İkinci Dünya müharibəsi zamanı yaradılan əsir düşərgələrinin yerləri ayrı-ayrı məkanlarda olsa da, bu düşərgələrdə rejim qaydaları, işgəncə tətbiqləri demək olar ki, eyni olub. "Ölkə.az" Vətənim-Azərbaycandır.az"a istinadla xəbər verir ki, bu sırada yalnız Yaponiya fərqlənib. 1929-cu ildə hərbi əsirlərlə davranışla bağlı Cenevrə konvensiyasına qoşulmayan Yaponiya əsirlərlə istədiyi kimi rəftar edib.
Müharibə dövründə Yaponiyanın əsir düşərgələrindən 100 minlərlə hərbçi keçib. Bu rəqəmə Çindən olan əsirlər daxil deyil. Onların sayı o qədər çox olub ki, rəqəmi dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Statistik məlumatlara görə, Yaponiyada təkcə məhv edilən çinli əsrlərin sayı 300 mini ötüb.
Yaponiya düşərgələrində əsirlərə verilən işgəncələrlə bağlı araşdırmalar bu günə qədər davam edir. 2017-ci ildə Britaniyanın “Daily Mail” qəzetinin son araşdırmalar haqqında dərc etdiyi yazılar və fotolar dünya ictimaiyyətini sözün əsl mənasında şoka salıb.
Təqdim olunan materialda əsirlərin saxlanma şəraiti açıqlanıb, qeyd olunub ki, Yaponiya düşərgələrində əsas ölüm səbəblərindən biri aclıq olub. Qəzetdə verilmiş çoxsaylı arxiv fotolarında dərisi sümüyünə yapışan və ölüm ayağında olan əsirlər əks olunub.
Arxiv materialları ilə müqayisə etdikdə əsir düşərgələrində xidmət edən alman nəzarətçiləri yapon nəzarətçilərindən qat-qat “mərhəmətli” olublar.
Yaponiya düşərgələrində “ölüm doktoru” adı ilə məşhur olan serjant Seyiçi Okada özünəməxsus işgəncələri ilə fərqlənib. Onun ən sevimli “əyləncə”lərindən biri əsirlərin qarın boşluğuna su doldurmaq, sonra həmin əsirin qarnında tullanıb düşmək olub. Seyiçi Okada heç bir səbəb olmadan belə, rejim qaydalarını pozmayan əsirlərə də işgəncələr tətbiq edib. Bu haqda Xabarovsk prosesində hakim ona sual verəndə “ölüm doktoru” böyük təmkinlə cavab verib:
“Bu, mənim vəzifə borcum idi. Nə fərqi var, rejim qaydaları pozulub, yoxsa yox. Əsirlərin hamısı düşərgəyə düşməzdən əvvəl “rejim” qaydalarını pozublar, Yaponiyaya silah tuşlayıblar. Məhz buna görə də onlar layiqli cavablarını almalı idilər. Mən də öz missiyamı bu üsulla yerinə yetirməliydim. Peşman deyiləm və haqlı olduğumu məhkəmə qarşısında bəyan edirəm...”
Yaponiya düşərgələrində leytenant Usuki də ən qanlı nəzarətçi kimi tanınıb. İşləyən əsirlərə iş başında nəzarət edən leytenant hər iki gündən bir yüzlərlə əsirin gözü qarşısında əsirlərdən birinin başını kəsib. Bununla da o, əsirləri xof və qorxu içərisində saxlayıb. İş planını yerinə yetirə bilməyənlərə, yaxud işləmək istəməyənlərə qarşı leytenant Usukinin öz cəza tədbiri olub. Belə ki, cəllad nəzarətçi həmin əsirlərin ayaqlarını və qollarını kəsib. Bildirib ki, o, daha işə çıxmayacaq.
Yaponiyanın əsir düşərgələrində tibb xidməti ümumiyyətlə, olmayıb. Ştat cədvəlində tibbi personalın adları olsa da, əsirlərə heç vaxt tibbi xidmət göstərilməyib.
Yaponiya düşərgələrində iş qabiliyyətini itirənlər artıq yük sayılaraq sıradan çıxarılıb. Bunun üçün “Xaqoin” əsir düşərgəsində eyni zamanda 150 nəfərin yerləşdirilməsi mümkün olan qaz kamerası quraşdırılıb. İlböyu bu kameranın qarşısında uzun-uzadı növbələr düzülüb. “Xaqoni” dilimizə tərcümədə “sığınacaq” mənasını versə də, bu düşərgənin funksiyası kiməsə sığınacaq vermək yox, onları ən qəddar üsulla məhv etmək olub.
“Xaqoin” düşərgəsinin digər bir funksiyası isə əsirlər üzərində təcrübə aparmaqdan ibarət olub. Məhz bu düşərgədə insanın nə qədər susuz yaşaması, havasız qalması, üstünə qaynar su tökəndə nə qədər dözməsi, hansı elektrik gərginliyinə tab gətirməsi, dondurulduqda hansı vəziyyətə düşməsi, ayrı-ayrı daxili orqanlarını çıxardıqdan sonra nə qədər yaşaya bilməsi və bu kimi dəhşətli və ağlasığmaz sınaqlar keçirilib.
Yaponların ən dəhşətli düşərgələrindən biri isə “731 nömrəli dəstə” adı altında fəaliyyət göstərib. Bu düşərgə Çinin işğal olunmuş Pinfan qəsəbəsində salınıb. “731 nömrəli dəstə” sırf tibbi-bioloji sınaqların keçirilməsi üçün nəzərdə tutulub. Bu sınaqlar nəticəsində 10 minə yaxın əsir vəhşicəsinə məhv edilib. Onlardan təxminən 30 faizi SSRİ vətəndaşları olublar. Üzərində sınaq keçirilənlərin yaşı 20-40 arasında dəyişib. 150 tikilidən ibarət olan “sınaq düşərgəsi”ndə 3600 nəfər xidmət edib. Onların 60 faizi tibb, biologiya, kimya və fizika mütəxəssisləri olublar və hər biri kifayət qədər yüksək elmi dərəcələr daşıyıblar. Düşərgənin yerləşdiyi qəsəbənin isə cəmi 3000 nəfər əhalisi olub.
Göründüyü kimi yapon qəddarlığı alman faşizmini də keçib. Xüsusilə amerikalı hərbçi-əsirlərə qarşı qəddarlıq son həddə çatıb və bu, heç kim üçün sirr olmayıb. Bəlkə də elə bu qəddarlığın nəticəsidir ki, ABŞ-da İkinci Dünya müharibəsində Yaponiyaya heç bir güzəştə getməyib və əsl qəddarlığın nə olduğunu Yaponiyaya atdığı iki atom bombası ilə nümayiş etdirib.