Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Andranikin qənimi, Nuru paşanın silahdaşı - Xosrov bəyin Şuşa və Xankəndidə yazdığı dastan!

Andranikin qənimi, Nuru paşanın silahdaşı - Xosrov bəyin Şuşa və Xankəndidə yazdığı dastan!
3-04-2021, 11:14 734 dəfə baxılıb

Vetenim-Azerbqycandir.az

səbəb olan "Əfsanəvi azərbaycanlılar" layihəsində bu dəfə Azərbaycan Cümhuriyyətinin aparıcı simalarından biri Xosrov bəy Sultanov haqqında maraqlı faktları təqdim edir.

***
Xosrov bəy Sultanov 1879-cu il aprelin 10-da Zəngəzur mahalının Kürdhacı kəndində anadan olub. Gəncə gimnaziyasında oxuyub, sonra isə Novorossiysk Universitetinin tibb fakültəsini bitirib (1903).

***
Belə məlumatlar var ki, X.Sultanov tələbəlik illərində bir rusla duelə çıxaraq sol gözündən zədə alsa da, atəş açaraq rəqibini məğlub edib. Bu fakt onun hələ gənclik illərindən qorxmaz, cəsarətli bir insan olduğunu təsdiqləyir.

***
Zəngəzur və Qarabağda topladığı zəngin bitkilərdən hazırladığı dərmanlarla kəndlərə gedərək, xəstələri təmənnasız müalicə edən Xosrov bəy Şuşadakı evlərindən birini Şərq kitabxanası adlandırmış, quberniya işçilərinə Şərq xalqlarının tarix və mədəniyyətindən mühazirələr oxumuşdur.

***
Xosrov bəy Sultanov 1917-ci ildə "Müsavat" partiyasına daxil olmuş, Rusiya Müəssislər Məclisinə deputat seçilmişdir. Zaqafqaziya seyminin də üzvü olan qəhrəmanımız 1918-ci ildə "İttihad" partiyasına keçib. 1918-ci il mayın 28-də İstiqlal bəyannaməsini imzalayan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur.

***
Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən təsdiq olunan 1-ci hökumət kabinəsində hərbi nazir təyin edilən Azərbaycan Milli Şurasının və Hökumətinin yaranmasını, onların məqsəd və vəzifələrini izah etmək, regionda qayda-qanun və əmin-amanlıq yaratmaq məqsədilə Nəsib bəy Yusifbəyli və Şəfi bəy Rüstəmbəyli ilə birlikdə ilk nümayəndə heyətinin tərkibində Gəncəyə göndərilib.

***
Xosrov bəy 1918-ci il iyunun 17-də Gəncədə təşkil olunan 2-ci hökumət kabinəsində əkinçilik naziri təyin edilib.

***
Xosrov bəy 1918-20-ci illərdə Qarabağın və Zəngəzurun daşnak-erməni quldur dəstələrindən təmizlənməsində qardaşı Sultan bəylə birlikdə müstəsna xidmət göstərib. Azərbaycan Cümhuriyyəti hökuməti Ermənistanın daşnak hökumətinin 1918-ci ilin yayından başlayaraq Zəngəzur bölgəsində azərbaycanlılara qarşı dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı siyasətinin, Andronikin, Njdenin, Dronun quldur dəstələrinin Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında törətdiyi kütləvi soyqırımılarının, vəhşiliklərin, qarətlərin qarşısını almaq məqsədilə Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarını Gəncə quberniyasından ayırıb, Qarabağ general-qubernatorluğu yaratdı. Xosrov bəy Sultanov 1919-cu il fevralın 12-də həmin qubernatorluğun general-qubernatoru təyin olundu.

***
Azərbaycan hökumətinin öz tarixi torpaqlarında general-qubernatorluq yaratması və Xosrov bəy Sultanovun bu vəzifəyə təyin etməsi haqqında qərarını daşnaklar çox böyük narahatlıqla qarşıladılar. Ermənistan Xarici İşlər Nazirliyinin Rusiya hökumətinə, digər aparıcı dövlətlərə və beynəlxalq təşkilatlara çoxsaylı müraciətlərində, Azərbaycan hökumətinə etiraz notalarında, belə bir iddia irəli sürülürdü ki, guya bu bölgənin böyük bir hissəsi Ermənistan ərazisidir, Xosrov bəy isə ermənilərin düşmənidir.
***
Xosrov bəy Sultanov Şuşaya gələn kimi Qarabağda daşnak Andranik başda olmaqla erməni quldur dəstələrilə amansız mübarizəyə başladı, təhlükəli yerlərdə milli ordunun əsgərlərindən ibarət mühafizə dəstəsi yaratdı. Buna cavab olaraq erməni yaraqlıları Şuşada silahlı toqquşma törətsə də, bir gün sonra sülh əldə edildi, şəhərin dinc erməni əhalisi Xosrov bəyə üzrxahlıq məktubu yazaraq, erməni separatçılarının fitnəkarlığına görə onun şəxsində Şuşanın müsəlman camaatından üzr istədi.

***
1919-cu ildə keçirilən Novruz bayramında erməni daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəranı tutmuşdular. Amma Xosrov bəyin əsgərləri mayın 30-da daşnak generalı Dronun hərbi dəstələrini darmadağın edərək Xankəndi və Şuşanı düşməndən geri alıb. Digər əməliyyatda isə (1919-cu ilin iyununda) Şuşaya gizli yolla silah aparan erməni milli şurasının üzvləri həbs edilərək Qarabağ ərazisindən çıxarılıb.

***
1919-cu ilin yayında Azərbaycan hökumətinin qəti mövqeyi və məqsədyönlü siyasəti nəticəsində Qarabağda, Zəngəzurda və ermənilərin ərazi iddiası irəli sürdüyü digər yerlərdə Azərbaycanın suveren hüquqlarının bərpa edilməsində Xosrov bəy Sultanov böyük xidmət göstərdi.

***
Azərbaycanın böyük mütəfəkkiri Üzeyir Hacıbəyli Xosrov bəy Sultanovun Qarabağda oynadığı rolu belə qiymətləndirmişdir: “Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni camaatı tərəfindən dəxi möhtərəm sayılan Xosrov bəy Qarabağın hökuməti başında olmasa idi, burası – Azərbaycanın cənnəti hesab olunan bir yer çoxdan bəri cəhənnəmə dönüb, qətl və qital ocağı olmuşdu”.

***
Xosrov bəy 1920-ci ilin 28 aprel işğalından sonra həbs edilib. Həmin vaxt o, Şuşada imiş.

Tarixçi Nəsiman Yaqublu yazır ki, bolşeviklər X.Sultanovu ağır cəzaya məhkum etməyə hazırlaşırdılar. Odur ki 1920-ci il avqust ayının 9-da istintaq işi Ali Tribunalın məhkəməsinə göndərilib. Həbsdən hansı şəraitdə azad olunması haqqında sənədlərə əsaslanan faktlar yoxdur.

DTK-nın arxivində onunla bağlı saxlanılan PR-20584 saylı istintaq işində Az.Çekanın səlahiyyətli nümayəndəsi Səfikürdlü tərəfindən istintaqın yekun sənədlərinin Azərbaycan SSR Ali Tribunalına verildiyi qeyd olunur. Həbsdən qurtulmaq üçün ona Nəriman Nərimanov tərəfindən kömək göstərilməsi ehtimalları var.

***
X.Sultanov həbsdən azad olunduqda dərhal Azərbaycanı tərk edir.

Bir məlumatda isə həbsxanadan çıxdıqdan, yaxud təşkil edilib çıxarıldıqdan sonra Qarabağa getdiyi, 1920-ci ilin iyun ayında bu bölgədə sovet rejimi əleyhinə baş verən üsyana Nuru Paşa ilə birgə başçılıq etdiyi deyilir, lakin Qızıl Ordu hissələri üsyanı yatırdıqdan sonra Xosrov bəy, Nuru Paşa və Fərhad bəy (o da "İttihad"ın rəhbərlərindən idi) İrana keçmək məcburiyyətində qalıblar.

***
Xosrov bəy müxtəlif illərdə Türkiyədə, Almaniyada, Fransada, Polşada ağır mühacirət həyatı yaşayıb. Həmin ölkələrdən (xüsusən Türkiyədən) onun müəyyən vaxtlarda İrana keçdiyi və burada sovet rejiminə qarşı mücadilə əzmli əqidə dostları ilə görüşdüyü deyilir.

***
Xosrov bəy Türkiyədə olarkən sovet-alman müharibəsində əsir alınmış Azərbaycanlıların həbs düşərgələrindən azad olunmasına yaxından kömək göstərmiş, Fransada Azərbaycan xəstəxanası açmışdır.

***
X.Sultanov 1938-ci ildə Atatürkün dəfn mərasimində Azərbaycan adından ilk Cümhuriyyətimizin başqa bir tanınmış siması Şəfi bəy Rüstəmbəyli ilə birgə rəsmi nümayəndə olaraq iştirak etmişdir.

***
1943-cü il yanvarın 7-də Türkiyədə, İstanbul şəhərində vəfat edən Xosrov bəy buradakı Feriköy qəbiristanlığında dəfn olunub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI