Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Türkiyə Prezidentinin aeroportun açılış mərasiminə qatılması qürurvericidir”

“Türkiyə Prezidentinin aeroportun açılış mərasiminə qatılması qürurvericidir”
27-10-2021, 00:21 200 dəfə baxılıb

"Qarabağın hava qapısının iki dost ölkənin liderlərinin iştirakı ilə açılışı dünyaya ünvanlanan növbəti qardaşlıq nümunəsidir".

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.
O, bu gün dünyanın diqqət mərkəzində olan Türkiyə-Azərbaycan dostluğundan, qardaşlığından bəhs edərək bildirib ki, iki dost, qardaş ölkəni biri-birinə tarixi köklər bağlayır: 
"Türkiyə ilə Azərbaycan hər zaman bir-birinin yanında olduqlarını istər sevincli, istərsə də kədərli anlarında təsdiqləyirlər Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisləri bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, perspektivlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu gün həmin siyasət Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla davam etdirilir. Dünyaya nümunə olan bu birlik və həmrəylik 44 günlük İkinci Qarabağ savaşında özünü bir daha göstərdi. Dünyaya “Azərbaycan tək deyil!” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan siyasi və mənəvi dəstəyi ilə Azərbaycanın, dövlətimizin başçısı İlham Əliyevin yanında oldu".
V.Rəhimzadə qeyd edib ki, Zəfər yürüşümüzün başlandığı andan bu günədək hadisələrin xronologiyasına diqqət yetirdikdə Türkiyənin Qələbəmizi bizimlə birgə yaşadığı, hər bir tarixi hadisənin reallaşdığı zaman Prezident İlham Əliyevin yanında olduğu özünü qabarıq şəkildə büruzə verir. Azərbaycanın Qələbəsinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan Zəfər paradının keçirilməsindən bu günə, yəni, Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının açılışına qədər iki dahi lider bütün dünyaya dostluq, qardaşlıq nümunəsini nümayiş etdirirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazilərimizə, Qarabağın tacı, musiqi beşiyimiz Şuşaya ilk səfər edən dövlət başçısıdır. Oktyabrın 26-da bu ənənə davam etdirilərək ilk olaraq Füzuli Beynəlxalq Hava Limanına qardaş ölkənin təyyarəsinin enişi, ən əsası Türkiyə Prezidentinin aeroportun açılış mərasiminə qatılması qürurvericidir. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında Türkiyə Prezidentinin çıxışında səsləndirdiyi bu fikirləri yada salmaq istərdim:
“Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir”.
“Oktyabrın 26-da Türkiyə Prezidentinin iştirakı ilə keçirilən möhtəşəm tədbir dostluğumuzun, qardaşlığımızın dünyaya növbəti mesajı oldu”, - deyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu mühüm hadisə, həmçinin Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında söylədiyi fikirlərin reallıqda təsdiqidir:
“İşğaldan azad edilmiş ərazilərimizdə ilk mühüm, iqtisadi və strateji əhəmiyyəti ilə dünyanın diqqətində olan Füzuli Beynəlxalq Hava Limanının azərbaycanlı və türk mühəndislərinin birgə səyləri nəticəsində tikilib istifadəyə verilməsi bu tipli layihələrin davamlılığından xəbər verir. Şuşanın şahidlik etdiyi, iki dövlətin müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsində perspektivlər öz əksini tapıb. Qardaş ölkənin Prezidentinin Qarabağımıza növbəti səfəri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlinin qoyulması ilə də tarixə yazıldı. Yazılan hər bir tarix qardaşlığımızın, dostluğumuzun təqdimatı, dünyaya ünvanlanan birlik, həmrəylik nümunəsidir. Rəcəb Tayyib Ərdoğanın ötən il Zəfər paradında iştirakla bağlı səfəri çərçivəsində imzalanan sənədlərlə bağlı qeyd etdiyi kimi, atılacaq daha çox imzalar var”.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI