Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Vətənim-Azərbaycandır.az- ın yeni layihəsi Fəxriyyə Lilparla üzbə-üz

Vətənim-Azərbaycandır.az- ın yeni layihəsi Fəxriyyə Lilparla üzbə-üz
28-04-2022, 23:22 1 021 dəfə baxılıb

Bu gün cəmiyyətimizdə yetərincə öz peşəsində, işində tutduğu mövqedə uğura imza atan və mükəmməl nəaliyyət əldə edən çox sayda zərif qəhrəmanlarımız vardır!

"Vətənim-Azərbaycandır.az" xəbər portalının şimal zona rəhbəri Nəhayət Şirinova yeni layihəyə, "Zərif Simalar" layihəsinə start verdi.

Layihəmizin ilk qonağı Azərbaycan teleməkanında  bir sıra televiziya layihələrinin müəllif və aparıcısı, hər kəsin hörmət və sevgisini qazanmış Fəxriyyə Lilpardır!

Layihəmizə xoş gəldiniz! 

-Xoş gördük. İlk qonaq olaraq məni seçdiyiniz üçün təşəkkür edirəm.

- Fəxriyyə xanım xahiş edirəm bizə özünüz barədə danışın. 

-Sıravi Azərbaycan vətəndaşı, peşəsini sevən insan, atasına övlad, övladlarıma anayam. 

-Fəxriyyə Lilpar üçün uğurlu qadın olmağın sirri və formolu nədir və özünüzü uğurlu xanım hesab edirsinizmi? 

-Əgər bu gün məni bu platformada görürsünüzsə, demək ki, özümü uğurlu saya bilərəm. Ən böyük uğurum sizi kimi dəyərlilərin qiymətidir. Uğurun sirrinə gəlincə isə sadəcə olduğun kimi ol, bu zaman sənə olduğun qiyməti sənə lazım olanlar verəcək. Demək ki, sən öz dairəndəsən və uğurlusan.  

Çox böyük oxucu kütləsini özünə cəlb edən bir peşəkarsınız. Bizi karyeranıza doğru irəlilədiyiniz o zəhmət və çətinliklər dolu yola ekskursiyaya apara bilərsinizmi? 


-Oxucu kütləsi qeyd etdiniz. Bəli, mən ilk olaraq qəzet və jurnallarda məqalələrlə fəaliyyətə başlamışdım. Daha sonra ölkədə İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV)  yarandı.  Və bu kanalın ilk aparıcılarından olmaq şansını tale  mənə yaşatdı. Həm radio, həm televiziya proqramlarında müəllif-aparıcı kimi bir çox verilişlərdə çıxış etdim.  Yaradıcı insanlar bilir, onlar üçün mühit müxtəlifliyi vacib şərtdir. Və mən də digər televiziya kanallarında və radioda layihə rəhbəri, müəllif və aparıcı kimi öz yaradıcılığımı davam etdirdim. Tamaşaçıların ən çox qəbul etdiyi  layihəm isə  “Xəzərin sahilində” verilişi  oldu. Məhz bu layihədə ölkədə və dünyanın bir çox şəhərlərində yaşayan dəyərli, maraqlı ziyalıları, o cümlədən ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirləri ilə həmsöhbət oldum. Bununla yanaşı bİr sıra tədbirlərin aparıcısıyam.  Hal-hazırda Bakı Dövlət Universitetinin “Jurnalistika” fakultəsində pedaqoq kimi fəaliyyət göstərirəm. Bu fəaliyyətim haqqında qısa annotasiya idi. Zəhmət və çətinliyə gəlincə isə təbii ki, belə bir yol zəhmətsiz və çətinliksiz olmaya bilməz. Lakin insanın öz arzusu yolunda əzmi və prinsipiallığı onun bu çətinliklərinin dadını dəyişir. Bu şirin dadı hiss etmək çox xoşdur. 

-Bu gün cəmiyyətimizdə layihəmizin də adından bəlli olduğu kimi zərif eyni zamanda güclü xanımlarımız müxtəlif sferalarda demək olarki ən yüksək pillələrdə yer alırlar. Bəs Fəxriyyə xanım üçün güclü xanım obrazı nəyi və nələri özündə ehtiva edir? 

- Qadın təbiətdə Tanrının lütfü ilə Tanrıdan sonra yaradanıdı. Dünyaya insan gətirəndir. Elə bu səbəbdən də o güclüdür, dözümlüdür. Sahiblənmə və mühafizəkarlıq instiktinin daşıyıcısıdır. Məhz bu keyfiyyətlərdir ki, qadını seçdiyi istənilən yolda onu uğurlu edir. Təbii ki, belə qadının yeri yüksək pillələr olmalıdır. O ki, qaldı güclü qadın obrazına. İndividual olaraq mən bir az fərqli düşünürəm. Hesab eirəm ki,  qadın kişidən güclü ola bilməz. Gəlin görək dünyada nə qədər riyaziyyatçı qadın var. Çox düşünməliyik deyilmi? Azdır. Çünki insanların beyin yarımkürələrinin inkişafı cinsinə görə dəyişir. Qadınlar daha çox humanitar, kişilər isə hesablama sahəsində dəqiq düşünə bilirlər. Etiraf edək ki, həyat da dəqiq hesablamalar üzərində dövr edir. Biz istəsək saatın 1 saniyəsini, sutkanın 1 saatını belə artıra bilmərik. Odur ki, bəşəriyyətin bütün dönəmində irqindən, dinindən, milliyyətindən asılı olmayaraq bütün qadınlar adından tam məsuliyyətlə deyə bilərəm ki, istənilən qadın öz gücünü tərəf müqabilindən, yəni əks cinsin nümayəndəsindən almaq istər. 

-Peşəniz və aparıcılıq etdiyiniz layihə sizi müxtəlif xarakterli insanlarla üz-üzə, qarşı-qarşıya qoyur. Ötən illər və fəaliyyətiniz sizi daha çox hansı xarakterləri tanıdıb? Müsbət və ya daha çox mənfi? 

-İstər peşəmdən dolayı, istərsə də bütün yaşam dönəmində mənim üçün insanın yalnız və yalnız bir müsbət xüsusiyyəti var. Sözünün ağası olmaq, comərdlik və məsuliyyət. Düşünürəm ki, bu xüsusiyyətlər məhz sevgidən yaranır. Qarşı tərəfə qiymətin təcəssümüdür. Artıq bunun fonunda digər müsbət xüsusiyyətlər öz-özünə yaranır. Əgər bu  xüsusiyyətlər varsa digər mənfilikləri bağışlamaq olar.

-Fəxriyyə xanımın əlində imkan olsaydı kiminlə üz-üzə oturmaq istərdi? 

-Tanrı ilə... 

-Layihəmiz vasitəsi ilə xanımlarımıza nə demək istərdiniz? Ürək sözləriniz bizim üçün çox önəmlidir.

-Mən bütün xanımlara özünü heç nəyə baxmayaraq bütöv olmağı arzu edirəm. Bu bütövlüyün parametrlərini isə özləri özləri üçün təyin etməlidirlər. Yetər ki, yarımçıq olmasınlar. Çünki bu onlarda natamamlıq kompleksi yaradacaq ki, bu da öz növbəsində onları heç zaman xoşbəxt hiss etməyə imkan verməyəcək. Odur ki, özlərini duyub, nə istədiklərini bilib, ona nail olub əsl xanım-xatın olsunlar. 

-Qiymətli zamanınızı ayırıb, layihəmizə qonaq olduğunuz üçün "Vətənim-Azərbaycandır.az" ailəsi adından təşəkkürmüzü bildiririk.

-Mən sizə məni sevdiyiniz üçün təşəkkür edirəm. Layihənizin ilk qonağıyam. Deyirlər ayağım yüngüldür. Uğurunuz axarlı-baxarlı olsun. 


Nəhayət Şirinova 
"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI