Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Psixoloji problemi olanlar intihara adi hal kimi baxırlar- SOSİOLOQ ŞƏRH EDİR

Psixoloji problemi olanlar intihara adi hal kimi baxırlar- SOSİOLOQ ŞƏRH EDİR
31-03-2021, 21:53 521 dəfə baxılıb

Vetenim-Azerbaycandir.az
Bəzən  internetdə intihar hadisəsinin anbaan görüntüləri yayılır.  Bu, yaxşı hal deyil...
Çətinə düşdüyümüz məqamlarda təsəlli tapmaq və təskinlik vermək üçün çox zaman  bu ifadəni işlədirik “Həyatda ölümdən başqa hər şeyə çarə var”. Qəribədir, bəziləri üçün bu cümlə möhtəşəm motivasiya olduğu halda, digərləri üçün tam əksinə heç bir əhəmiyyət daşımır. Və cavabında, “eh, əşi, elə deyil, sənə elə gəlir, mənim problemim çox böyükdür, mümkünsüzdür" və s. bu  tipli  cavablar eşidirik. Bəziləri ölümü hər şeydən önə çəkirlər. Hamı üçün ölüm çarəsizlik halı olduğu halda, həmin şəxslər həyata, yaşamağa çarəsizlik  kimi baxıb, ölməyi seçirlər. Nəticə faciədir - bir-biri ilə sanki “rəqabət aparan" intihar xəbərlərini tez-tez eşidirik. Hər dəfə daha eşitmərik, bu son olar düşünsək, buna ümid etsək də  özünüqəsd halları bitmək bilmir ki, bilmir... Təəssüf doğuran məqamlar çoxdur, amma ən çox narahatlıq yaradan məqamlardan biri də bu həyatına qıyanların arasında gənclərin üstünlük təşkil etməsidir.
Təbii ki, bu, cəmiyyət üçün çox ciddi və narahatedici problemdir. Buna görə də məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. 
"İnkişaf və Rifah Naminə" İctimai Birliyinin sədri, sosioloq Zəminə Səfərova  “İki sahil”ə sözügedən mövzunun sosioloji tərəflərindən bəhs edərkən bildirib ki,  intihar halları təkcə Azərbaycanda deyil, dünyanın hər yerində baş verir. Əvvəllər bu haqda məlumatlar çox da yayımlanmırdı. Bəlkə də belə daha yaxşı idi. Lakin informasiya mənbələri, sosial şəbəkələr ildırım sürəti ilə belə faciələr haqqında xəbərlər yayır. Bəzən internet səhifələrində şəxsin necə intihar etməsinin anbaan görüntüləri yayılır. Zənnimcə, bu, yaxşı hal deyil. Bəzi zəif xarakterli, psixoloji problemi olan insanlar intihara adi hal kimi baxırlar. Yeniyetmələrin bəziləri intiharı sanki böyük bir qəhrəmanlıq kimi qəbul edirlər. Amma düşünmürlər ki, bu, problemlərdən çıxış yolu deyil. Həm dinimizdə günah sayılır,həm də arxalarınca xoşagəlməyən dedi-qodular deyilir. Günah öləndədir deyirlər və yəqin ki, nə isə qəbahəti var imiş deyə özünə qəsd edib deyərək onları qınayırlar. Özlərindən sonra valideynlərinin, bacı-qardaş, qohum-dostlarının necə pis vəziyyətdə qaldıqlarını düşünmürlər.
İntiharların çoxalmasının səbəblərindən biri də pandemiyadır
Həmsöhbətimiz intihara ”vadar edən” səbəblərdən söz açıb: “Ümumiyyətlə, hər bir faciənin kökündə ciddi səbəb olur. Əgər intihar varsa deməli, ciddi səbəblər var. İntiharın səbəbi depressiya, imkansızlıq, ata-ana münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular,ümidsizlik, şiddətə meyillilik və düşünmə  pozuntuları ola bilər. Heç bir intihar haqda qərar ani verilmir. İntihara qədər uzun yol olur. İntiharların sayının çoxalmasının səbəblərindən biri də bütün dünyada olduğu kimi, Azərbaycanda da pandemiyadır. Pandemiya bir çox problemlər yaradıb. Dünyada olduğu kimi, biz də distant təhsilə keçdik. Məktəblər və ali təhsil ocaqları açıq olanda şagirdlərdə, tələbələrdə məsuliyyət, nizam-intizam var idi. Valideynlər də rahat idi ki ,övladları təhsil ocağındadır. Amma son vaxtlar insanların yaxınları, doğmaları ilə ünsiyyəti getdikcə məhdudlaşıb, xüsusilə böyük şəhərlərdə. İnsanlar özünə qapanır, ailədə, yaxınlarında gedən proseslərdən, problemlərdən xəbər tuta bilmir. Hansısa problem onu narahat edir, çıxış yolu tapa bilmir və intihar edir. Belə şəxslər psixoloji məsləhətxanalara, psixoloqlara, psixiatrlara müraciət etməlidirlər Amma bizdə insanlar onlara müraciət etməyə maraqlı deyillər, ehtiyat edirlər.”
Bəzi valideynlərin laqeydliyi, hər şeyi ört-basdır etməsi, övladına düzgün tərbiyə verə bilməməsi…
Ekspert  intiharların daha çox gənclər arasında baş verməsinə də münasibət bildirib: “Son zamanlar bu intihar hadisələri daha çox gənclər arasında baş verir. Qız uşaqlarının  həyatında nə baş verirsə, mütləq bunu ana bilməlidir, ən azından hiss etməlidir. Təəssüflər olsun ki, bəzi valideynlərin laqeydliyi, hər şeyi ört-basdır etməsi, övladına düzgün tərbiyə verə bilməməsi, ona doğru yol göstərməməsi, onunla dil tapmaması nəticəsində də belə ağır hallar baş verir. Əgər valideyn qızının problemini, narahatlığını, davranışında olan dəyişikliyi hiss etmirsə, deməli, ya çox etinasızdır, ya da ona maraq göstərmir. Bəzən problemli gənclər kənarda dərdlərini açıb söyləmək istədikləri dost axtarırlar. Biz əmin ola bilərikmi ki, həmin dost ona doğru yol göstərəcək? Əlbəttə yox.  Görünür, bu gənclər çarəsiz qaldığını hiss edib asan yol hesab etdikləri intiharı seçirlər.
Övladlarınızı sevin, həm də onların sevgisini qazanın…
Sonda sosioloq valideynlərə mövcud problemlə bağlı çağırış da etdi: "Üzümü valideynlərə tutub demək istəyirəm ki, onlar övladlarını düzgün tərbiyə etməli, cəmiyyət üçünə sağlam övlad kimi böyütməli, onlarla sıx münasibətdə olmalı, dərdləşməli, cəmiyyət üçün lazımlı şəxsiyyət kimi yetişdirməlidirlər. Əgər siz övladınıza diqqət yetirmirsinizsə, qayğı göstərə bilmirsinizsə, dayə tutub körpə vaxtından atıb işlə-əyləncələrlə məşğul olursunuzsa onda o övladı niyə dünyaya gətirirsiniz? Əziz valideynlər, övladlarınıza sevgi və diqqət göstərin, aranızdakı münasibəti daha da yaxşılaşdırın, ailədə baş verənləri onlarla bölüşün, məsləhətləşin, belə etsəniz onlar da özlərini ailədə lazımlı bir şəxs kimi qəbul edəcəklər. Övladlarınızı sevin, həm də onların sevgisini qazanın.”

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI