Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Pakistan və Azərbaycan bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır

Pakistan və Azərbaycan bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır
23-06-2023, 12:35 396 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Bəşər tarixinin çox qədim ölkələrindən biri də Pakistan dövlətidir. Əsrlər boyu müxtəlif mədəniyyətlərin kəsişmə mərkəzində olan bu region islamaqədərki və İslam dövründəki sivilizasiyaları özündə birləşdirirdi. İslam dövründə isə çoxmədəniyyətliliyə söykənən yeni bir sistem meydana çıxmışdı.
Müasir Azərbaycan Respublikası ilə Pakistanı keçmişdən bu günə bağlayan tarixi-siyasi, mədəni-mənəvi və etnik köklərdir. Belə ki, Azərbaycan və Pakistan arasında öz bölgə və qlobal problemlərinin oxşarlığı ilə xarakterizə olunan münasibətlər mövcuddur. 
Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini Türkiyə və Rumıniyadan sonra 12 dekabr 1991-ci ildə tanıyan ölkədir. Bu ölkələr arasında diplomatik əməkdaşlıq 9 iyun 1992-ci ildən başlamışdır. 1993-cü il martın 12-də Pakistanın Azərbaycanda səfirliyi, 1997-ci ilin avqustunda isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi təsis edilmişdir. 9 aprel 1996-cı ildə Ulu öndər Heydər Əliyev Pakistana rəsmi səfərə getmiş, bu görüşdə 9 sənəd imzalanmışdı. Azərbaycan və Pakistan dövlət rəsmiləri keçmiş Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan etmişdilər. 
Pakistan dövləti Müstəqil Azərbaycanı hər zaman dəstəkləmiş, Qarabağın işğal edilməsini beynəlxalq səviyyədə pisləmiş, açıq formada Azərbaycanın geosiyasi və strateji maraqlarını müdafiə etmiş, Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmamış, onu bir dövlət kimi tanımamışdır. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.
İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda bir sıra mühüm məqamlara toxunuldu, önəmli açıqlamalar verildi.
Pakistanın ərazilərimizin işğal altında olduğu dövrdə hər zaman Azərbaycanı dəstəkləyib və Vətən müharibəsi zamanı da Azərbaycana güclü dəstək göstərdi.
Müharibə zamanı Pakistan rəsmi olaraq Azərbaycanın yanında oldu və diplomatik, siyasi və hərbi səviyyədə dəstək verdi. Bu dəstək, Azərbaycan xalqının ürəyində bir dostluq və minnətdarlıq hissi yaratdı və iki ölkə arasında daha da güclü bir əməkdaşlığın inkişafına zəmin yaratmış oldu.
Azərbaycan və Pakistan arasındakı münasibətlərin inkişafında, həm də qardaş ölkənin mövqeyinin rolu böyük olmuşdur. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkələrdən biridir. Pakistanın bu mövqeyi, Azərbaycan xalqı arasında güclü bir qarşılıqlı sevgi və hörmət hissi yaratmışdır.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərinə toxunaraq bildirdi ki, Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir. Enerji sahəsində böyük perspektivlər var. Şəhərlərimiz arasında uçuşların sayı artacaq.
Dövlətimizin başçısı qeyd etdi ki, təhsil sahəsində də əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.
Azərbaycan və Pakistan arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlığın genişlənməsi iki ölkənin hərbi potensialını gücləndirməklə bərabər müstəqilliyin və ərazi bütövlüyünün qarantı baxımından əhəmiyyətli bir məsələdir. Prezident İlham Əliyev bu mövzuya toxunaraq vurğuladı ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.
Dövlətimizin başçısı mətbuat önündə bəyan etdi ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif açıqlamasında bildirdi ki, əməkdaşlıq əlaqələrimizdə qarşılıqlı anlaşma hökm sürür, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə mövqelərimiz üst-üstə düşür.
İki ölkə arasındakı münasibətlər qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulduğunu vurğulayan Məhəmməd Şahbaz Şərif onu da bildirdi ki, Pakistan xalqı da Azərbaycan xalqını sevir.

Fidan Hüseynova ,
YAP Quba rayon təşkilatının sədri



VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI