Noyabrın 20-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə “Ümumdünya Antibiotiklərlə Bağlı Maarifləndirmə Həftəsi”nə həsr edilmiş "COVID 19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb.
"
Vətənim-Azərbaycandır.az" xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək ilk növbədə konfrans iştirakçılarını noyabrın 16-da Ermənistanın növbəti hərbi təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimizin timsalında Vətən müharibəsində şəhid olmuş bütün qəhrəmanlarımızı yad etməyə çağırıb. Daha sonra o, çıxışına cənab Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumunda söylədiyi nitqdən sitatla davam edərək ölkəmizdə koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. “Ümumilikdə pandemiya ilə mübarizə aparmaq üçün ölkəmizdə 46 dövlət xəstəxanası ayrılmışdır. Bu ayrılmış xəstəxanalardan biri olan Mərkəzi Gömrük Hospitalı artıq il yarımdır ki, yalnız kovid xəstələrinin müalicəsi ilə məşğul olur. Bu müddət ərzində 1600-dan çox COVID-19 xəstəsi Mərkəzi Gömrük Hospitalında stasionar müalicə alıb, onlardan ağır və hədsiz ağır vəziyyətdə olan 233 pasiyent isə reanimasiya və intensiv terapiya şöbəsində müalicə olunub. Bu xəstələrdən 183-ü ağ ciyərlərin süni ventilyasiyası aparatına qoşulmuş, o cümlədən 16 pasiyentin müalicəsində ekstrakorporal membran oksigenasiyası üsulundan istifadə edilmişdir”, - deyə o bildirib.
COVID-19 üzərində qələbənin ən effektiv üsulunun vaksinasiya olduğunu vurğulayan C.Məmmədov Azərbaycanda vaksinasiya kampaniyasının uğurlu olmasında dövlət-xalq həmrəyliyinin mühüm rol oynadığını qeyd edib. Çıxışı zamanı Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə uğurlu əməkdaşlığı barədə də danışan C.Məmmədov sonda konfransın Azərbaycanda koronavirusla mübarizəyə layiqli töhfə verəcəyinə əminliyini vurğulayıb və pandemiya dövründə olan fəaliyyətlərinə görə bütün həmkarlarına təşəkkürünü bildirərək konfransın işini açıq elan edib.
Bir çox dövlət qurumlarının rəsmi nümayəndələrinin iştirak etdiyi konfransın açılış hissəsində eyni zamanda Milli Məclisinin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı da çıxış edib.
Rəsmi açılış hissəsindən sonra konfransda Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Dos. Cəlal İsayev və Ege Hospitalın həkim-endokrinoloqu Dr. Xəyyam Eyvazovun moderatorluğu ilə “COVID-19: Erkən dövr fəsadları” paneli öz işinə başlayıb.
150 nəfərin əyani, 500-dən çox mütəxəssisin onlayn olaraq iştirak etdiyi konfransda 2 paneldə azərbaycanlı və türkiyəli aparıcı ekspertlər tərəfindən, ümumilikdə 19 məruzənin dinlənilməsi və konfransın panel müzakirələri və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəkildə aparılması nəzərdə tutulub.
Konfrans günün ikinci yarısında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi t.e.d. Rəşad Mahmudov və Mediland Hospitalın həkim-nefroloqu Dr. Elnur Fərəcovun moderatorluğu ilə “COVID-19: Gecikmiş dövr fəsadları” paneli ilə öz işini davam etdirəcək.