VETENİM-AZERBAYCANDIR.AZ
Rusiya-Ukrayna müharibəsinin bir illiyi ərəfəsində dünyadakı iqtisadi tablo tündləşir və kritik bir dönəmə ayaq basılır. Rəsmi şəkildə dünya üzrə qlobal böhran elan edilməsə də, böhranın astanasına gətirə biləcək əlamətlər sezilməkdədir.Böhranların çoxluğu beynəlxalq sistemi cəsarətli qlobal kollektiv fəaliyyətə çağırır. Ancaq maraqlardakı fərqlilik və böyüklərin kiçikləri əzmək, nəhəng resursları qamarlamaq, bəzi kiçiklərdən marionetka kimi istifadə etmək hobbiləri kollektiv səyləri də yaralayır.
Həmin yaraları “müalicə etmək” istəyi hamının toplaşdığı və sözünü eyni tribunadan çatdırdığı böyük platformaya ehtiyac yaradır, bu mənada Davos İqtisadi Forumu “etibarlı təbib” kimi ad çıxarıb.
Yanvarın 16-dan 20-nə qədər Davosda yeni İqtisadi Forum planlaşdırılıb, burada dövlətlər nəhəng investorların axtarışı üçün görüşlər keçirəcək, rəqibliklə düşmənçiliyin sərhədləri bir daha müəyyən ediləcək.
Davos İqtisadi Forumu qlobal iqtisadi riskin ölçülərini öz arşını ilə təyin edə bilsə də, bəşəri böhranın dövlətləri məngənə kimi sıxmasının qarşısını ala bilmək gücündə deyil. Buna görə də Davos İqtisadi Forumu pozitiv istiqamətdə əhəmiyyətli dönüş nöqtəsi hesab edilə bilməz. Forum qısamüddətli düzəlişlər üçün yaxşı platformadır, o da baxır kimin dediyini kim eşidir və ya kim qulaqardına vurur.
Əlində iqtisadi rıçaqlar və bu alətləri bərkidən hərbi-siyasi, diplomatik gücü olan ölkələr belə platformadan xeyirli çıxırlar, Azərbaycan da həmin ölkələr sırasında yer alır. Ona görə ki:
1. Azərbaycan qlobal enerji bazarlarındakı mövqelərini irəliyə apara bilib;
2. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə investisiya mühitini stimullaşdırır;
3. Azərbaycan ənənəvi enerji mənbələrinə alternativ olan enerji resurslarını inkişaf etdirməklə bunu beynəlxalq yanacaq tədarükünün tərkib hissəsinə çevirir. Bu da qlobal təchizatdakı zəncirlərin həlqəsi üçün vacibdir;
4. Xəzər dənizindəki zəngin ehtiyatların, işğaldan azad edilmiş ərazilərdəki qızıl ehtiyatlarının bolluğu xarici sərmayədarlar üçün cəlbedici görünür;
5. Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirmək gücündədir ki, bu da strateji bir layihə kimi önəm qazanır.
Prezident İlham Əliyevin Davos Forumu öncəsi, yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə Zəngəzur koridoru ilə bağlı səsləndirdiyi bəyanatlar Azərbaycana qlobal dəstək miqyasının artırılması üçün çağırışlar idi.
Buna görə də Azərbaycanı Davos İqtisadi Forumunda təmsil edəcək nümayəndə heyəti Zəngəzur dəhlizi üzrə əlavə iqtisadi-siyasi dəstəklər qazanmaqdan ötrü görüşlər keçirə bilər.
Görüşlər, bağlı qapılar arxasındakı danışıqlar, bu müzakirələrdən sonra Azərbaycana rəqib olan ölkələrin digərlərinin qulaqlarına nələr pıçıldaması Bakının sonrakı gedişatları üçün açar olacaq.
Azərbaycan və Türkiyə strateji müttəfiqliyi zərurət yaradır ki, bu iki ölkə regiondakı potensial şoklara qarşı dayanıqlılığı təmin etsin. Təhlükəsizliyin, davamlılığın hərtərəfli yenidən qiymətləndirilməsi baxımından Davos Forumu böyük rola malikdir.
Qlobal və regional oyunçuların Davos Forumundan sonra Cənubi Qafqaz regionunda Azərbaycanın əldə etdiyi yeni razılıqlara reaksiya olaraq hansı addımlar atacaqları maraq doğurur.
Çünki Azərbaycanın Davos kulislərindəki müzakirələri və gəlinə biləcək nəticələr Bakıya rəqib oyunçuların qarışıq prosesləri başlatmaq planını meydana çıxarmağa bəhanə vermək gücündədir.
Bu arada, Davos Forumu iqtisadi platforma olduğundan, Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki təbii sərvətlərin talanması məsələsini də qaldıra bilər.
Buradan yola çıxaraq:
Davos Forumu Rusiyanın Cənubi Qafqazla bağlı “milyarderlər layihəsi”nin Azərbaycana tətbiq etmək cəhdlərinin qarşısının alınması üçün yaxşı platformadır.
Təkcə Rusiya deyil, elə Qərbdəki milyarderlərdən də Azərbaycana qarşı təhdidlər var və Bakı elə fikirlər yürüdə bilər ki, həmin insanların da əl-qolu bağlansın. Amma çətin məsələdir, çünki dünyanın iqtisadi çarxının fırlanma trayektoriyasını təyin edən, hətta dövlətlərin siyasətlərinə təsir edəcək milyarderlərin əli çox uzundur.
Azərbaycan və Türkiyə nəhəng siyasi ambisiyaları olan milyarderləri bu vaxta qədər necə mat vəziyyətində saxlayıblarsa, bundan sonra da eyni qaydanı davam etdirə bilərlər, Davos Forumu uzağı bu məsələdə əlavə dəstəkləyici mexanizmlər verə bilər.
Bu baxımdan Azərbaycanın Davosda həmin dahi maliyyəçilərə alternativ qüvvələrlə əməkdaşlıq üçün müzakirələrə başlaması ağlabatan görünür.