Hər birimiz dilimizin saflığını qorumalıyıq.
“Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”. Bu fikirlər ümummilli lider Heydər Əliyevə məxsusdur.
Ulu öndər Heydər Əliyev həmçinin bildirmişdir ki, müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik.
Hər bir xalqın milliliyini, milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz müstəqil Azərbaycanın ən böyük sərvətidir. Müstəqil müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev gənclərə çağırışlarında bu məqam xüsusi yer tuturdu ki, ana dilimizi öyrənin, yad təsirlərdən qoruyun. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz milliliyini, dilini itirməmişdir.
Dilin hər bir xalqın təqdimatında əhəmiyyətli rolunu təsdiqləyən xeyli sayda fikirlər səsləndirmək olar. Əsas olan budur ki, hər birimiz dilimizin saflığını qorumalıyıq.
Azərbaycanın müstəqilliyinin yenidən bərpasından, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra milli sərvətimiz olan Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində atılan addımların, imzalanan Fərman və Sərəncamların xronologiyasına diqqət yetirmək kifayətdir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin dil məsələsində prinsipiallığı və qətiyyəti sayəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması haqqında 73-cü maddə daxil edilmişdir. Bu tarixi addım Ümummilli Liderin ana dilinə dövlətçilik münasibətlərinin və siyasi qətiyyətinin parlaq ifadəsi idi.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra da Azərbaycan dilinin inkişafına, təkmilləşdirilməsinə xidmət edən davamlı addımlar atdı, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, ulu öndərin ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu. Ulu öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin təkmilləşdirilməsi haqqında” Fərmanı dilimizin gələcək inkişafına geniş imkanlar açdı. Həmçinin Ümummili Liderin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə avqustun 1-i ölkəmizdə “Azərbaycan dili və Azərbaycan Əlifbası Günü kimi qeyd olunur. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində addımların davamllığını təsdiqlədi. Bu sənədlər ümummilli lider Heydər Əliyevin xalqımıza və dilimizə tükənməz məhəbbətini, qayğısını nümayiş etdirdi.
Bu ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” Sərəncamları, eyni zamanda, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı deyilənlərin təsdiqidir.
İmzalanan hər bir sənəd harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya bu çağırışı edir: “Öz ana dilini sev və sevdir”.
Mehdi BalabəyovYAP Şabran rayon təşkilatının sədri.
Atayeva Günay."Vətənim-Azərbaycandır.az".