Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Rus NATO-su” Azərbaycanla sərhəddə - Moskvadan İrəvana hədə kimi çağırış

“Rus NATO-su” Azərbaycanla sərhəddə - Moskvadan İrəvana hədə kimi çağırış
4-08-2023, 09:21 99 dəfə baxılıb

VETENIM-AZERBAYCANDIR.AZ
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT - ”Rus NATO-su") Azərbaycan-Ermənistan sərhədində missiyanın yerləşdirilməsi məsələsinin müzakirəsinə qayıtmağa hazırdır".
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyinin (MDB) birinci departamentinin direktoru Mikael Ağasandyan RİA Novosti-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, “təşkilat rəsmi İrəvanın müsbət cavabını və bu təklif üzərində məzmunlu işlərin bərpasını və müttəfiqə kömək üçün digər birgə tədbirlərin həyata keçirilməsini” gözləyir. Ağasandyana görə, Rusiya müvafiq qərarların qəbulunun regiondakı ümumi vəziyyətə müsbət təsir edəcəyinə əmindir.
“Qərb dövlətləri Rusiyaya və onun Cənubi Qafqazdakı mövqelərinə maksimum ziyan vurmaq üçün ən yaxın müttəfiqlərinə, o cümlədən Ermənistana siyasi və iqtisadi təzyiq göstərməyə çalışırlar”, - deyə blokun erməni rəsmisi qeyd edib.
“KTMT istənilən beynəlxalq təşkilat kimi sehrli çubuq deyil. Qarabağ münaqişəsi ən qəliz məsələlərdən biridir, onun həllinin yeganə yolu isə Ermənistan-Azərbaycan münasibətlərinin danışıqlar əsasında ardıcıl normallaşdırılmasından keçir”, - o əlavə edib.
“Yeni Müsavat” xatırladır ki, Moskva bir neçə ay öncə də İrəvana analoji çağırışı edib. Lakin “sorosçu” Paşinyan hökuməti ona əhəmiyyət verməyib. Belə görünür, Avropa Birliyinin sərhəddə fəaliyyət göstərən uzunmüddətli (2 illiyə) yarım-hərbi missiyası Ermənistanı tam qane edir - hansı ki, əksinə, Rusiyada qıcıq yaradır (Azərbaycan da bundan məmnun deyil).
Bu dəfə necə olacaq? İrəvan razılıq verə bilərmi? Bəs rəsmi Bakının reaksiyası? “Rus NATO-su”nun, daha dəqiqi, Rusiya hərbçilərinin də Azərbaycanla sərhəddə durması bizim üçün nə demək olacaq?
Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”
Əli Orucov: “Paşinyan hökuməti çıxılmaz durumdadır və Qərblə Rusiya arasında vurnuxur”
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Paşinyanın getdikcə çıxılmaz durum qarşısında qaldığını, Qərblə Rusiya arasında vurnuxduğunu söylədi: “Ermənistanla Azərbaycan sərhədində həm Avropa İttifaqı Şurasının müşahidə missiyası, həm də ATƏT-in Monitorinq Mərkəzi İrəvanın təşəbbüsü ilə cari ilin əvvəllərindən fəaliyyət göstərir. Paşinyan bunu guya Azərbaycanın Ermənistanın dövlət sərhədlərini pozmasının qarşısını almaq üçün etdiyini bildirib. Buna qədər isə rəsmi İrəvan çox cəhd etdi ki, Azərbaycanla aralarındakı konfliktə KTMT-ni də cəlb etsin, lakin bu niyyət baş tutmayanda alternativ olaraq Qərb seçildi. Təbii ki, İrəvanın bu hərəkəti Moskvanı qıcıqlandırır. Rusiya XİN-i Avropa Şurasının və ATƏT-in müşahidə monitorinq missiyasının Rusiyanın maraqlarına zidd fəaliyyət göstərdiyini və missiyanın hərbi kəşfiyyat məqsədilə regionda yerləşdiyini bəyan etdi”.
Ə.Orucova görə, qərbli müşahidəçiləri sərhədinə yerləşdirməsini KTMT-yə qarşı demarş kimi də qiymətləndirmək olar: “Bu bir həqiqətdir ki, Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında ciddi rəqabət gedir. Paşinyan hakimiyyəti də bu rəqabət və mübarizə fonunda öz maraqlarını həyata keçirmək üçün Qərblə Rusiya arasında vurnuxmaqdadır. Fikrimcə, KTMT-nin də Ermənistan sərhədində tezliklə peyda olmasında heç bir maneə yoxdur. Həm də ona görə ki, 2025-ci ildə Rusiya sülhməramlıları Qarabağdan çıxmalıdır. Ermənistanla Azərbaycan arasında həmin dövrədək münasibətlər normallaşsa, Rusiyanın hərbi siyasi varlığı regionda sual altına düşəcək. Odur ki, KTMT missiyası altında yenidən hər iki ölkə arasında arbitraj rolunu saxlamağa çalışacaq.
“Rus NATOsu”-nun sərhədlərimizə yaxın yerləşdirilməsi, əlbəttə, arzuolunan deyil, nəzərə alsaq ki, Moskva həmişə təcavüzkarı dəstəkləyib. KTMT-nin Ermənistan tərəfindən sərhəddə gətirilməsi qərbli müşahidəçilər üçün də arzuolunan sayılmaz. Lakin Paşinyan Moskvanın istəklərinin əleyhinə açıq şəkildə getməyə cəsarət göstərməz. Hesab edirəm ki, Ermənistan-Azərbaycan sərhədlərində nə qədər müşahidə missiyalarının sayı və tərkibi artacaqsa, bu, delimitasiya və demarkasiya prosesinə o qədər mənfi təsir göstərəcək. Ermənistan həmişə böyük güclərin arxasında gizlənərək çirkin niyyətlərini həyata keçirib".

Tural Turan: “İrəvan Moskvanın ayağını daha sərt tapdalasa, Ermənistanda Qazaxıstan hadisələri təkrarlana bilər”
Politoloq Tural Turan proseslərin durmadan Qərbin xeyrinə dəyişdiyini düşünür. Onun sözlərinə görə, KTMT-nin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi ilə bağlı çağırışlar da əbəs deyil: “Rusiya-Ukrayna savaşından sonra Kremlin Güney Qafqazdakı dayaqları və ayaqları titrəməyə başlayıb. Moskvada da bunun fərqindədirlər. Əgər 2020-ci ilin 6 həftəlik müharibəsindən sonra Ermənistan-Azərbaycan münasibətlərinin nizama salınması prosesində Kremlin aşkar dominantlığı hiss olunurdusa, 2022-ci ilin 24 fevralından sonra vəziyyət Qərbin xeyrinə dəyişməyə başladı. Ona görə də Kremlin dəhlizlərində əl-ayağa düşən yetkililər vəziyyəti yenidən əvvəlki müstəviyə qaytarmağa can atırlar.
“Rusiya NATO-su” adlandırılan qurumun, eləcə də MDB-nin də nüfuzu xeyli zəifləyib. Hər iki təşkilatın funksionerləri ara-sıra KTMT və MDB-nin var olduğunu göstərmək üçün təsirsiz bəyanatlar verirlər. KTMT-nin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi ilə bağlı çağırışlar Avropanın “pensiyaya çıxmış polislərinin” sərhəd zonasına gəlişindən doğan narahatlıqlarla bağlıdır. Kremldə düşünürlər ki, Qərbin Göyçə və Zəngəzur ətrafına bu cür missiya göndərməsi Rusiya üçün nəbz yoxlanışıdır. Əgər Moskvadan sərt təpki gəlməsə, “Sorosun çocuqları” işi daha da böyüdə bilərlər. Yəni bu zaman daha kəsərli addımların atılması ehtimalı gündəmə gələcək. Bir sözlə, “pensiyaçı polisləri” “fransız jandarmaları” və ya hərbi koalisiya əvəzləyə bilər. Ona görə də Kreml baş verən proseslərə, o cümlədən Paşinyan hökumətinin “rus qoşunlarının Ermənistandan çıxarılması” ilə bağlı ara-sıra səsləndirdiyi fikirlərə “eyhamlı və qaşarası reaksiya” göstərməyə çalışır. Çünki Qərb missiyası Göyçə gölü hövzəsində möhkəmlənsə, gələcəkdə rusiyalı sülhməramlıların və Gümrüdəki 102-ci bazanın da bölgədəki taleyi ilə oynaya bilər.
Moskvada bu təhlükəni də yaxşı başa düşürlər. “Rus NATO-su”nun Ermənistan-Azərbaycan sərhədinə gəlməsinə Nikol Vovayeviç “hə” deməyəcək. Heç onun maşasını tutan “sorosçular” da bu məsələyə yaşıl işıq yandırmayacaqlar. Rusiyanın KTMT-nin sərhədə yerləşdirilməsi ilə bağlı mesajı “Güney Qafqazın açarı hələ də mənim əlimdədir” - anlamında başa düşülməlidir. Əgər İrəvan Moskvanın ayağını daha sərt tapdalasa, Ermənistanda Qazaxıstan hadisələri təkrarlana bilər. Yəni “Rusiya NATO-su” yox, birbaşa “rus jandarması” İrəvana yeriyəcək. Bu isə Sorosun “Ermənistan baharı” missiyasının sonu deməkdir".
Politoloq hesab edir ki, KTMT-nin Azərbaycan-Ermənistan sərhədinə yeridilməsinə rəsmi Bakı da səssiz qalmayacaq: “Bakı ”Rusiya NATO-su"ndakı dostları ilə təmaslarını gücləndirəcək. Qazaxıstan və Qırğızıstanla yanaşı, Tacikistan da KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə gəlməsinə razılaşmayacaq. Son bir ildə bu üç KTMT ölkəsi ilə rəsmi Bakı çox sıx şəkildə işləyir və ortada böyük layihələrin işlənməsi məsələsi var. KTMT-nin Ermənistanla sərhədə gəlməsinə indiki halda yalnız Belarus dəstək verə bilər. Bu da başadüşüləndir. Çünki son bir ildə Minsk regional və beynəlxalq müstəvidə Moskva ilə birgə addımlayır. Amma bu istiqamətlərdə Əliyevlə Lukaşenkonun şəxsi münasibətlərini də gözardı etmək mümkün deyil. Eyni zamanda söhbət Cənubi Qafqazdan gedirsə, burada Ankara amilini də unutmamalıyıq. KTMT-nin sərhədə gəlişi Türkiyənin bölgədəki maraqları və gələcək planları üçün təhdiddir. Ona görə də qardaş ölkə KTMT-nin bölgəyə gəlməsi təhlükəsini hiss etdiyi halda “NATO kartı”nı dövriyyəyə buraxa bilər. Söhbət Azərbaycan və Ermənistanla razılaşdırmaq şərtilə NATO sülhməramlılarının bölgəyə gəlişinə “yaşıl işıq” yandırmaqdan gedir. Bu isə Rusiya üçün ən arzuolunmaz ssenaridir.
Hazırda başı “Ukrayna düyünü”nü çözməyə çalışan Moskva Güney Qafqazda ikinci cəbhənin açılmaması üçün bütün yayınma imkanlarını səfərbər edəcək. İndiki halda “Rus NATO-su” ən yaxşı halda Zəngəzur dəhlizinin açılacağı təqdirdə Qafandan Naxçıvana qədər olan məsafədə yük daşımasını mühafizə etməklə mükəlləf ola bilər. Hazırkı İrəvan hökumətinin bu məsələyə “yaşıl işıq” yandıracağı isə, yumşaq desək, inandırıcı deyil".



VETENIM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI