Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Yazıçı-dramaturq,publisist, professor, ictimai-siyasi xadim, ən başlıcası gözəl insan Aqşin Babayevin vəfatından bu gün iki il ötür.

Yazıçı-dramaturq,publisist, professor, ictimai-siyasi xadim, ən başlıcası gözəl insan Aqşin Babayevin vəfatından bu gün iki il ötür.
10-06-2022, 22:42 644 dəfə baxılıb

Aqşin müəllimin vəfatının ildönümünə yazdığım yazını saytın izləyicilərinə təqdim edirəm.
  Ruhu şad olsun.

Eh, Aqşin müəllim, Aqşin müəllim...
Layla kimi həzin, sadə, səmimi, kövrək insan... Ömrün sonu nə tez çatdı?.. 
Düz bir ildir kağızlarımı tökür, göz yaşlarım imkan vermədiyindən yenə yığışdırıram (dədə-baba üsuluyla hələ də əlyazma edirəm). Bir ili gəlişigözəl söz kimi dedim. Demə, elə düz bir il imiş... İyunun 10-u 2020-ci il... Həmin gün oğlu Gündüz Babayevə başsağlığı yazsam da, statusuma 10 gün sonra bu sözləri yazdım: “Çooox sevimli Aqşin müəllim! 10 gündür ayrı-ayrı dünyalardayıq. İnanmaq istəmirəm. Onsuz da yeriniz ürəyimizdədir...” Yoldaşım bəd xəbəri eşidən kimi Aqşin Babayevin kitablarından ibarət bir sərgi düzəltdi. Kitabları düzdü – ortada Nazim Hikmətə həsr etdiyi “Nazim Hikmət qalaktikası.” Və ağrıyla söylədi ki, Aqşin müəllim bizləri tərk etdi, Nazim Hikmətə qovuşdu. 
Yazıçı-dramaturq, publisist, filologiya elmləri doktoru, professor Aqşin Babayev özünə qıbləgah, səcdəgah saydığı Nazim Hikmət haqqında çox yazılar, xatirələr, kitablar yazmışdı. Yaxın illərdə nəşr etdirdiyi “Nazim Hikmət qalaktikası” ilə yekunlaşdırdı. Ustadına sanki son borcunu verirdi. Aqşin müəllim söz adamı, yaradıcı adam olsa da, vəzifə kreslolarında da əyləşmişdi. Hər hansı sahədə saysız-hesabsız dostu-tanışı vardı. Kitabına istədiyi adamı redaktor seçə bilərdi. Amma məni seçdi. Bundan böyük alilik olarmı?! Kitab haqqında “Kaspi” qəzetində çox gözəl bir məqalə dərc olundu. Aqşin müəllim özü mənə zəng vurub məqalə barədə məlumat verdi. Əlavə etdi ki, yazıda az qala korrektora kimi hamının adı gedib, təkcə redaktordan başqa. “Belə şeylərə öyrəncəliyəm,” dedim. Hər ikimiz gülüb sağollaşdiq. Xatırələrlə baş-başayam. Vaxtilə deyə-gülə söhbətlərimiz indi ağrılı xatirələrdir. 75 yaşının tamamına az qalmış zəng vurdu ki, haqqında kitab hazırlanır (ümümiyyətlə, tez-tez zəngləşirdik), orda mənim də sözüm olsa, fəxarət düyar. Bu sözləri az qala utanırmış kimi söylədi. Allah, Allah! Sözün deyilişinə bax... fikrin ifadəsinə bax... təvazokarlığa bax... “Canlı tarix, canlı ensiklopediya” adlı böyük bir yazı yazdım. Kitabı avtoqrafla mənə verəndə o qədər də sevinmədim. Yazım yarıbayarı ixtisar olunmuşdu. Yazını özüm üçün saxlamadığıma görə indi çox təəsüflənirəm. “Söz” jurnalının ən operativ, ən məhsuldar əməkdaşlarından idi. Yazını axşam sifariş versəydim, sabahı, ən uzağı o biri gün hazır olmalı idi. İndi haqq dünyasında olan, unudulmaz xatirələrilə könül dünyamda əbədiləşən professorlar Zeydulla Ağayev də, Əjdər Ağayev də Aqşin müəllim qəbildən olan insanlardandı.
“Söz”də dərc olunan yazılarına baxıram: “Leylanın Gülçöhrəsı” (Leyla Bədirbəyli), “Ürəyimdə yaşadıram” (Nəsir İmanquliyev) “Neyləyim, ürəkdir də...” (Əhsən Dadaşov), “Dəryada gəmim qaldı” (Davud Əhmədov) “Fəxr edirik” (Sudeyf İmamverdiyev) və başqa yazıları indi ayrı cür ovqat yaratdı məndə. Bütün yazılarda ürəyinin hərarəti, xarakterinin cizgiləri...
Tədbirlərimizin canı, yaraşığı idi. Sonuncu görüşümüz (çox təəssüf) BMM-də “Söz” jurnalının 25 illiyində oldu. Yazıçılar Birliyində başqa tədbirə gedəcəyinə görə aparıcı – Mətbuat Şurasının sədri Əflatın Amaşov sözü ona tez verdi. Hər zaman olduğu kimi məni xeyli təriflədi. Çıxışından sonra icazə alıb getdi. Həmin tədbirdən gedən bütün xəbərlərdə Aqşin müəllimin çıxış elədiyi şəkli vermişdilər. Axşam bizə zəng vurdu. Yarımçıq çıxdığı üçün təəssüfünü bildirdi. Ora da çata bilmədiyini söylədi. 
Azərbaycan radiosunda 32 illik fəaliyyəti bir ömrə bərabərdi. Mədəniyyətimizin yaxın dostu Ulu Öndər Heydər Əliyev də Aqşin Babayevin radio fəaliyyətini bəyənirdi.
Daşıdığı fəxri ad - Əməkdar jurnalist adı da radiodakı uzunmüddətli xidmətinin nəticəsidir.Azərbaycan radiosunda yaratdığı ənənələr bu gün də yaşayır. Xeyixahlığından faydalanmışların sağ qalanları o illəri minnətdarlıqla anırlar. Radionun səs xəzinəsində müxtəlif sənətkarların ifalarını yaşadan yüzlərlə lent yadigarı var ki, bunlar məhz onun sədr müavini işlədiyi dövrdə, məhz onun təşəbbüsü, qayğı və diqqətinin hesabına yaranıb. Aqşin Babayevdən yazmaq, həm də Azərbaycan radiosunun tarixindən yazmaq deməkdir. Bizlər üçün canlı tarix, canlı salnamədi.
Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professoru olsa da, radio bir müddət yenə də fəaliyyətinin ayrılmaz bir hissəsinə çevrildi. ANS ÇM-də apardığı “Biri var, biri yox...” müəllif verilişi zərurətdən yarandı. Gəncliyinin qaynar gücü ilə ömrün müdrikliyi bu verilişdə qovuşurdu. Bir zamanlar Azərbaycan radiosunda həmsöhbət olduğu ədəbiyyat, incəsənət adamları barədə xatirə verilişləri hazırladı. Verilişlərə onları şəxsən tanıyanları, ailə üzvlərini dəvət edir, yaradıcılıqlarından nümunələr səsləndirirdi. Mən də bir neçə dəfə qonağı olmuşam. Hər dəfə də böyük ürək genişliyilə qeyd edirdi ki, sizin “Söz” jurnalı ilə bizim veriliş arasında ruh doğmalığı, ruh yaxınlığı mövcuddur. “Söz” jurnalı da həyatda izi, sözü, sənəti olanları unutmağa qoymur. “'Biri var, biri yox...” verilişi də. Hər ikisi hər cür sevgiyə layiq olan insanları yada salmaqla xeyirxah bir iş görür. 
Verilişlərdə bir “ev yiyəsi” olaraq mənə elə şərait yaradırdı, az qala aparıcıya dönürdüm. Və hər dəfə də qəhrəmanlarım haqqında böyük ürəklə qeyd edirdi: “...haqqında çox oxumuşam. Amma ürəyimə ən çox yatan, ürəyimi riqqətə gətirən Sevda Əlibəylinin yazısıdır”.
Sayılıb-seçilən, təcrübəli qələm adamı olaraq mənə verdiyi yüksək qiymət məsuliyyət hissimi artırırdı.

Xalq artisti Canəli Əkbərovun filarmoniyada yubileyi idi. Aqşin müəllimi çıxışa dəvət etdilər. Xanəndə haqqında yazdığım yazıya istinad edərək çıxışa başladı və yazımı çox təriflədi. O yazını təklikdə mənə tərifləyən çox olmuşdu. Amma heç kəs fıkirlərini tribunadan söyləməmişdi.
Telefonla məni diqqətdən kənarda qoymazdı. Bəzən söhbətlərimizə ömür dostu Müzəyyən xanım da qoşulardı... Son iki ildə səhhətindəki problemlə əlaqədar əziyyət çəkirdi. Lakin büruzə verməməyə çalışırdı. Aprelin axırları idi. Zəngimə telefonu açdı. Gileyimi və narahatlığımı bildirdim. Dedi ki, telefonu əlimdə çox saxlayanda yoruluram. Və onu da dedi ki, mayın 4-də, karantindən sonra işə gedəcəyimi söyləsəm də, bugünkü vəziyyətimlə gedə bilməyəcəyəm. Hər gün geri gedirəm...Aqşin müəllim dünyasını dəyişəndən sonra onu sevənlərin çoxuyla dərd ortağı oldum. Amma bacısı qızı Aysel Fikrətlə (şair Fikrət Sadığın qızı) kədərimiz üst-üstə düşdü. Axı Aqşin müəllim mənə də dayı qədər əziz idi. İnsanı dərd qədər birləşdirən ikinci bir güvvə yoxdur. Muzikalnı (ifadəni işlətdiyimiz kimi yazıram) adamları çox sevirəm. Xüsusilə tar və piano çalmağı bacaranları. Aqşin müəllimin tar çaldığını bilirdim. İlk təhsilini atası Əlisəttar müəllimdən almışdı. Sonra isə Əhsən Dadaşovdan. Universitetdə ansamblda çalmışdı. Pianonu dilləndirməyi isə özü öyrənib. Nə yaxşı ki, Gündüz bəzi çalğıları lentə alıb. Dünyada olmadığı günlərdə statusa qoymuşdu. Aqşin müəllim çalır. Pianonun şirmayı dillərindən həzin bir musiqi süzülür.
Deyirlər, sevgi də istedad kimidir, hər adama verilmir. Tanrı Aqşin Babayevə istedad da vermişdi, sevgi də. Bakıdakı I saylı orta məktəbdə təhsil almışdı. Yuxarı siniflərdə siniflər birləşdiriləndə Müzəyyən Ağabəyova Aqşingilin sinifinə düşür. Ömrünün son gününə kimi yaşadığı sevgi elə həmin gündən, ilk baxışdan yaranır. ADU-nun filologiya fakültəsində də birgə təhsil alırlar. Müəllimləri Abbas Zamanov “Müzəyyən Aqşindən savadlıdır” desə də, Müzəyyən xanım “savad”ını uzun illər ailəsinə həsr eləyir. Sonralar Sabir adına Məktəbəqədər Pedaqoji Texnikomda dərs deyib. Aqşin müəllimlə düz 61 il birgə ömür sürdülər. “Ömür dostu” – sevgilərini belə izhar etdilər bir-birinə. Gündüzlə Aytənin, nəvələrinin uğurlarına sevindilər. “Brilyant toy”larını birgə qeyd etdilər. Mənalı, maraqlı birgə ömür yolu Müzəyyən xanıma bəzən bir göz qırpımı qədər gəlir. Bir də, əhd eləmişdi ki, bu dünyadan Aqşinının çiynində köçsün. Sevgilisinin etibarsızlığına inana bilmir. 
Aqşin Babayevin 84 yaşı noyabrda tamam olacaqdı. Normal insan ömrü üçün pis yaş deyil. Amma Aqşin müəllim dünyasını nə vaxt dəyişsəydi, gedişi vaxtsız olacaqdı. 

Həmin gün Müzəyyən xanım ömür dostunun son mənzilinə qara paltarlı qadını kimi gəlib, Aqşinsevərləri başına yığmışdı.
Xatirələr dil açdı. Yazıçı-dramaturq Əli Əmirli, professor Nadir Məmmədli, şair Adil Cəmil, jurnalist Sevda Əlibəyli söylədilər ki, dünyaya hər gələn bir gün getməlidir. Fəqət hər gedən təəssüflə xatırlanmır. Dünya isə təəssüflə xatırlananlarla gözəldir. Aqşin Babayev kimi…Məzarda da özünü Aqşinsiz təsəvvür edə bilməyən Müzəyyən xanım başdaşına birgə şəklini həkk elətdirib.
Gündüz Babayev atasının xatirəsini əziz tutub gələnlərə ailələri adından minnətdarlığını bildirdi.

••• 
Bu dümyada Aqşinsiz yaşamağına utanan Müzəyyən xanım 1 il 2 ay sonra gözlərini əbədi yumub Aqşinli dünyasına qovuşdu.

Sevda Əlibəyli 
"Vətənim-Azərbaycandır.az"



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI