Tovuzun Dondar Quşçu kəndində 47 gün itkin düşən, daha sonra isə kənddə meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın öldürülməsi ilə bağlı məhkəmə araşdırmaları davam edir.
"
Vətənim-Azərbaycandır.az" xəbər verir ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında N.Quliyevanın bacısı Ş.Quliyeva dindirilib.
14 yaşlı Ş.Quliyeva bildirib ki, bacısı itkin düşdüyü gün içərisində iki kişi olan tanımadığı maşın kənddə yolda saxlayıb və onu evə aparmağı təklif ediblər: “Tanımadığım üçün həmin şəxslərin maşınına minmədim. Həmin gün Nərmin dərsdən məndən tez gəlmişdi. Atam gödəkçəni əmimgilə aparmağımızı, əvəzində başqa gödəkçəni gətirməyimizi istədi. Günorta saat 2-3 arası olardı. Mənim dərslərim vardı deyə Nərminə dedim ki, o getsin. 1-2 saat keçdi, Nərmin qayıtmadı. Atam məni də onun arxasınca göndərdi. Əmimgilə getdim, dedilər ki, Nərmin 1 saat olar çıxıb. Qayıdanda yolda bir sarı taksi dayandı, içində iki nəfər vardı. Mənə dedilər ki, “otur, aparaq səni”. Tanımırdım deyə getmədim. Mən kənd adamlarının əksəriyyətini üzdən tanıyıram. Bir az sonra qonşumuz maşını saxladı, ailəsi də içində idi, onlarla getdim”.
Polis şöbəsində Ş.Quliyevaya şübhəli şəxs qismində 5 nəfər adam və maşınlar göstərilib. Azyaşlı onlardan heç birinin həmin gün gördüyü şəxslər olmadığını deyib: “İlkin Süleymanov atamın sinif yoldaşıdır. Nərmin və mən İlkini tanıyırdıq. Ailələri ilə münasibətlərimiz yaxşı olub. Bir neçə dəfə bizə kitablar da verib. İlkinin ailəsi tərəvəz satırdı, ona görə onlara gedirdik. İlkinin özü ilə salamlaşırdıq, qaraqabaq adam idi. Amma anası ilə münasibətlərimiz yaxşı idi”.
Onun sözlərinə görə, bacısı axırıncı dəfə evdən çıxıb əmisigilə gedəndə əynində yaşıl idman ayaqqabısı və qırmızı gödəkçə olub. Lakin o, istintaqa ifadəsində bildirib ki, bacısı əmisigilə getməmişdən az əvvəl məktəbdən gəlmişdi deyə, əynində də ağ köynək, qara ətək, ağ kalqotka vardı.
Məhkəmədən sonra jurnalistlərə açıqlama verən İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib ki, iş materiallarında qardaşının bu cinayətə aidiyyəti olmadığını sübut edən faktlar var: “Nərmin itkin düşən vaxt kəndə xüsusi it gətirmişdilər. Görünür, uşağın paltarının iyi əsasında onun izi ilə getmişdi. Uşağın olduğu evlərə - əmisigilə girmişdi, oradan çıxıb, onun getdiyi istiqamət üzrə getmişdi. Bir qədər sonra iz itmişdi. O iti bizim evin yanından da aparıblar. Lakin bizim evə girməyib. Bunu atası Şərif Quliyev dindiriləndə də dedi. Əgər uşaq bizim evdə olsaydı, mütləq girərdi...”
Məhkəmə prosesi noyabrın 17-nə qədər təxirə salınıb.
Qeyd edək ki, ittihama görə, 1973-cü il təvəllüdlü İlkin Süleymanov sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. İlkin Süleymanov özü isə azyaşlının ölümünə aidiyyəti olmadığını, 4 gün Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını deyir.