Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Uca dağların yamacları da təpələrin zirvəsindən yüksəkdə durur.

Uca dağların yamacları da  təpələrin zirvəsindən yüksəkdə durur.
29-07-2022, 13:22 557 dəfə baxılıb

   İlham Mustafayev - 70

                 Uca dağların yamacları da
           təpələrin zirvəsindən yüksəkdə durur.
                                 Əbu Turxan
        İyul ayının 31-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili idarəsinin sabiq rəisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, şərəfli və mənalı ömrünü bütövlükdə Azərbaycan təhsilinin inkişafına həsr edən İlham Mustafayevin anadan olmasının 70 ili tamam olur.
     Hörmətli İlham müəllim,
      Ömrünüzün arxada qalan 70 ilinə və uca zirvələrə doğru qürurla addımlayan inamlı-ilhamlı yeni qədəmlərinizə görə Uca Tanrıya min bir dualar edirik. Bu tarixi xoş gün münasibətilə Sizi, ailə üzvlərinizi, göz açdığınız ağır bir eli-Qarayazını, bütün İlhamsevənləri səmimi qəlbdən təbrik edirik.  
      Bir haşiyə: İlham müəllimi bir dəfə görən insanların əksəriyyətinin düşüncəsi belədir: üzündə Peyğəmbər nuru olan sadə, təbii və səmimi, xoşxasiyyət, mülayim təbiətli bir insan, əsl müəllim, əsl ziyalıdır. Daha yaxından tanıyanlar isə, onun alicənab, dərin elmi dünyagörüşünə, böyük elmi-pedaqoji təcrübəyə malik olduğunu, özünəməxsus idarəetmə bacarığı, rəhbər-böyük olmağı ilə fərqləndiyini, ictimai-siyasi proseslərdə barışmaz və prinsipial mövqeyini qorumağı bacardığını, sayılıb-seçilən, səmimiliyi və xeyirxahlığı ilə minlərlə insanın məhəbbətini qazandığını, Allaha sığınan böyük ziyalı olduğunu əminliklə deyirlər. 
Bir də insanlara hörmət və səmimiyyətlə yanaşmaq ən böyük yaxşılıqdır, Sizə xas belə bir xarakter hər bir insan üçün xoşbəxtlikdir. Həm də bu nəciblik insana bir qayda olaraq söy kökündən gələndir. İlham müəllim, yazıb-yaratdıqlarınız, etdiyiniz minlərlə yaxşılıqlar qədirbilənlər arasında adınızı zirvələrə daşıdı, elm-ürfan sahibləri arasında bəlli ünvana çevirdi. Bütün bunlar Sizə el məhəbbəti qazandırdı, Xalq şairi Zəlimxan Yaqubun yazdığı kimi:
              El zərgərdi, zəri seçdi, bəyəndi,
              Eldən gəlsə, şöhrət göyə dəyəndi.
      1974-cü ildə S.M.Kirov adına Bakı Dövlət Universitetinin “Mexanika riyaziyyat” fakültəsini bitirən İlham Abdulla oğlu Mustafayev rektorluğun qərarı ilə universitetin Hesablama Mərkəzində saxlanılır. Burada baş laborant kimi fəaliyyətə başlayan İlham Mustafayev vəzifəsinin öhdəsindən bacarıqla gəldiyinə görə qısa bir zamanda vəzifə pillələrini sürətlə addımlayır: kiçik elmi işçi, baş mühəndis, riyaziyyatçı-proqramçı, nəhayət, tədris üzrə informasiyanın hazırlanması və emalı qrupunun rəhbəri kimi məsul vəzifələri tutur.
Onun istedadlı mütəxəssis, həm də gözəl xarakterli, bir insan olması barədə ilk olaraq iş yoldaşları, daha sonra isə universitet rəhbərliyi də xoş fikirlər söyləməyə başlayırlar. Çox keçmir ki, gənc İlham Mustafayev 1979-cu ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə işə dəvət olunur. Burada da az bir zamanda: inspektor, aparıcı inspektor, böyük inspektor və baş inspektor vəzifəsinə yüksəlir.
1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Ali və Orta İxtisas Təhsili Nazirliyi yeni yaradılan Xalq Təhsili Nazirliyinin tabeliyinə verilir. Bu illər ərzində ali və orta ixtisas təhsili sahəsində bacarıqlı mütəxəssis kimi formalaşan İlham Mustafayev 1992-ci ildə Azərbaycan Xalq Təhsili Nazirliyinin (03 sentyabr 1993-cü ildən Təhsil Nazirliyi) Ali və orta ixtisas təhsili idarəsinin rəisi vəzifəsinə təyin edilir.
       Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümumilli lideri Heydər Əliyev 31 avqust 1994-cü ildə Bakı şəhərinin təhsil işçiləri ilə görüşündə təhsil ictimaiyyətinə müraciət edir: “İndi Azərbaycan müstəqil dövlətdir. Respublikamız müstəqil dövlət kimi Azərbaycanın öz milli ideologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsini də milli məqsədlər, mənafelər əsasında qurmalıdır”. Milli-mənəvi dəyərlərimizə, soy kökümüzə, şanlı tarixi keçmişimizə və xoşbəxt gələcəyimizə yön alan bu müqəddəs çağırış bütün təhsil strukturlarını və işçilərini kütləvi hərəkətə gətirdi, hər kəsə qol-qanad verdi. Görüləsi işlərin həcmi və miqyası isə çox böyük idi... 
         Müstəqil Azərbaycan dövlətinin ali və orta ixtisas təhsili strukturunun milli maraqlar əsasında formalaşmasında: qanunvericilik bazasının qurulması, ölkə iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, yeni məzmunun yaradılması və reallaşdırılması, yeni nəsil təhsil işçilərinin yetişdirilməsi kimi ölkə əhəmiyyətli və qlobal məsələlərdə İlham Mustafayevin gərgin əməyinin xoş bəhrələri bu gün arxaya və irəli baxdıqca uzaqdan görünməkdədir. 
İnanırıq ki, bundan sonra da İlham müəllim milli təhsilimizin inkişafı naminə öz əməyini, böyük təcrübəsini əsirgəməyəcəkdir.
            Çox hörmətli İlham müəllim, 
     Tarixi hadisələrlə dolu ömrünüzün arxada qalan 70 ili xalqına, Vətəninə sadiqlik nümunəsi, öz üzərinə götürdüyü vəzifələri şərəflə icra edən, xeyirxah əməlli, ömrünü ləyaqətlə yaşamağı, könüllərdə yer tutmağı bacaran, əsl MÜƏLLİM-İNSAN olmağınızın sübutudur. 
           Adınız hər yerdə fəxrlə çəkilir!
       Dəyərli Vətənoğlu, dostum-qardaşım, USTADIM...
İlhamsevərlər adından ömrünüzün bundan sonrakı dövründə də Sizə can sağlığı, daim gümrahlıq arzulayıram. Gələn günləriniz bir-birindən gözəl gəlsin, böyük ailəniz, həyatınız bahar təbiətli böyük ürəyinizcə olsun. 

Allah Sizi  qorusun!

Vidadi Ömər oğlu Orucov
Pedaqogika üzrə elmlər doktoru.

"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI