Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ötən il bu nazirliklərdə qanun pozuntuları aşkarlanıb

Ötən il bu nazirliklərdə qanun pozuntuları aşkarlanıb
10-02-2022, 14:43 242 dəfə baxılıb

Ötən il Mədəniyyət Nazirliyində aparılan nəzarət tədbirləri zamanı bir neçə müəssisə və təşkilata qabaqcadan ödənilmiş vəsaitlərin müqabilində material qiymətlilərinin alınmaması və xidmətlərin yerinə yetirilməsinə dair təsdiqedici sənədlərin olmaması, həmçinin bir xidmətin yerinə yetirilməsinə dair sənədləşmə aparılmaqla xeyli məbləğdə artıq vəsaitin podratçı şirkətin hesabına köçürülməsi, Nazirliyin tabeçiliyində olan mədəniyyət obyektlərinə satın alınaraq təhvil verilməsi nəzərdə tutulan material qiymətlilərinin xeyli hissəsinin həmin obyektlərə ümumiyyətlə verilməməsi və onların balansa qəbul edilməməsi nəticəsində büdcə vəsaitlərinin Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri tərəfindən təyinatından yayındırıldığı müəyyən edilib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən yerinə yetirilməsi sənədləşdirilmiş bəzi xidmətlərlə bağlı aidiyyəti işçilər izahatlar təqdim edərək həmin xidmətlərin faktiki olaraq yerinə yetirilmədiyini və bu xidmətlərə görə özəl qurumlara köçürülən vəsaitlərin nağdlaşdırılaraq nazirliyin məsul şəxslərinə verildiyini, sənədlərə isə tapşırıq əsasında imza etdiklərini bildiriblər.
Mədəniyyət Nazirliyinin sifarişləri əsasında tabeçiliyindəki mədəniyyət obyektlərində təmir-tikinti işlərinin aparılmasına dair sənədlərin yoxlanılması zamanı isə işlərin həcminin əsassız olaraq şişirdildiyi və podratçı şirkətlərə real iş həcmlərinin dəyərindən artıq böyük məbləğdə büdcə vəsaitinin köçürüldüyü aşkar edilib.
Xarici İşlər Nazirliyində aparılan nəzarət tədbirləri nəticəsində isə  dövlət büdcəsində dəftərxana və təsərrüfat mallarının alınması üçün nəzərdə tutulmuş vəsaitin satıcı təşkilatların hesablarına köçürülməsinə baxmayaraq, həmin malların, habelə mətbəə blanklarının bir hissəsinin faktiki olaraq alınmadığı aşkar olunub. Həmçinin sözügedən nazirlikdə istifadə olunan kompüter avadanlığı və texniki vasitələr üçün ehtiyat hissələrinin, habelə hədiyyə və suvenirlərin alınması məqsədilə köçürülmüş vəsaitin müqabilində həmin material qiymətlilərinin xeyli hissəsinin faktiki olaraq alınmadığı, bankdan çıxarılaraq Nazirliyin kassasına mədaxil edilən büdcə vəsaitinin bir hissəsinin xərclənməsinə dair sənəd olmadığı halda isə məxaric edilməsi yolu ilə əsassız xərcləndiyi müəyyənləşib.
Azərbaycanın İordaniya Haşimilər Krallığındakı Səfirliyində aparılan nəzarət tədbiri ilə səfirlikdə mövcud qaydalara zidd olaraq icarə haqqı və kommunal xidmətlər üçün vəsaitin faktiki dəyərindən artıq rəsmiləşdirilməsi və ödənilməsi, xidməti zərurət adı ilə hədiyyələrin təqdim edilməsinin müvafiq qaydada sənədləşdirilmədiyi aşkar edilib.
Nəzarət tədbirləri üzrə artıq və əsassız ödənilmiş vəsaitləri məsul vəzifəli şəxslər dövlət büdcəsinə ödəyərək bərpa olunub, prokurorluq və hüquq-mühafizə orqanlarının qərarlarına əsasən, aparılan nəzarət tədbirləri ilə aşkar edilən artıq və əsassız ödənişlərin bir hissəsi ibtidai istintaq zamanı təqsirkar şəxslərin nağd qaydada dövlət büdcəsinə ödəməklə bərpa edilib, qalan hissəsinin bərpası isə məhkəmə qərarlarına əsasən, təqsirkar şəxslərin əmlaklarına yönəldilməklə hazırda davam etdirilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI