Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Arxaya baxmağa dəyər

Arxaya baxmağa dəyər
8-06-2022, 21:44 1 176 dəfə baxılıb

Ömrünün müdrik dövrünü yaşayan, 75 yaşıyla vidalaşan Təyyub Rzayevi atası Əyyub Rzayevə görə tanımışam. O Əyyub Rzayev ki, Cənub bölgəsində bu gün də jurnalist deyəndə yaşlı və orta nəslin nümayəndələrinin gözləri önünə Əyyub müəllim gəlir.

 Yarım əsrə yaxın yaradıcılıq fəaliyyətinin hamısı qəzetçiliklə bağlı olub, sıravi işçidən redaktorluğa qədər yüksəlib. Qəzetçiliyə, bütövlükdə jurnalistikaya bağlılığı məcnunsayağı bir eşq idi. Üstəgəl prinsipiallığı sayəsində o, olan yerdə heç kəsin haqqı tapdana bilməzdi. Bunu qəzetlərin saralmış, oxunası çətin olan səhifələrində aydın görmək olar.

Əzəl başdan deyim ki, mənə qardaş qədər əziz olan Təyyub Rzayevi yazı yazacağıma çox çətinliklə razı saldım. “Vəzifə borcumu yerinə yetirməkdən başqa nə etmişəm?” - deyib israr etdi. Bir də ki, yubiley vaxtı yetişdiyindən, görüşümüz alınmadı. Təyyub müəllim Lənkəranda, mən Bakıda. Ümid qaldı indi dəbdə olan vhatsapp sisteminə - suallarıma bu vasitə ilə aydınlıq gətirdi. İlk etirafı bu oldu ki, o illərə qayıtdıqca uşaq kimi kövrəlirəm.

Haqlıydı. Suallarımla onu uşaqlığından başlamağa vadar etmişdim. Dünyaya göz açdığı 1947-ci ilin 8 iyununda II Dünya müharibəsindən cəmi iki il ötmüşdü. Ölkədəki aclıq, səfalət, kasıblıq kəndlərdə daha çox özünü büruzə verirdi. Lənkəran rayonunun Bala Şürük kəndində də Rzayevlər ailəsinin vəziyyəti həmkəndlilərindən fərqlənmirdi. Ailənin ilki, əziz-xələfi Təyyub da yaşıdları kimi uşaqlığın nə olduğunu bilmir. Bir də ki, deyirlər kənd uşaqlarının əmək kitabçaları olmur. Elə ayaqları yer tutandan fəaliyyətləri başlayır. Təyyub da məktəb yaşı çatmamış mal-qaraya ot gətirir, təsərrüfat işlərində ata-anasına kömək edir. Yaşı çatanda qonşu Kosalar kəndindəki məktəbə gedir. İkinci sinfi Kosalarda bitirir. Sonra atasının əyani təhsil alması ilə əlaqədar Bakıya köçürlər (yerli qəzetdə işləyən Əyyub Rzayev Lənkəran rayon Partiya Komitəsinin göndərişilə Bakı Ali Partiya Məktəbində (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) beş il təhsil alır. Ailə Bülbülə qəsəbəsində kirayədə yaşadığından Təyyub Bülbülədə məktəbə getməli olur. Dördüncü sinfi bitirdikdən sonra kəndə qayıdırlar. Beşinci sinfə qonşu Şürük kəndindəki orta məktəbə gedir və 11-illik təhsilini də orda başa vurur.

 Məktəbli ikən ailə qayğıları ona rahatlıq vermir. Tətil günlərində, eləcə də dərsdən sonra kəndlərindəki sovxoza gedib tərəvəzin əsasən yığılıb qablaşdırılmasında, daşınmasında iştirak edir, əmək haqqı alır. O dövrdə baramaçılıq həm sovxozlara, həm də fərdi təsərrüfatlara yaxşı qazanc gətirib. Məktəbli oğlan evlərindən xeyli aralı olan Lüvəsər kəndinə gedib tut yarpağı gətirir, baramaçılıqla da məşğul olur. Əldə etdiyi qazancla nəinki özünə məktəb ləvazimatı, əyin-baş alır, təkcə atası işləyən böyük ailəyə də yardımçı olur. 

Atası Cənub diyarının sayseçmə jurnalistlərindən idi. Ailəsini istədiyi kimi dolandıra bilərdi. Lakin halallıq bu ocaqda əsas amillərdən idi. Atasıyla bağlı bir məqamı unuda bilmir. Bu da atasının prinsipiallığı barədədir. Deyir ki, tələbəydim, tətilə gəlmişdim. Axşamüstü qapımızda iki maşın dayandı. Əksəriyyətini tanıdım. Rayonun vəzifəli şəxsləriydi. Atam Rayon İstehlak Cəmiyyətinin sədri haqqında felyeton yazmışdı. Bundan xəbər tutan bərkgedən xanım rayonun vəzifəli şəxslərini xahişə göndərmişdi ki, felyetonu verməsin. Atam isə inadından dönmədi. Atamın işinə heç vaxt qarışmayan anam da yalvardı ki, bəlkə inadından dönəsən, gör biz nə vəziyyətdə yaşayırıq, bax tələbə oğlunun ayaqqabılarından barmaqları görünür. Xeyri olmadı. Nə onların xahişlərini qəbul etdi, nə də diplomat çantada gətirdiklərini. Ertəsi gün öz ayaqqabılarını mənə verib, məni instituta yola saldı.

Uşaqlıqdan kənd adamlarının ağır əməyi onu düşündürür. Zəhmətə bağlılıq, torpağa məhəbbət Təyyubu Gəncədəki Kənd Təsərrüfatı İnstitutuna aparır. Birinci il qəbul olunur. Peşəsinə son dərəcə bağlı olan Əyyub Rzayev nəinki Təyyuba o biri övladlarına da peşə seçməkdə sərbəstlik verir. Təyyub da arzusuna çataraq etimadı doğruldur.

1970-ci ildə Lənkəranda yeni yaradılan Marso (Murdov-1) sovxozuna təyinat alır, entomoloq kimi fəaliyyətə başlayır. Birillik hərbi xidmətə də burdan yollanır. Hərbi xidmət zamanı Kommunist Partiyası sıralarına qəbul olunur. O dövr üçün partiya sıralarına qəbul olunmaq mühüm amillərdən idi. Hərbi xidmətdən sonra yenə həmin sovxozda, həmin vəzifədə işini davam etdirir. Lakin uşaqlıqdan qeyri-adi enerjiyə malik Təyyub torpağın, təsərrüfatçılığın sirlərini institutda ali dərəcədə mənimsədiyindən bu vəzifəyə sığmır. İndi haqq dünyasında olan İzzət Fərzullayevin direktor olduğu 113 saylı texniki peşə məktəbində ixtisasına uyğun fənlərdən dərs də deyir. Bir qədər sonra Babək adına savxoza baş aqronom təyin olunur. İşgüzarlığı diqqətdən kənarda qalmır. Qayğıkeş və prinsipial rəhbər kimi lənkəranlıların bu gün də hörmətlə xatırladıqları İsa Məmmədov tərəvəz mövsümünün qızğın dövründə Babək adına sovxoza gedir. Nəyəsə iradını bildirir. Direktor bəhanə ilə aradan çıxmaq üçün torpağı günahlandırır. Cavan aqronom isə - yoldaş Məmmədov, pis torpaq yox, pis mütəxəssis ola bilər, - deyərək fikrini sübutlarla elmi izahlarla əsaslandırır. Gənc aqronomun sübutlu faktları, ağıllı cavablıları I katibin diqqətindən yayınmır. Sahələrdə aşıb-daşan qırmızı pomidorun niyə yığılmadığını soruşur. Direktor cavab verir ki, göstəriş gözləyirik. I katib amiranə surətdə bildirir ki, bu gündən göstərişləri baş aqronom verəcək.

Elə həmin il I katibin təyinatı ilə Təyyub Rzayev Babək adına sovxoza direktor təyin edilir. Sovxoz çayçılıq, sitrusçuluq, tərəvəzçilik, eləcə də heyvandarlıqla, quşçuluq, arıçılıqla da məşğul olduğundan ağır təsərrüfat idi. Təyyub Rzayev etiraz etmək istəsə də, onun işgüzarlığından başqa, kollektivlə ünsiyyət qurmaq bacarığına bələd olan İsa Məmmədov fikrindən dönmür. 

Atası oğluna xeyir-dua verməklə yanaşı, sanki vəsiyyət edirmiş kimi kənd adamlarının xeyir-şərində onlarla birgə olmasını, əhaliyə qaynayıb-qarışmasını tapşırır. Ata nəsihətinə orda işlədiyi son günə kimi əməl edir.


 Təsadüfi deyil ki, bu gün də dostluq etdiyi insanların əksəriyyəti həmin kəndlərin adamlarıdır. Sovxoz üçün də çox işlər görür. Ən başlıcası, əməkçilərdə işgüzarlıq, əhval-ruhiyyəsi yaradır. Bunun hesabına planlar artıqlamasıyla dolur, əmək haqları artır, kənddə abadlıq, quruculuq işləri geniş vüsət alır. Xeyir-şər məclislərində iştirakı bu gün də xarakterinin dəyişməz cizgiləridir.

Əmək fəaliyyətinin 13 ili Babək adına sovxozda bağlıdır. Sonra Təyyub Rzayevi öz kəndlərindəki Həzi Aslanov adına sovxoza direktor müavini göndərirlər. Bir neçə il sonra isə baş aqronom təyin olunur. Baş aqronom kimi düz on il fəaliyyət göstərir. Sovxozların ləğviylə əlaqədar başqa sahədə fəaliyyət göstərməli olur. “Həyat” humanitar təşkilatında Lənkəran Biznes Mərkəzinin kordinatoru olur. Bir il sonra Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun Lənkəran Zona Təcrübə Stansiyasına direktor təyin olunur. 2002-ci ildən 2006-cı ilədək bu vəzifəni icra etməklə yanaşı, Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə də direktor təyin olunur. Təyyub müəllim harda işləyibsə, təcrübəsi, savad və işgüzarlığı sayəsində ora yeniliklər gətirib. Məlumdur ki, bir vaxtlar Lənkəran-Astara düyü növlərilə məşhur idi. Sonralar bu diyar SSRİ-nin ümumittifaq tərəvəz bostanına çevrildiyindən çəltikçilik unuduldu. Çəltikçiliyə qayıdış, vaxtilə məşhur yerli düyü növlərinin yetişdirilməsi indi hamının ürəyincədir. Elm mərkəzlərinin rəhbəri olaraq çəltikçiliyin inkişafında Təyyub Rzayevin bir alim qədər fəaliyyəti danılmazdır. 

Təyyub müəllim ilin əvvəlində yaşı ilə əlaqədar təqaüdə yola salındı. Amma bir qədər keçməmiş yeni iş yerinə dəvət olundu. Əkinçilik İnstitutunda yaradılan çəltikçiliyin seleksiyası və becərmə texnologiyası şöbəsinə Təyyub Rzayev təyin olunub. Onu da qeyd edək ki, bu şöbə respublikada ilk dəfə yaradılıb. 

Təyyub müəllim yenə iş başındadır. Hər zaman olduğu kimi, çəltik sahələrindədir, əkin-biçinə özü nəzarət edir, hamıdan tez gəlir, hamıdan gec gedir. Kabinetdə oturub əmr verməyi xoşlamır. Düyünün daha məhsuldar, daha effektli növləri barədə düşünür.


75 il insan ömrü üçün normal yaşdır. Bu yaşı isə hər kəs iş başında qarşılaya bilmir. İnsan gərəkli olduğunu biləndə yaşamaq daha mənalı maraqlı olur.

Təyyub Rzayev 52 illik stajla təqaüdə çıxdığını söyləyir. Əvvəldə dediyim kimi, kənd uşaqlarının əmək kitabçası olmur. Belə hesablansa Təyyub müəllimin iş stajı az qala elə öz yaşı qədərdir. Bu illəri yüyrək nağıl dililə qələmə aldım. Amma ömrün elə yaşantıları var ki, qəlbində izi qalıb. Ağrılı-acılı izi… 7 kəndi birləşdirən çoxsahəli təsərrüfatda direktor işləmək o qədər də asan deyil. Yüksək gəlir hesabına kənd yollarının asfaltlaşdırılması, yaşayış evləri, uşaq bağçası, hamam, ATS, körpülər… Paxıllıq, qəlbiqaralıq olmasaydı, yaşamağa, işləməyə nə vardı ki?..

Şəhər Partiya Komitəsinə böhtan dolu anonim məktublar yol alır. Təyyub Rzayevin işgüzarlığına bələd olan Şəhər Partiya Komitəsinin I katibi İsa Məmmədov, II katib Dilruba Camalova onu qəbul edib dinləyirlər. Böhtançıları, anonimçiləri tapdırırlar. Məhkəmə orqanlarında cinayət işi açılmasını tələb edirlər. Böhtançıların həbsə məruz qaldıqlarını bilən direktor onların bağışlanmasını xahiş edir. Bilir ki, bağışlamağın özü ən böyük cəzadır. 

Həyatda çeşid-çeşid sevgilər var - oğlan-qız, bacı-qardaş, ana-bala, nənə-nəvə… Təyyubun atası Əyyub kişiylə anası Zəri xanım doğmaca xalaqızı-xalaoğluydular. Təyyub hər iki ailənin ilk nəvəsiydi. Bu mənada hər iki ailə üçün çox əziz uşaq idi. Kürsüm nənənin oğul övladı olmadığından Təyyubu qeyri-adi məhəbbətlə sevir. Sonra neçə nəvəsi dünyaya gəlsə də, bu sevgi azalmır. Bir hərf belə yazıb oxuya bilməyən nənə sinədəftər mərsiyəxan imiş. Nağılları, bayatıları sinədən söylərmiş nəvəsinə. Yaxın məclislərdə mərsiyəxanlıq da edərmiş. Təyyub tələbə olanda Kürsüm nənə dünyasını dəyişir. Vəsiyyətinə görə Şeyx Zahid qəbiristanlığında dəfn olunur. Tətilə gələn Təyyuba atası bu xəbəri deyəndə çox sarsılır. Bu gün də nənəsinin laylaları, bayatıları, nağılları yaddaşının ən kövrək xatirələridir. 

    Var-dövlət pul-para, zinət əşyaları deyil. Ən böyük sərvət ləyaqətli, cəmiyyət üçün yararlı övladlardır. Bu mənada Əyyub müəllim də bəxti gətirənlərdən idi. İlki Təyyub barədə az da olsa, məlumat verdik. Təyyubun qardaşı Nadir həkim-cərrahdır. Bakı şəhərində işləyir. O biri qardaşı Qalib də həkim idi. Dünyasını çox erkən dəyişib. Yeganə yadigarı Adil Sosial Təminat Nazirliyində aparıcı mütəxəssislərdəndir. İlqar universitet (BDU) təhsilli kitabxanaçıdır. İzzət azad sahibkarlıqla məşğuldur. Haqq dünyasında olan bacıları – Mehriban tibb bacısı, Həqiqət evdar xanım idi. Son beşik bacısı Təranə ixtisasca aqronom olsa da, işləmir, ailə qayğılarıyla məşğuldur.

    Təyyub Rzayev də var-dövlət sarıdan atasından geri qalmayıb. Allah başacan versin. Sevib-seçdiyi, ixtisasca aqronom olan Mirtuğra xanımla ailə həyatı quranda cəmi 22 yaşındaydı. Toylarından bir il sonra Tofiq adlı oğlanları, bir neçə il sonra Ülviyyə adlı qızları, daha sonra sonbeşik Anar dünyaya gəlir. Tofiq ADU-nun (BDU) geologiya-coğrafiya fakültəsini bitirib. Təyinatla Lənkərana qayıdıb. Müxtəlif vəzifələrdə çalışanda savad və idarəetmə qabiliyyəti üzə çıxır və Lənkəran şəhər İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini seçilir. Sonralar bu ştat ləğv olunur, əvəzində Lənkəran Kənd Təsərrüfatı idarəsi yaranır. Prezidentin sərəncamı ilə bu müəssisənin adı dəyişdirilərək Aqrar İnkişaf Mərkəzi olur. Tofiq Rzayev direktor olaraq yenə işini davam etdirir. Bir il sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov Tofiq müəllimi nazirliyə dəvət edir, yeni yaranan meyvəçilik, tərəvəzçilik, üzümçülük və şərabçılıq şöbəsinə müdir təyin edir. Yeni yaranan sahədə də etimadı doğruldan Tofiq Rzayev yenidən Lənkərana qayıdır, bu günədək Aqrar İnkişaf Mərkəzində işini uğurla davam etdirir. 

    Onu da qeyd edim ki, Tofiq Rzayev ikinci ali təhsilini də BDU-nun hüquq fakültəsində almış, oranı Fərqlənmə diplomu ilə bitirmişdir. Həyat yoldaşı Şölə xanım cərrah-ginekoloqdur. Lənkəran mərkəzi xəstəxanasında işləyir. Qızı Zarina Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə yüksək balla qəbul olunanda ən gənc – 15 yaşlı tələbə idi. Artıq sonuncu kursdadır. Təhsilini davam etdirmək üçün Almaniya Demokratik Respublikasına hazırlaşır. Oğlu Qeysər İnşaat Mühəndisləri Universitetinin əlaçı tələbələrindəndir. 

    Təyyub müəllimin qızı Ülviyyə xanım həkim-pediatrdır. Bakı şəhərində 29 saylı birləşmiş şəhər xəstəxanasında işləyir. Həyat yoldaşı İlqar Abdullayev Heydər Əliyev adına Beynəlxalq aeroportunda istehsalat rəhbəridir. Oğlu Fərdin Türkiyədə ali təhsil alıb, iqtisadçıdır. “Ferrum Kapital” faktorinq üzrə mütəxəssisdir. Qızı Lalə Texniki Universitetin məzunudur. “Azqidasert” MMC-də keyfiyyət üzrə menecerdir.

    Ailənin sonbeşiyi Anar Sənaye Universitetini bitirib. Lənkəran Regional Qaz İstismar İdarəsinin texniki istismar şöbəsinin rəisidir. Həyat yoldaşı Ülkər xanım aqrar elmləri üzrə fəlsəfə doktorudur. Lənkəran Dövlət Universitetinin baytarlıq və aqrar fənlər kafedrasının dosentidir. Ailədə iki qız böyüyür. Nərmin və Sevin. Mübaliğə olmasın, babası bu qızlarla nəfəs alır. Qızlar Gərmətük qəsəbə tam orta məktəbində təhsil alırlar. 

    Təyyub müəllim yubiley yaşının tamamında nəvə toyuna mübarək deyəcək. Lalə balası Kosmos Tədqiqatları İnstitunda çalışan Rüfət Nurəlizadə ilə ailə həyatına qədəm qoyacaq. Növbə Fərdinindir. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Fərqlənmə diplomlu məzunu Çiçək Nəsirli ilə toya hazırlaşırlar. 

Nəvə toyları axarlı olsun. Bu gənclər ailədə də, cəmiyyətdə də sayılıb seçilənlərdən olsunlar.


***

Təyyub Rzayev ailə qurub ata evində yaşayıb. Lakin mənzil böyük ailəyə darlıq edir və o biri qardaşların evlənməsi üçün şərait olmadığına görə atasına dövlət tərəfindən verilən mikrorayondakı üçotaqlı mənzilə köçür. Qutu evlər, şəhərdəki ab-hava ilk gündən ürəyinə yatmır. Fikirlərini  xanımına da bildirir və kəndə qayıdacaqlarına qərar verir. Bir qədər sonra atasının xeyir-duası ilə həyətdə ona yer ayrılır. Ev tikintisi uzun çəksə də, nəhayət kəndə qayıdır.

Bu gün ruhlar şaddır. Təyyub Rzayev sadiq övlad olaraq ata ocağının çırağını yandırır. Rzayevlər nəslinin bütün qol-budaqları, pöhrələri Təyyub Rzayevin qanadları altına yığışır, onun işığında ata-baba yurdunu ziyarət edirlər.

Təyyub müəllimin ömür yolunu izlədikcə ləyaqətli bir ömrün səhifələri vərəqləndi. Arxaya baxmağa dəyər. Arxada zəhmət dolu şərəfli və ləyaqətli bir ömür canlanır. Gələn yubileylərdə görüşənədək!


Sevda Əlibəyli 

"Söz" jurnalının Baş redaktoru

"Vətənim-Azərbaycandır.az"








ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI