Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan Qarabağa öz tərkibində status verməlidir çağırışı - Uorlik Blinkenin sözünümü deyir?

Azərbaycan Qarabağa öz tərkibində status verməlidir çağırışı - Uorlik Blinkenin sözünümü deyir?
15-07-2023, 10:26 143 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Gorbagor olmuş Minsk Qrupunun keçmiş amerikalı həmsədri gorbagor olmuş statusdan niyə danışdı... - Bakıdan reaksiya

“Prezident İlham Əliyev Dağlıq Qarabağa Azərbaycanın tərkibində status verməli və bu, danışıqlarda mühüm məsələlərdən birinə çevrilməlidir”.
VETENİM-AZERBAYCANDIR.AZ məlumatına görə, bunu gorbagor olmuş ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Ceyms Uorlik Ermənistanın news.am saytına müsahibəsində “Ermənistan baş naziri Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, sülh müqaviləsi ilə bağlı növbəti addım nə ola bilər” sualına cavabında deyib.
Onun fikrincə, Azərbaycan hökuməti “Dağlıq Qarabağ”ın de-fakto hakimiyyəti ilə fövqəladə əhəmiyyət kəsb edən məsələləri müzakirə etməlidir. “Status məsələsində belə dialoq son dərəcə vacibdir”, - deyə o qeyd edib və vurğulayıb ki, söhbət Azərbaycan daxilində statusun verilməsindən gedir. İrəvan və Xankəndinin mövcud durumla barışmalı olduğunu söyləyən diplomatın sözlərinə görə, vaxt gələcək ki, ermənilər və azərbaycanlılar dinc və təhlükəsiz yanaşı yaşaya biləcəklər, lakin bunun üçün etimad quruculuğu tədbirləri görülməlidir.
“Azərbaycan hökuməti bu məsələ ilə bağlı xoş niyyətlə danışıqlar aparmalı və Dağlıq Qarabağ xalqının (?! - red.) Azərbaycanda özlərini təhlükəsiz, əmin-amanlıq içində və yaxşı yaşamasını təmin etmək üçün müəyyən alicənablıq nümayiş etdirməlidir”, - Uorlik söyləyib və qeyd edib ki, Türkiyə ilə sərhədlərin açılması Ermənistanın da xeyrinə olacaq.
Diplomat əmindir ki, Ermənistan-Azərbaycan münasibətləri yaxşılaşarsa, Ermənistan və Azərbaycan üçün yeni çiçəklənmə dövrü açılacaq: “Ona da əminəm ki, vaxt gələcək Türkiyə ilə sərhədi açmaq mümkün olacaq və bu, Ermənistana böyük fayda verəcək. Buna nail olmaq asan deyil, lakin məsələ gündəmdə olmalıdır. Kommunikasiyaların bərpası son dərəcə vacibdir və  Ermənistanın maraqlarına uyğundur, çünki bu, bir sıra məsələlərdə Rusiyadan asılılığı azaldacaq. Azərbaycan da bundan faydalanacaq. Vacibdir ki, irəliləyiş əldə olunarsa, Dağlıq Qarabağ məsələsinin qərəzsiz həlli onun mərkəzində olmalıdır ki, bu da regionun layiq olduğu bir çox başqa müsbət hadisələrə qapı açacaq”.
Məlumdur ki, C.Uorlik artıq rəsmi şəxs deyil, Dövlət Departamentinin (DD) işçisi də sayılmır. Bununla belə, onun “status”la bağlı söylədikləri, görəsən, nə dərəcədə DD-dəki ovqatı əks etdirir? Məsələ ondadır ki, bəzi iddialara görə, dövlət katibi E.Blinkenin moderatorluğu ilə Bakı və İrəvan arasında aparılan sülh danışıqlarında hansısa (mədəni) status da müzakirə olunur. Ehtimallara görə, Amerika tərəfi bununla Azərbaycanla Ermənistanın daha sürətli və zəmanətli sülh sənədi imzalamasına çıxaraq, yekun etibarilə Rusiyanı bölgədən çıxarmağa çalışır - hansı Rusiya ki, Bakıya “statusu” gələcəyə saxlamağı təklif edir.
Bu iddialarda həqiqət yükü varmı? Uorlik Blinkenin sözünümü deyir? Hansı statusdan söhbət gedə bilər, əgər Bakı Qarabağda yaşayan erməni icmasına konstitusiyamız çərçivəsində bütün hüquqları və təhlükəsizliyi vəd edibsə? Bu kifayət deyilmi?
Toğrul İsmayıl: “Qərbin Türkiyəyə seçki sürprizi edəcəyini düşünmürəm”
Toğrul İsmayıl
Ankara Universitetinin professoru Toğrul İsmayıl “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan onsuz da ermənilərə mədəni status verəcək: “Ona qalsa ABŞ Kaliforniyaya status versin, onlarda da belə tələblər var. Sadəcə, bizdən nəyisə tələb edəndə beynəlxalq hüquqa baxmaq lazımdır. 20-30 min erməniyə nə status verilə bilər? Yəni ərazi statusu ola bilməz. Əgər ermənilər 1-2 milyon olsaydı, Ermənistandan qovulan azərbaycanlılara status verməklə, onlara da Qarabağda status verilə bilərdi. İndi bir qəsəbənin əhalisinin sayı qədər erməni Qarabağda yaşayır, nə status veriləcək ki? Sadəcə, bu cür mövzuları hər dəfə dövriyyəyə buraxmaqla məsələnin bitməməsinə can atırlar. Azərbaycan ermənilərə hüquq və azadlıqlarına təhlükəsizlik zəmanəti verir, daha nə etməliyik?!”
Vətəndaş adi şikayət ərizəsi ilə məhkəməyə müraciət edə bilmirsə...”
Xəzər Teyyublu 
Hüquq müdafiəçisi Xəzər Teyyublu isə keçmiş həmsədrin danışmağa mənəvi haqqı olmadığını düşünür: “Uorlik, Kasprşik və digərləri 30 il səyahət etdilər, yedilər-içdilər, bir addım belə irəliləyiş olmadı. İndi bu adamların yenidən xortlaması və erməni mediasına çıxıb hansısa fikirlər səsləndirməsi bizə maraqlı deyil. Azərbaycan üçün Minsk Qrupu da, status da gorbagor olub. Ona görə irəli baxmalıyıq. Hazırda danışıqlar Avropa Birliyinin vasitəçiliyi ilə aparılır və görüşlərdə heç bir status müzakirəsi olmayıb. Əgər Brüssel platformasında status haqda danışıqlar olmursa, keçmiş həmsədrin sözlərinin hansı çəkisi ola bilər?
İkincisi, beynəlxalq hüquq 25-30 min erməniyə status tanımır. Əgər muxtariyyət verilməlidirsə, o zaman Qarabağın dağlıq bölgəsindən olan azərbaycanlı qaçqınlar da ora qayıtmalıdır. Ondan sonra referendum keçirilməlidir ki, muxtariyyət verilməsini neçə faiz dəstəkləyir. Təbii ki, o zaman Dağlıq Qarabağın azərbaycanlı əhalisi sayca çox olduğuna görə referendumun nəticələri ermənilərin istəklərinə uyğun olmayacaq. Yəni nəzəri olaraq desək ki, status məsələsinə baxılmalıdır, o zaman bu prosesi keçməliyik. O baxımdan heç bir ərazi statusu nəzərdə tutulmur. Yalnız ermənilərə status verilməsindən danışırıqsa, buna zərurət yoxdur, Blinken özü də Əliyevlə telefon söhbətində Azərbaycanın onların hüquq və azadlıqlarının təhlükəsizliyinə zəmanət verməsini təqdir edib. Yəni Vaşinqton və Brüssel bizim mövqeyimizi qəbul edir, Uorlikin erməni mətbuatında çıxışları mühüm deyil".
Emil SALAMOĞLU,

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI