kimi qəbul edilməsidir.
Vəkil-hüquqşünas Rövşən Qasımov bildirib ki, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi özünün təbiətinə görə mülki müqavilənin bir növü kimi təzahür edir. Bununla belə,  nikah müqaviləsi mülki müqavilələrdən fərqli müəyyən xüsusiyyətlərlə səciyyələnir ki, bu da öz əksini ölkəmizin ailə qanunvericiliyində tapıb. Yəni nikah müqaviləsi ilə bağlı münasibətlər Ailə Məcəlləsi ilə tənzimlənir: "Əksəriyyət belə düşünür ki, bu müqavilənin imzalanması nikahın daimi olacağına şübhə yaradır. Bu yanlış mövqedən çıxış edənlər nikah müqaviləsinin mahiyyətinə varmır, onun üstünlükləri barədə məlumatsız olurlar. Nikah müqaviləsinin bağlanması tərəfləri belə mübahisələrdən sığortalayır və onların gələcək sosial təminatının qarantı kimi çıxış edir.
Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Ər-arvad əmlakla bağlı öz aralarında şifahi razılığa gəlsələr belə, nikaha xitam verilən zaman həmin şifahi razılaşmaya əsaslanaraq əmlak iddiası irəli sürə bilməz. Nikah müqaviləsində tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı öhdəlikləri, ər-arvadın əmlakının hüquqi rejimi müyyənləşdirilir".
Onun bildirdiyinə görə, nikah müqaviləsi həm də ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər: "Qanunvericiliyə əsasən nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunan rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya  ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsində nəzərdə tutulan hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz. Nikah müqaviləsinin bu tələblərini pozan şərtləri əhəmiyyətsizdir və müqavilənin bağlandığı andan etibarsız hesab edilir. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur".
Vəkil qeyd edib ki, nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt yazılı formada və notariat qaydasında qaydada dəyişdirilə və ya pozula bilər: "Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. Ərin (arvadın) tələbinə əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi Mülki Məcəllə ilə müqavilələrin dəyişdirilməsi və pozulması üçün nəzərdə tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya pozula bilər. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir. Nikah müqaviləsi Mülki Məcəllə ilə əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız hesab edilə bilər. Müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər".
O, bildirib ki, bu müqavilənin bağlanmaması nəticəsində isə nikah pozularkən çoxlu sayda problemlərin yaranmasına, bir-birini sevən cütlüklərin sonradan məhkəmə dəhlizlərində bir-birinə qəzəb və nifrət püskürməsinə gətirib çıxarır: "Müqavilənin bağlanmamasının dərin ictimai səbəbləri olmaqla yanaşı, həm də psixoloji əsasları da var. Bu müqavilənin bağlanması isə gələcəkdə nikahın pozulmasına eyham kimi qəbul edilərək hər vəchlə bu müqavilənin bağlanılmasından vaz keçilir. Halbuki, nikah müqaviləsinin mövcudluğu bir sıra hallarda tərəfləri nikahın pozulmasından çəkindirici rol oynaya bilərdi. Yəni, nikah müqaviləsi boşanmaların azalmasının səbəblərindən birinə çevrilə bilərdi. Cəmiyyətdə nikah müqaviləsinin mahiyyətinin, üstünlüklərinin düzgün başa düşülməsi üçün təbliğat aparılmalı, Qeydiyyat orqanlarına nikah üçün müraciət edənlərə bu müqavilənin üstünlüklərini izah etməli, gənclər arasında təbliğat aparılmalıdır. Cəmiyyət bu müqavilənin əsl mahiyyətini dərk etməyincə, müqavilənin bağlanmasına nail olmaq çətin olacaq".
Nurlan

VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI