Paşinyanın adamlarının Qərbə intensivləşən rəsmi səfərlərinin ilginc pərdəarxası
15-07-2023, 10:28
148 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
Ermənilər Fransa və ABŞ-da nə axtarırlar?..
Ermənistan parlamentinin sədri Alen Simonyan və onun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 10-13-də Fransada işgüzar səfərdə olub. Bu barədə Ermənistan parlamentinin rəsmi saytında məlumat verilib.
Ermənistan nümayəndə heyətinin tərkibində parlamentin Dövlət və Hüquq Məsələləri Komissiyasının rəhbəri Vladimir Vardanyan, Xarici Əlaqələr Komissiyasının rəhbəri Sərkis Xandanyan, deputatlar Arusyak Manavazyan və Armen Rüstəmyan, həmçinin parlament sədrinin mətbuat katibi Tsovinar Xaçatryan, spikerin müşavir-köməkçisi Hamlet Gevorqyan və digərləri təmsil olunub. Mətbuat xidməti nümayəndə heyətinin səfərinin məqsədi barədə məlumat verməyib.
Maraqlıdır ki, təxminən eyni vaxtda Təhlükəsizlik Şurasının katibi, Nikol Paşinyanın “sağ əli”, “Amerikanın adamı” sayılan Armen Qriqoryan ABŞ-da çoxgünlük səfərdə olub. Daha doğrusu, o, hələ də Amerikadadır.
Məlumatlara görə, səfər çərçivəsində Qriqoryan ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuperlə Ermənistan ordusunda islahatlar prosesini müzakirə edib. Qriqoryan Kuperə “müdafiə sahəsində erməni-Amerika təhsil proqramlarının həyata keçirilməsi, Ermənistan hakimiyyətinin silahlı qüvvələrdə demokratik idarəçiliyə yönəlmiş səyləri” barədə bilgi verib. Tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair bir sıra digər məsələləri də nəzərdən keçiriblər.
Qriqoryan həmçinin Vaşinqtonda Milli Kəşfiyyatın direktoru Avril Haynsla bir araya gəlib. “Həmsöhbətlər regional təhlükəsizlik sahəsində vəziyyət, eləcə də Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıblar”, - deyə qısa rezümedə bildirilir.
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan nədənsə çoxdan ABŞ-dadır. Niyə Qriqoryanı ora çağırıblar?”
Bu barədə “İravunk” erməni nəşri yazıb.
“Britaniya və Amerika xüsusi xidmət orqanlarının ”sevimlisi" olan Ermənistan Təhlükəsizlik Şurasının katibinin Vaşinqtona səfəri həmişə təhlükəlidir. Ötən il sentyabrın 27-də o, İlham Əliyevin köməkçisi Hikmət Hacıyevlə ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın iştirakı ilə sənəd imzalayıb. Məhz bu sənəd Praqada Nikol Paşinyana təqdim olundu və o, Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıdı", - qəzet qeyd edib.
Bəs gerçəkdə yüksək çinli erməni rəsmilərin intensivləşən ABŞ və Fransa səfərlərində əsas məqsəd nədir? Ermənilər Fransa və ABŞ-da nə axtarırlar? Olmaya kapitulyant ölkə Rusiya orbitindən həmişəlik uzaqlaşmağa, Moskvadan qopmağa hazırlaşır?
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov bildirdi ki, Ermənistanda 2018-ci ildən hakimiyyətə gələn Nikol Paşinyanın bütünlükdə komandası qərbmeylli mövqe sərgiləyir, eyni zamanda son dövrlər Qərbə çox ciddi və intensiv səfərlər reallaşdırırlar: “Bu, həm siyasi, həm də hərbi səviyyədə inkişaf edir. Belə bir təəssürat formalaşır ki, Ermənistan artıq geosiyasi istiqamətdə Qərbə üstünlük verir. Xüsusilə vurğulamaq lazımdır ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın son bir il ərzində iki dəfə fransalı həmkarı ilə Parisdə görüşləri və Alen Simonyanın da Almaniyadan sonra Fransaya işgüzar səfəri parlament və müdafiə sahəsində erməni rəsmilərinin tutduğu yolu əks etdirir.
Bununla yanaşı, xarici işlər nazirləri səviyyəsində Azərbaycan və Ermənistan arasında ABŞ-da görüş keçiriləndən sonra Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın amerikalı yüksək vəzifəli şəxslərlə görüşləri Ermənistanın xeyrinə hansısa qərarlar qəbul olunması yönündə addımlardır. Lakin bu səfər reallaşandan sonra media müstəvisində ABŞ-ın tələbləri üzə çıxdı. 7 maddəlik tələblər əslində bütünlükdə Azərbaycanın mövqeyini əks etdirir. ABŞ fərqindədir ki, Ermənistan ikili oyun oynayır. ABŞ platformasında keçirilən danışıqlardan sonra müəyyən məlumatlar üzə çıxır, sızdırılır və bununla ermənilər Rusiyanın köməyinə ümid edirlər. Bu gün də məhz o 7 maddəlik məlumatların sızdırılması fonunda Ermənistan Rusiyanın dəstəyinə ümid edir.
Ümumilikdə ABŞ və Fransa səfərləri Ermənistanın bu ölkələrlə əlaqələrinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq müstəvidə uğurlarının üstündən bu ölkələrin vasitəsilə xətt çəkməyə xidmət edir. Paralel surətdə Ermənistan bununla həmin böyük dövlətlərə Rusiyadan guya qopmaq istədiyini göstərmək istəsə də, əslində Moskva ilə əlaqələri də gücləndirməyə can atır". VETENİM-AZERBAYCANDIR.AZ
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<