Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qalibiyyətin Attar imzası – Vətən sevdalısı Aygün TƏƏSSÜRAT

Qalibiyyətin Attar imzası – Vətən sevdalısı Aygün TƏƏSSÜRAT
27-04-2022, 14:30 2 309 dəfə baxılıb

Unudulmaz el yolunda canı qurban edənlər, vəfadarı görəndə mülkünü abad yaşar...Bəli, məhz vəfasını ömrünə çıraq tutan, sevgisi və əzəməti ilə üfüqdəki işığa yol alan Azərbaycan qadınının həyat yolu ilə geniş tanış olduq. Fərqinə vardıq ki, bu tanışlığımız eyni zamanda mənəvi borc imiş...

Bir görüş keçirildi. Onun məkanı da taleyin zərurətdən doğurdu, təsadüf deyildi. C.Cabbarlı adına Gənclər Kitabxanası. Axı Cəfər Cabbarlının “Sevil”i də azad qadın düşüncəsinin təzahürü kimi örnəkdir. Biz örnək bildik onu. Əminik ki, bizdən sonra gələnlər Sevil kimi haqqında söz açacağımız xanımı da örnək kimi qəbul edəcəklər. Axı tədbirin səbəbkarı Vətən sevdalısı Azərbaycan qadını idi. O qadın ki, hər şeyə rəğmən qalibiyyət yaşayıb. Başqa sözlə desək, tale ona məqsədinin, düşüncəsinin, meyarının qalibiyyətini yaşamağı nəsib edib. Mətləbi çox uzatmayaq, qəhrəmanımız Aygün Attardır. Türkiyədə yaşayıb-yaradan Azərbaycan qadını. İmzaya çevrilmiş Azərbaycan qadını. Onunla görüşümüzün məhz gənclər, yəni BDU-nun Kitabxanaçılıq fakultəsinin tələbələri, o cümlədən kitabxana işçiləri üçün nəzərdə tutulması da özünəməxsusluğu ilə diqqət çəkdi. Biz Aygün Atta imzasını tanıdıq və qürur duyduq. İstərdik oxucularımız olaraq sizlər də Azərbaycan imzası, Azərbaycan sevdalısı Azərbaycan qadınının həyat yolu ilə tanış olasınız. Əminik ki, qürur və fəxarət hissi keçirəcəksiniz.
Beləliklə, Aygün Teyyub qızı Attar hazırda Türkiyə Prezidentinin Təhükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumlar Şurasının və İdarə Heyətinin sədri, professor.
16 aprel 1962-ci ildə Qubadlıda anadan olub.
1986-cı ildə Bakı Dövlət Universitetini bitirib.
1988-ci ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda aspirtant olub.
1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorantura təhsili alıb.
1994-cü ildən dosent, 2003-cü ildən professordur.
1998-ci ildə Türkiyə Nazirlər Kabinetində (Baş Bakanlıq) mütəxəssis, 2003-2006-cı illərdə Türkiyənin Dumlupınar Üniversitetinin Tarix Fakültəsinin dekanı, 2007-2010-cu illərdə Giresun Üniversitetinin prorektoru, 2012-2016-cı illərdə  Giresun Universitetinin rektoru, 2009-2014-cü illərdə  Türkiyə Silahlı Qüvvələri Baş Gərargahında Türk Herbi Tarih Şurası İdare Heyetinin üzvü, 2016 -2018-cı illərdə Türkiyə Resbublikasının Nazirlər Kabineti, Baş Nazirin müşaviri olub. 2016-cı ildə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibində təmsil olunaraq Şuranın üzvü (Türkiyə) kimi fəaliyyət göstərib.
A.Attarın əməyi yüksək qiymətləndirilib və aşağıdakı mükafatlarla təltif olunub:
Harvard  universiteti “Kennedy School of public policy “Qaradəniz Tədqiqat Mərkəzi tərəfindən Qaradəniz bölgəsində sülh çağrışlı elmi fəaliyətə və Giresun İnsiyativi gavramına görə Təşəkkürnamə;
Dünyanın 104 Üniversitetinin üzv olduğu, mərkəzi Avropada yerləşən Qaradeniz Ölkələri Üniversitetler Birliyi Ağı (BSUN) tərəfindən bölgəsəl sülhün təmin edilməsindəki elmi fəaliyətlərə görə “Üstün Başarı Mükafatı”;
Kosova Respublikası tərəfindən Türk-İslam Dünyasına Xidmətlərinə görə “Xidmət Nişanı”;
 “Siyasətdə və İqtisadiyyatda 2023 Vizyon” jurnalı tərəfindən “Türkiyədə İlin rektoru” mükafatı;
İngiltərə, Oksfordda Sokrat mükafatını alıb və “İlin rektoru”, Giresun Universiteti isə “Ən yaxşı idarə edilən universitet” seçilib;
Qaradəniz Bölgəsindəki xidmətlərinə görə Beynəlxalq Qara dəniz sahil yolundakı ən böyük parka “Professor Aygün Attar Gənclik Parkı” adı verilib;
Türk Dünyasının Birlik İdeyasına töhfə verdiyinə görə TÜRKSAV tərəfindən “Türk Dünyasına Xidmət “Beynəlxalq medalı”;
Qazaxıstan Dövləti tərədindən Türk Dünyasına xidmətlərinə görə “Dövlət Medalı”;
Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən A.Attar Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni;
Azərbaycan Respublikasının Diaspor Komitəsi tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” nişanı. 
Onu da qeyd edək ki, A.Attarın iki kitabı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qərarına əsasən ali təhsil müəssisələrində dərs vəsaiti olaraq istifadə edilir. BMT-nin qadın və mətbuat formunun üzvü, UNESCO ilə birlikdə qurulan gender bərabərliyi (gender equality) mərkəzinin sədridir. Həmçinin Avistralya Türk Elmi mərkəzinin üzvüdür. “Sülh üçün Universitetet” (Universities for Peace) beynəlxalq təşkilatının nümayəndəsidir. Ailəlidir, üç övladı bir nəvəsi var.
Qürurvericidir deyilmi? Bax, bütün bunları biz tədbir iştirakçılarına təqdim edən aparıcı C.Cabbarlı adına Gənclər kitabxanasının direktoru Aslan Cəfərov da təəccübünü və heyranlığını gizlədə bilmədi. Filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilli çıxışında toplantı iştirakçılarının mənəvi çəkisinin yüksəkliyindəsn söz açdı. “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, professor Qulu Məhərrəmli, Yazıçılar Birliyinin katibi Sayman Aruz, əməkdar jurnalist Mətanət Ağamirli və başqaları ürək sözlərini çatdırmaqla bərabər Aygün Attar imzasının xüsusən gənclərə canlı nümunə olduğunu vurğuladılar. Bəli, biz tarix boyu qəhrəman qadınlarımız haqqında oxuduq, tanış olduq. Aygün xanımın timsalında isə canlı tarixə şahidlik etdik.
Vətən ərazisinin böyüklüyü ilə deyil, vətəndaşının böyüklüyü ilə ölçülür. 44 günlük müharibə, bu şanlı tarix bizə Vətənin məhək daşını qəlbində gəzdirən, onu yaşadan və son nəfəsini elə Vətənin bu daşına üfürərək içinə çəkib bu fani dünyaya gözünü əbədi yuman, o dünyanın cənnətinə üz tutan neçə-neçə qəhrəmanlarımızı tanıtdı. Və beləliklə də Vətənin daşının böyüklüyü onun oğul və qızlarının qəlbinin böyülüyü ilə ölçüldü. Professor Aygün Attar ürəyindən ilhamlanan, qələmindən vüsət alan “Qarabağ zəfəri- 44 günlük müharibə: Pərdəarxası” kitabının da Azərbaycan tarixi xəzinəsinin  dəyərli zinəti olacağına əminik.Ugurlar Sizə, dəyərli Aygün Attar! Ugurlar, əsl vətəndaş Aygün Attar! Ugurlar, ziyalı Aygün Attar! Və nəhayət uğurlar, Azərbaycan sevdalısı, AZƏRBAYCAN QADINI AYGÜN ATTAR!

Hazırladı: Fəxriyyə Lilpar İsayeva
"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI