Fevralın 12-də Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) növbəti - II Hesabat-seçki Qurultayı keçirilib.
“
Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndələri, Ukraynanın müxtəlif regionlarından gəlmiş 200 nəfərə yaxın təmsilçi, Ukraynanın dövlət rəsmiləri, deputatlar, jurnalistlər və digər qonaqlar iştirak edib.
Tədbirdən əvvəl Qurultay nümayəndələri ulu öndər Heydər Əliyevin Kiyevdəki abidəsini ziyarət edib və qarşısına tər çiçəklər düzüblər. Sonra Azərbaycan və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsi ilə işinə başlayan Qurultayda Azərbaycan torpaqlarının azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UAR-ın Baş katibi Ceyhun Məmmədovun moderatorluğu ilə keçirilən Qurultayda DİDK-nın sədr müavini Vaqif Seyidbəyov çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı zəfərimizdən sonra diasporumuzun fəaliyyətində yeni bir mərhələ başladığını qeyd edib.
Dövlət Komitəsinin fəaliyyətini əks etdirən qısa videoçarxın nümayişindən sonra çıxış edən Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə formalaşan Azərbaycan diasporunun bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdiyini qeyd edib. UAR-ın fəaliyyətini yüksək qiymətləndirən səfirlik nümayəndəsi təşkilatın tarixi Vətənimiz Azərbaycan və dövlətimiz üçün əlindən gələni etdiyini vurğulayıb.
Ukrayna Ali Radasının deputatı Maryan Zablotskiy Ukraynada yaşayan azərbaycanlıların, sadəcə, Azərbaycan diasporu deyil, Ukraynanın bir parçası olduğunu, onların vətənpərvərliyini xüsusi vurğulayıb.
Çıxışlardan sonra Ukrayna Azərbaycanlıları Radasında təmsil olunmaq üçün müraciət edən 23 təşkilatla UAR arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.
Sonda səsvermə yolu ilə təşkilatın Əsasnaməsinə edilən dəyişikliyə uyğun olaraq İdarə Heyətinin tərkibi genişləndirilib və yeni üzvlər seçilib. Daha sonra İH-nin üzvləri Ceyhun Məmmədovu UAR-ın icraçı direktoru seçib.
Sonda UAR-ın II Qurultayının Bəyanatı oxunub və Qurultay iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub.



