Milli Həmrəylik Partiyasının etiraz Bəyanatı
Avropa Parlamentinin (AP) üzvləri - Avropa İttifaqı-Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin AP tərəfdən həmsədri Marina Kalyurand, AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko və AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev tərəfindən verilən Birgə Bəyanatı əsl “absurd teatrı” hesab etmək olar. Eləcə də, “Human Rights Watch” təşkilatının Azərbaycanın guya hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması ilə bağlı iddialarını və açıqladığı hesabatı tamamilə qərəzli və ədalətsiz hesab edirik. Guya Azərbaycanda erməni əsirləri ilə pis rəftar edilməsinə dair “Human Rights Watch” təşkilatının əsassız iddialarını özündə əks etdirən yuxarıda adı çəkilən birgə sənəd birmənalı şəkildə qeyri-obyektivdir və qətiyyən həqiqəti əks etdirmir.
Biz Milli Həmrəylik Partiyası olaraq bu sənədi, bu hesabatı Azərbaycana qarşı sifarişli təşəbbüs və arxasında siyasi motivlərin dayandığı təzyiq vasitəsi kimi qiymətləndiririk. Avropa Parlamentinin məlum üzvlərinin gəlib Azərbaycanda real vəziyyətlə tanış olmaq əvəzinə, “Human Rights Watch” kimi qaşınmayan yerdən qan çıxarmağa adət etmiş təəssübkeş, ermənipərəst bir təşkilatın qərəzli hesabatına istinad edərək birgə bəyanat yaymaları həqiqətən də dərin təəssüf hissi doğurur. Əslində avropalı parlamentarilər Azərbaycana qarşı bu qədər ədalətsiz mövqe sərgiləməyə məcbur deyillər. Amma sözügedən birgə bəyanat onu göstərir ki, AP üzvləri sanki Ermənistanın hərbi-siyasi rəhbərliyi qarşısında öz üzərlərinə hansısa bir şübhəlik öhdəlik götürüblər.
Belə ki, Ermənistanın azərbaycanlı hərbi əsirlərə qarşı qeyri-insani davranışları barədə indiyə qədər bircə dəfə də olsun səsini çıxarmayan bu strukturların, bu parlamentarilərin Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun rəftar edildiyini, onlara lazımi tibbi yardımın göstərildiyini, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin 2020-ci ilin oktyabrından etibarən bütün erməni əsirlərə müntəzəm olaraq baş çəkdiklərini və nəhayət, bütün hərbi əsirlərin 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın müvafiq müddəasına uyğun olaraq Ermənistana qaytarıldığını bildikləri halda, bu cür yalançı “SOS” siqnalı verib, beynəlxalq ictimaiyyəti çaşdırmağa, aldatmağa çalışmaları onların obyektivliyini şübhə altına almağımıza əsas verir. Avropalı siyasətçilərin və hüquq-müdafiə təşkilatlarının nümayiş etdirdiyi bu cür önyarğılı davranışlar bizdə ikrah hissi doğurur və bu hər bir azərbaycanlıda Avropa dəyərlərinə, Avropa demokratiyasına, Avropa ədalətinə qarşı bəslənilən sonuncu ümid və inam hissini də tamamilə öldürür. Biz AP üzvlərinin və “Human Rights Watch” təşkilatının ədalətsiz mövqeyini və “ikili standart”lar taktikasını qətiyyətlə pisləyirik!